Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-846/2025 30.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli “1419-GL/17” nömrəlimüqavilə üzrə 405 manat qalıq borc, o cümlədən 405 manat gecikdirilmiş borc, 698 manat 04 qəpik cərimə borcu olmaqla, cəmi 1 103 manat 04 qəpik, 13 dekabr 2016-cı il tarixli “2580-GL/16” nömrəli müqavilə üzrə 4 635 manat qalıq borc, o cümlədən 4 635 manat gecikdirilmiş borc, 6 489 cərimə borcu olmaqla, cəmi 11 124 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli “1419-GL/17” nömrəli və 13 dekabr 2016-cı il tarixli “2580-GL/16” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 31 iyul 2017ci il tarixli, “1419-GL/17” nömrəli müqavilə üzrə 405 manat qalıq borc, o cümlədən 405 manat gecikdirilmiş borc, 698 manat 04 qəpik cərimə borcu olmaqla, cəmi 1 103 manat 04 qəpik, 13 dekabr 2016-cı il tarixli,“2580-GL/16” nömrəli müqavilə üzrə 4 635 manat qalıq borc, o cümlədən 4 635 manat gecikdirilmiş borc, 6 489 cərimə borcu olmaqla, cəmi 11 124 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianı müdafiə etdiklərini bildirmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 11700 manat olan və Əlavə № 1-də göstərilən (traktor Belarus-892-1 ədəd, kotan 4 gövdəli AG-14-4-1 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2017ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 3457 manat olan və Əlavə № 1-də göstərilən (otbiçən rotorlu 165 sm Karataş-1 ədəd, kartofçıxaran 2 cərgəli Karataş-1 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qrafiklərindən (Əlavə №2) görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə ümumilikdə ödəməli olduğu əsas borc məbləği 11700 manat, xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqavilə üzrə ümumilikdə ödəməli olduğu əsas borc məbləği 3457 manat müəyyən edilmişdir. İş materiallarında olan texnikaların təhvili barədə xx.xx.2013-cü il tarixli, xx.xx.2017ci il tarixli və xx.xx.2017-ci il tarixli və aktlardan görünür ki, texnikalar (otbiçən rotorlu 165 sm Karataş-1 ədəd, kartofçıxaran 2 cərgəli Karataş-1 ədəd, traktor Belarus-892-1 ədəd, kotan 4 gövdəli AG-14-4-1 ədəd) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materillarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 4635 manat əsas borc, 6489 manat cərimə olmaqla, cəmi 11124 manat məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-640/2020 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 5150 manat qalıq bordan çıxılaraq nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 405 manat əsas borc, 698 manat 04 qəpik cərimə olmaqla, cəmi 1103 manat 04 qəpik məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-640/2020 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 3052 manat qalıq bordan çıxılaraq nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-640/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 9602 manat əsas borc, 700 manat 81 qəpik cərimə və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qrafiklərindən də görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-640/2020 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin 7065 manat əsas borcu ümumi borc məbləği olan 11700 manatdan çıxıldıqdan sonra cavabdehin əsas borc məbləği 4635 manat, xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin 3052 manat əsas borcu ümumi borc məbləği olan 3457 manatdan çıxıldıqdan sonra 405 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektlərini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Həmçinin, hazırkı iddia tələbi üzrə olan borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-640/2020 saylı qətnaməsi ilə təmin edilmiş sonrakı dövr üçün mövcud olan borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 405 manat əsas borc, 20 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 4635 manat əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 5260 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 20 manat, xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 72 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1419-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 405 manat əsas borc, 20 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli 2580-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 4635 manat əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 5260 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 72 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-846/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-846/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver