Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-847/2025 16.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli AKZNG00-000527 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh tərəfindən lizinq obyekti olan avtomobilə vurduğu maddi zərərə görə 6210 manatın, faiz borcu olaraq 670,80 manatın, dəbbə borcu olaraq 653,64 manatın, müstəqil ekspert rəyinin verilməsi üçün ödənilmiş 124 manat rüsumun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97 manat dövlət rüsumunun, cəmi 7756 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AKNZG00-000527 saylı 6200 manat məbləğində daxili lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti 20AB224 dövlət qeydiyyat nömrə nişanlı, tünd albalı metallik rəngli, 2012-ci il istehsalı “VAZ” markalı “21144” model minik avtomobili olmuşdur. Cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtləri pozulmuş, cavabdeh lizinq ödənişlərini həyata keçirməmiş, lizinq obyekti olan avtomobili sökərək ehtiyyat hissələrini talamış, avtomobilə əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Müstəqil ekspert rəyinə əsasən avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləği 6210 manat təşkil etmişdir. Cavabdehdən lizinq obyekti olan avtomobil təhvil alınan zaman cavabdeh avtomobilə vurduğu maddi zərəri təhvil-təslim aktını imzalamaqla təsdiq etmişdir. Lizinq müqaviləsi üzrə ödənişləri etmədiyindən cavabdehin təşkilata 670,80 manat faiz borcu, 653,64 manat dəbbə borcu olmaqla ümumilikdə 1324,44 manat borcu yaranmışdır. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AKZNG00-000527 saylı daxili lizinq müqaviləsinə əsasən yaranmış 455,45 manat faiz borcunun, 653,54 manat dəbbə borcunun, lizinq predmeti olan avtomobilə vurduğu zərər olaraq 6210 manatın, ekspert rəyinin verilməsi üçün ödənilmiş rüsum olaraq 124 manatın, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97 manatın, cəmi 7539,99 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-847/2025 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan hüquqi şəxsdir. Cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Lakin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Belə ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, lizinq obyekti olaraq nəqliyyat vasitəsi lizinq alanın sahiblik və istifadəsinə verilmişdir. Münasibət lizinq verənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaransa da lizinq alanın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, şəxsi məqsədləri üçün nəqliyyat vasitəsini lizinqə götürməsi ilə bağlı yaranmışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(030)-486/2025 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respuiblikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respuiblikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(102)- 2641/2025 saylı qərarı ilə iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Gəncə Kommersiya Məhkəməsi göndərilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün eyniləşdirmə nişanına malik olsa da, mübahisənin cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işi mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərən məhkəmə tərəfindən tam və hərtərəfli aydınlaşdırılmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, emehkeme.gov.az portalı vasitəsi ilə verilən elektron iddia ərizəsində cavabdehin vöen-ni portala daxil edilərkən “hüquqi şəxs tapılmadı” xətası baş verdiyi üçün elektron portalda cavabdehi fiziki şəxs kimi göstərərək iddia ərizəsini elektron qaydada vermək məcburiyyətində qalmışlar. Buna görə texniki səhvin nəzərə alınması və cavabdehin hüquqi şəxs, mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi xahiş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, lizinq alan kimi X2 qeyd edilmiş və ona aid olan eyniləşdirmə nömrəsi qeyd edilmişdir. Belə olan vəziyyətdə məhkəmə ilkin olaraq iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatı aydınlaşdırmalı, tələbə cavab verən şəxsin hüquqi və ya fiziki şəxs olması müəyyən edilməli idi. X3 Məhkəməsi tələbə cavab verən şəxsin hüquqi və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasını aydınlaşdırılmadan saxlanmışdır. Digər tərəfdən müqavilənin 6.1-ci bəndində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirir. Bu zaman etibarnamələr yalnız lizinq alanın işçisinə verilə bilər. Etibar edilən şəxslərin siyahısının dəyişməsinə lizinq verənin razılığı ilə icazə verilir. Müqavilənin istinad olunan şərti onun tərəflərinin qarşılıqlı razılığı ilə müqaviləyə daxil edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisəyə baxılarkən subyektiv tərkibin müəyyən edilməsi zəruri olan haldır. Bu halda cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxs deyildirsə, bu şərtin müqaviləyə daxil edilməsi məqsədinin aydınlaşdırılması təmin edilməli idi. Gəncə Kommersiya Məhkəməsi iddianı aidiyyəti üzrə göndərərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan hüquqi şəxsdir. Cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Lakin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Belə ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, lizinq obyekti olaraq nəqliyyat vasitəsi lizinq alanın sahiblik və istifadəsinə verilmişdir.Münasibət lizinq verənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaransa da lizinq alanın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, şəxsi məqsədləri üçün nəqliyyat vasitəsini lizinqə götürməsi ilə bağlı yaranmışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Mübahisəyə kommersiya məhkəməsində baxılmalı olmaması nəticəsinə gələn məhkəmə bu mövqeyinin yalnız cavabdehin izahatında göstərilən dəlillərlə əsaslandırmışdır. Halbuki, cavabdehin dəlillərinin (hərbçi olması, mübahisə yaranan zaman xidmətdə olması, hərbi xidmət keçən şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının istisna olması) işdə olan hər hansı sübutla dəstəklənmədiyi nəzərə alınmamışdır. Hazırki halda məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinin gəldiyi nəticə sadalanan prosessual normaların tələblərinə, habelə Ali Məhkəmənin Plenum Qərarında ifadə olunmuş hüquqi mövqeyə cavab vermir və məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına əsas olmuş hazırki hallarla bağlı əlavə araşdırmanın aparılmasına zərurət vardır. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, Azərbaycan Respuiblikası Ali Məhkəməsinin qərarında göstərdiyi xüsusatları birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 15 aprel 2024-cü il tarixli AKZNG00-000527 saylı daxili lizinq müqaviləsin 6.1-ci bəndinin nəyə görə müqaviləyə daxil edildiyini deyə bilmir. Həmin bənd şablon olaraq əvvəlki bütün müqavilələrə salınmışdır. Bəzən başqa işlərdə elə hal olmuşdur ki, etibarnamə lizinq alanın işçisinə verilmişdir. Hazırkı işdə nəqliyyat vasitəsinin istifadəsi üçün cavabdehə etibarnamə verilmişdir. Nəqliyyat vasitəsini cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsini etibarnamələr təsdiq edə bilər. Etibarnamələr hər ay üzrə həm cavabdehin adına, həm də cavabdehin atasının adına verilmişdir. Hazırkı işdə cavabdehin atası onu işçisi deyildir. Ancaq iddiaçı təşkilat vergi qeydiyyatından keçməmiş şəxslərlə müqavilə bağlamır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, lizinq müqaviləsi bağlayaraq nəqliyyat vasitəsini istifadəyə götürmüşdür. O nəqliyyat vasitəsini alandan sonra hərbidə işə başlamışdır. Nəqliyyat vasitəsini işə girməmişdən əvvəl, şəxsi məqsədləri üçün gündəlik istifadə etməsi ilə bağlı götürmüşdür. Nəqliyyat vasitəsini aldıqdan sonra kursa getmiş, daha sonra isə hərbidə işə başlamışdır, səkkiz aydan sonra işdən çıxmışdır. Nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əldə etməmişdir. Vergi orqanından bərbərlik fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmişdir. İşin adiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli AKZNG00-000527 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və müavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə etməyi, lizinq obyektinin ümumi məbləği 6200 manat olmaqla 24 ay müddətinə muzdla lizinq alanın sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan VAZ 21144 minik markalı nəqliyyat vasitəsi lizinq alana təhvil verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Daşkəsən rayonu, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi ev 21, mənzil 30-dur. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxs (Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs-fərdi sahibkar) kimi vergi uçotuna alınmışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh hər hansı hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hərbi hissədə atıcı vəzifəsində işləmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli etibarnamələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlanmış 15 aprel 2024-cü il tarixli AKZNG00-000527 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh və X1 nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün səlahiyyət verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan hüquqi şəxsdir. Cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə məlumatla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxs (Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs-fərdi sahibkar) kimi vergi uçotuna alınmışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh hər hansı hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 5 aprel 2024-cü il tarixli AKZNG00- 000527 saylı daxili lizinq müqaviləsin 6.1-ci bəndində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirir. Bu zaman etibarnamələr yalnız lizinq alanın işçisinə verilə bilər. Etibar edilən şəxslərin siyahısının dəyişməsinə lizinq verənin razılığı ilə icazə verilir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi həmin bəndin hansı səbəbdən hazırkı müqaviləyə daxil edildiyinə cavab verə bilməmişdir. Həmin bəndin şablon olaraq əvvəlki bütün müqavilələrə salındığını qeyd etmişdir. Məhkəmə həmin məsələ ilə bağlı araşdırma aparmış, müəyyən etmişdir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq alanın özünə və lizinq alanın atasının adına nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün səlahiyyət verilmişdir. Lizinq alanın atası onun işçisi deyildir. Bundan başqa cavabdeh izahatında bildirmişdir ki, lizinq müqaviləsi bağlayaraq nəqliyyat vasitəsini istifadəyə götürmüşdür. O nəqliyyat vasitəsini alandan sonra hərbidə işə başlamışdır. Nəqliyyat vasitəsini işə girməmişdən əvvəl, şəxsi məqsədləri üçün gündəlik istifadə etməsi ilə bağlı götürmüşdür. Nəqliyyat vasitəsini aldıqdan sonra kursa getmiş, daha sonra isə hərbidə işə başlamışdır, səkkiz aydan sonra işdən çıxmışdır. Nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əldə etməmişdir. İş materiallarında Cavabdeh məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, o xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hərbi hissədə atıcı vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə kommersiya məhkəməsinə müraciət etsə də mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı yarandığını, nəqliyyat vasitəsini lizinq alana məhz onun sahibkarlıq fəaliyyəti göstərməsi ilə bağlı verdiyini sübut edə bilməmişdir. Cavabdeh isə dəfələrlə nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əldə etmədiyini bildirmişdir. Belə olan halda mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Ona görə də hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-847/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-847/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver