Məhkəmə qərarları › İş №e-2-2(115)-85/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-85/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-85/2023 23.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1178- GL/15 nömrəli müqavilə üzrə yaranmış 8747,60 manat gecikdirilmiş borcunun və hesablanmış 15159,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 24406,88 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə yaranmış 8 747,60 manat gecikdirilmiş borcu və hesablanmış 15159,28 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki mərhələdə iddia tələbinə dair sübutlar-müqavilə, təhvil-təslim aktı, maliyyə arayışı, ödəniş tapşırığı və digər sənədlər məhkəməyə elektron qaydada təqdim edilmişdir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, o, "xxxx" ASC ilə 2010-cu il tarixdə müqavilələr bağlamış, 1 ədəd kotan və 1 ədəd traktor almışdır. Bu avandalıqların ümumi dəyəri 29550 manat hesablanmışdır. Bundan başqa o taxılsəpən də almış, lakin onun pulunu ödəyib qurtarmışdır. Ümumilikdə onun üç texnikaya görə hər 35100 manat ödəyəcəyi məbləğ olmuşdur. Belə ki, traktoru 27300 manata, kotanı 2250 manata, taxılsəpəni isə 5550 manata almışdır. Həmin texnikalara görə ilkin ödənişlər həyata keçirmiş, sonradan isə hissə-hissə ödənişlər etmişdir. 2015-ci ildə "xxxx" ASC onu məhkəməyə vermiş, Goranboy Rayon Məhkəməsində hazırkı mübahisəyə 2015-ci ildə baxılmış və ondan 10307 manat 60 qəpik məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Goranboy rayon İcra və probasiya şöbəsinin icraatındadır və maddi imkanı çatdığı qədər öğdənişlər edir. Sonradan "xxxx" ASC müqavilələri yenidən bağlamış, ona dövlət tərəfindən edilmiş güzəşt tətbiq edilmiş, 11820 manat borcundan silinmiş, qalan borcun isə hissə-hissə ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. Onun cəmi aldığı iki texnikaya görə, yəni 1 ədəd kotan və 1 ədəd traktora görə olan 29550 manat borcdan 11820 manat güzəşt edilmiş, qalan məbləği ödəmiş və onu 8747,60 manat borcu qalmışdır. Həmin məbləğdən başqa onun heç bir borcu yoxdur. Həmin borc məbləğini isə icra məmuruna hissə-hissə ödəyir. Hazırkı halda isə onun cəmi 8549 manat 60 qəpik borcu vardır. Hazırkı iddia ərizəsində də eyni məbləğ ondan tələb edilir. Həm icrada olan qətnamə üzrə borc, həm də indi iddia ərizəsindəki borc eyni məbləğdir. Hazırkı iddia təmin edildiyi təqdirdə ondan müqavilədə nəzərdə tutulduğundan artıq, yəni iki qat pul tələb edilir. Ona görə də məhkəmədən hazırkı borc üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını, borcunu hissə-hissə icra mərhələsində ödədiyini nəzərə alaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ASC ümumi məbləği 9527,60 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, X4 ödənişləri xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus-892-nin ilkin qiyməti 27300 manat, ödənilmiş məbləğ 7152,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9227,60 qəpik, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün ilkin qiyməti 2250 manat, ödənilmiş məbləğ 1050 manat, güzəştdən sonrakı qalıq məbləğ 300 manat. Hər iki teknika üçün ümumilikdə ilkin qiymət 29550 manat, ödənilmiş məbləğ 8202,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9527,60 manat qeyd edilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə 01 mart 2011-ci il 2745 nömrəli aktın surətindən görünür ki, qiyməti 27300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktor və qiyməti 2250 manat olan 1 ədəd KR-14 markalı kotan "xxxx" ASC tərəfindən X3 təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 29550 manat olan ödəmə müddəti 9 il müəyyən edilmiş 1 ədəd qiyməti 27300 manat olan MTZ-89.2 markalı traktor və ödəmə müddəti 4 il müəyyən edilmiş 1 ədəd qiyməti 2250 manat olan KR-14 markalı kotanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 sentyabr 2010-cu il tarixli 415-L nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 5550 manat olan ödəmə müddəti 4 il müəyyən edilmiş 1 ədəd qiyməti 5550 manat olan AGSD-24 markalı taxıl səpənin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərindən 1110 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13 iyul 2015-ci il tarixli 3047/ü nömrəli əmrdən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 28 fevral 2011-ci il tarixli 202-L/11 və 248ü/xx.xx.2011 nömrəli müqavilələrə xitam verilməsi, əmrlərin qüvvədən düşmüş hesab edilməsi qərara alınmış, əvvəlki 202-L/11 saylı müqaviləyə əsasən traktor Belarus-892-nin güzəşt məbləği 10920 manat, qalıq məbləği 9227,60 manat, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün güzəşt məbləği 900 manat, qalıq məbləği 300 manat, hər ikisi bir yerdə güzəşt məbləği 11820 manat, qalıq məbləği 9527,60 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 4466 manat 45 qəpik məbləğində cərimə silinməklə 10277 manat 60 qəpik əsas borc və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pulun cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010cu il tarixli və 202-L nömrəli 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. İş materiallarında olan Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 115961/2021 nömrəli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-539/2015 nömrəli icra sənədi xx.xx.2021-ci il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, borclu hissə-hissə borcundan ödənişlər etmiş və etməkdədir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdə Əsgəran rayonu Xanabad kəndində anadan olmuş, qeydiyyat yeri Ağdam rayonu Mərzili kəndi olmaqla məcmuri köçkündür. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, X4 29 mart 2015-ci il tarixdə 950 manat, 13 iyul 2015-ci il tarixdə 780 manat, 10 dekabr 2012-ci il tarixdə 2217 manat 40 qəpik, 09 dekabr 2013-cü il tarixdə 600 manat, 28 fevral 2011-ci il tarixdə 2960 manat, 28 fevral 2011-ci il tarixdə 210 manat, 12 mart 2012-ci il tarixdə 801 manat, 26 noyabr 2014-cü il tarixdə 400 manat, 21 noyabr 2013-cü il tarixdə 500 manat, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, həmin tarixdə 7804 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 sentyabr 2010-cu il tarixli 415-L nömrəli müqaviləyə əsasən ilkin qiyməti 5550 manat olan AGSD-24 markalı taxıl səpən, 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli müqaviləyə əsasən ümumi məbləği 29550 manat, 1 ədədin qiyməti 27300 manat olan MTZ-89.2 markalı traktor və 1 ədədin qiyməti 2250 manat olan KR-14 markalı kotanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi nəzərdə tutulmuş və tərəflərin imzaladığı 01 mart 2011-ci il 2745 nömrəli aktla əsasən hər iki teknika lizinq alana təhvil verilmişdir. Həmçinin "xxxx" ASC Goranboy Rayon Məhkəməsinə yuxarıda qeyd edilən müqavilələrin ləğv edilməsi, lizinq obyektlərinin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 4466 manat 45 qəpik məbləğində cərimə silinməklə 10277 manat 60 qəpik əsas borc (hər iki lizinq müqaviləsinə münasibətdə) və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010cu il tarixli və 202-L nömrəli 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, borclu hissə-hissə borcundan ödənişlər etmiş və etməkdə davam edir. Bundan başqa "xxxx" ASC xx.xx.2015-ci il tarixdə onunla X4 arasında bağlanmış 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli müqaviləyə xitam vermiş və 248ü/xx.xx.2011 nömrəli əmri qüvvədən düşmüş hesab etmiş, əvvəlki 202-L/11 saylı müqaviləyə əsasən traktor Belarus-892-nin və 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün ümumilikdə güzəşt məbləğini 11820 manat, qalıq məbləğini 9527,60 manat müəyyən etmişdir. Hələ mübahisəyə Goranboy Rayon Məhkəməsində baxıldığı vaxt, yekun məhkəmə aktı çıxarılmamış, 25 may 2015-ci il tarixdə 1 ədəd traktor Belarus-892-nin və 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün (həmin texnikalar X3 xx.xx.2011-ci il tarixdə təhvil verilmişdir) ilkin qiyməti 29550 manat, ödənilmiş məbləğ 8202,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9527,60 manat müəyyən edilməklə X4 ilə yeni müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən 9527,60 manat qalıq məbləğin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissəhissə ödənilməsi ilə bağlı lizinq alan üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi "xxxx" ASC ilə X4 arasında bağlanan 202-L/11 nömrəli müqaviləyə əsasən 01 mart 2011-ci il tarixdə lizinq alana 1 ədəd traktor, 1 ədəd kotan verilmiş, hər iki texnikanın birlikdə ilkin qiyməti 29550 manat müəyyən edilmişdir. Həmin müqavilə eyni vaxta həm məhkəmə qaydasında ləvğ edilmiş, həm də lizinq verən tərəfindən xitam verilmişdir. Hələ mübahisə üzrə Goranboy Rayon Məhkəməsində işə baxılarkən 25 may 2015-ci il tarixdə bağlanan müqaviləyə əsasən lizinq alana verilmiş həmin texnikaların ilkin qiyməti (əvvəlki qiymət) 29550 manat müəyyən edilmiş, həmin texnikalara 11820 manat güzəşt tətbiq edilmiş, lizinq alan tərəfindən həmin vaxtadək 8202,40 manat ödəniş edildiyi və qalıq məbləğin 9527,60 manat olması göstərilmişdir. Məhkəmə hesab edir ki, hər iki texnikaya görə müəyyən edilmiş qalıq məbləğ olan 9527,60 manatın X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi ilə bağlı qanuni qüvvəsini alan məhkəmə qətnaməsi vardır(qətnamədə iki müqavilə üzrə üç lizinq obyektinə görə ümumlikdə 10277 manat 60 qəpik pul vəsaitinin tutulması qət edilmişdir), həmin qətnamə icraya yönəldilmiş və borclu tərəfindən hissə-hissə ödənişlər edilməkdədir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi nəzərə alınmaqla hazırkı iddia ərizəsinin təmin edilərək cavabdehdən 8747,60 manat əsas borc məbləğinin tutulub iddiaçıya ödənilməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki lizinqə verilmiş iki eyni texnika üçün həm qətnamə ilə ödənilən məbləği, həm hazırkı iddia ilə tələb edilən məbləği, 2015-ci il tarxidə yenidən müqavilə bağlanılarkən ödənilən məbləği, güzəşt məbləğini ümumlikdə götürdükdə texnikalar üçün müəyyən edilmiş ilkin qiymətdən, yəni 29550 manatdan daha artıq olur ki, belə bir məbləğdə də lizinq alan hər hansı bir müqavilə bağlamamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin iddia tələbi təmin edilmədiyindən mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar