Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-860/2021 23.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5508 manat 86 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və cavabdeh arasında bağlanmış 22.01.2018-ci il tarixli 20 saylı müqaviləyə əsasən cavabdeh (Oruclu kəndi ərazisində yerləşən) 40 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı”dan, 27699 manat 86 qəpik məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 33 ha sahədə 990 manat dəyərində şum, 560 manat dəyərində mala, 748 manat dəyərində diskli mala, 1392 manat dəyərində kultivasiya, 1420 manat dəyərində zəhər çiləmə(dərmanlama), 6656 manat dəyərində siyid, 792 manat dəyərində çiyid səpini, 1856 manat dəyərində zəhərli kimyəvi maddələr (İnbox super, Rhapsady, Lodbrok), 12 ha sahədən 1200 manat dəyərində maşınla 1-ci üz pambıq yığımı, 18 ha sahədən 1080 manat dəyərində maşınla 2-ci üz pambıq yığımı, 8900 manat dəyərində əvvəlcədən avans becərmə, icarə, su pulu, 2105 manat 86 qəpik məbləğində yığım pulu, cəmi 27699 manat 86 qəpik məbləğində vəsait xərclənmişdir. Lakin “cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 22191 manat məbləğində 34176 kq. xam-pambıq təhvil vermiş, bununla da “iddiaçı”ya 5508 manat 86 qəpik məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxaric orderləri, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilir. Hal-hazırda İmişli rayonu, Oruclu kəndində müvəqqəti məskunlaşıb (tel:***-***-**-**). Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" MMC ilə bağlanmış 22.01.2018-ci il tarixli müqaviləyə əsasən 40 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası olaraq cəmiyyət ona cəmi 27699 manat 86 qəpik məbləğində iş və xidmət göstərmiş, həmçinin avans ödəmişdir. İddiaçıya 22191 manat məbləğində pambıq vermiş və 5508 manat 86 qəpik məbləğində borcu qalmışdır. İddiaçıya ona görə borcu qalmışdır ki, ona lazımi kübrələr verilmədiyinə görə məhsuldarlığı az olmuşdur. Birinci dəfə 6656 manatlıq, daha sonra 11005 manatlıq toxum verilmişdir. Birinci dəfə toxum dərin əkilmiş, daha sonra təkrar əkin aparılmışdır. O, iddiaçıdan alınmış vəsaiti başqa yerə xərcləməmiş, başqa yerə pambıq satmamış, sadəcə olaraq məhsuldarlıq az olduğu üçün borcu yaranmışdır. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 22.01.2018-ci il tarixli 20 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh istehsalçı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan İmişli rayonu, Oruclu kəndində yerləşən 40 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X3” MMC-yə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X3” MMC tərəfindən Cavabdeh cəmi 27699 manat 86 qəpik məbləğində avans verilmiş, həmçinin iş və xidmətlər göstərilmişdir. Cavabdehin verdiyi xam pambığın 22191 manat məbləğində dəyəri nəzərə alınmaqla qalıq borcu 5508 manat 86 qəpik təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı digər məhdud məsuliyyətli cəmiyyətlərinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans olaraq 27699 manat 86 qəpik məbləğində iş və xidmətlər almış, lakin öhdəliklərini icra etməyərək, aldığı borcu tam qaytarmamışdır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5508 manat 86 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5508 manat 86 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-860/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-860/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver