Məhkəmə qərarları › İş №e-2-2(115)-871/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-871/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-871/2024 26.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 679,02 manat faizdən, 828 manat dəbbə borcu, avtomobilə vurduğu zərərə görə 8366 manat, ekspert rəyinin alınması rüsumu üzrə 167 manat, 1000 manat cərimə borcu, DYP tərəfindən lizinq obyekti olan avtomobil cavabdeh tərəfindən idarə edilən zaman tərtib edilmiş protokollara əsasən 5488 manat olmaqla cəmi 16361 manat pulun, ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 aprel 2023-cü il tarixli AFLZ01-000015 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alana lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 6000 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti sedan tipli, gümüşü metallik rəngli ** AC *** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz” markalı E220CDİ model minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Yoxlamalar nəticəsində cavabdehin lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərər və ödənilməli olan cari ödənişlərin edilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. İddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 679,02 manat faiz borcu, 828 manat dəbbə borcu, avtomobilə vurduğu zərərə görə 8366 manat, ekspert rəyinin alınması 167 manat rüsum, lizinq müqaviləsinin 12.9 bəndinə əsasən 1000 manat cərimə, DYP tərəfindən avtomobil cavabdeh tərəfindən idarə edilən zaman tərtib edilmiş protokollara əsasən 5488 manat cərimə olmaqla, cəmi 16361 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddia ərizəsində qeyd edilən məbləğlər avtomobil onlara təhvil verilənə kimi hesablanan məbləğlərdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollara görə hesablanmış cərimələr onların tərəfindən ödənilməmişdir, onlar həmin cərimələrin cavabdeh tərəfindən ödənilməsini istəyir. Həmin cərimələrə görə avtomobilə istifadə hüququnu heç kəsə verə bilmirlər. Cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə olan cərimələrini ödəyərsə, ona etibarnamə verərək avtomobili ona təhvil verə bilərlər. Avtomobili geri təhvil alanda ancaq rənglənmə işləri görülmüşdü, lakin avtomobil yararsız vəziyyətdə olmuşdur. Avtomobilin bütün hissələri sökülmüşdür. Ekspert avtomobilin hazırki vəziyyətinə uyğun dəymiş zərəri hesablamışdır. Cavabdeh tərəf onlarla razılıq əldə etmək üçün hər hansı addım atmamışdır, cərimələr ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə müqaviləni özü bağlamış, öz avtomobilini iddiaçıya verib 6000 manat onlardan pul almışdır. Həmin puldan xərclər çıxıldıqdan sonra təxmini olaraq 5000 manat ona pul verilmişdir. O, iddiaçıya 8 ay hər ay 394 manat olmaqla ödəniş etmişdir. Avtomobil ilə qəza törətmişdir. Avtomobilin icbari sığortası olmuş, günah onda olduğu üçün sığorta ona heç bir pul verməmişdir. O cümlədən qarşı tərəfin maşınını da o düzəltdirmişdir. O, idarə etdiyi avtomobili ustaya vermiş, avtomobili demək olar ki, tamamilə düzəltdirmişdir. Avtombilin təmirinə 3000 manatdan çox pulu getmişdir. Avtombil demək olar ki, tam düzəlmiş, detalları da almışdır, lakin həmin detallar avtomobilə quraşdırlmamışdır. Avtombili ustanın yanından onun xəbəri olmadan aparılmışdır. Aldığı detallar ustanın yanında qalmışdır. İddiaçı avtomobili aparmasaydı onu tam təmir etdirəcəkdi. Onun sənədlərində səhvlik olduğu üçün bu qədər cərimə yazılmışdır, bu barədə Baş Dövlət Yol Polis İdarəsinə məlumat vermişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hesablanan cərimənin iddiaçı tərəfindən ödənilibödənilmədiyini bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan texniki pasportdan görünür ki, ** AC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli AFLZ01-000015 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" QSC lizinq alan Cavabdeh sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 1.5-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 6000 manat təşkil etmişdir. Müqavilənin 12.9-cu bəndinə əsasən lizinq obyektindən müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, yaxud lizinq obyektini islək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə lizinq alan lizinq verənə 1000 manta məbləğində cərimə ödəməlidir. Həmin müqavilənin 12.10-cu bəndində əsasən gecikdirilən lizinq ödənişi məbləğinin qalıq əsas məbləğinə gündəlik 0,1%-i həcmində əlavə məbləğ hesablanır. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd Mercedes E220 CDİ markalı, istehsal tarixi 1999-cı il, gümüşü metallik rəngli, ban nömrəsi WDB2102061A986593, ** HD ***, lizinq məbləği isə 6000 manat təşkil edən avtomobil saz vəziyyətdə lizinqə verilmişdir. İş materiallarında olan lizinq ödənişləri qrafikindən görünür ki, lizinq alan xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 393,52 manat olmaqla 6000 manat əsas, 3444 manat faiz məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 aprel 2024-cü il tarixli qüsur aktından görünür ki, qəzəya uğramış Mercedes E220 CDİ markalı, gümüşü metallik rəngli, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə 8366 manat məbləğində maddi zərər dəymişdir. Rəyin hazırlanamsına 167 manat 32 qəpik xidmət haqqı qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh "xxxx" QSC-nə 679,02 manat faiz borcu və 828 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli , xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Mercedes E220 CDİ markalı, gümüşü metallik rəngli, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 529.3-cü, 328.2-ci, 339.1-1-ci, 346.1ci, 329.1-ci, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 18 aprel 2023-cü il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" QSC lizinq alan Cavabdeh 1999cu il tarixli 1 ədəd Mercedes E220 CDİ markalı, lizinq məbləği isə 6000 manat təşkil edən avtomobili lizinqə vermişdir. Lizinq alan xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 393,52 manat olmaqla 6000 manat əsas, 3444 manat faiz məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Həmçinin lizinq obyektinə ziyan dəmiş, nəqliyyat vasitəsi qəzalı vəziyyətdə lizinq verənə qaytarılmışdır. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən təhvil alınarkən ekspertizadan keçirilmiş və ona dəyən ziyanın məbləği hesablanmışdır. İş materiallarından görünür ki, 12 aprel 2024-cü il tarixdə qüsur aktı tərtib edilmiş, qəzaya uğramış avtomobilə 8366 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmişdir. Rəyin verilməsi üçün 167,32 manat xidmət haqqı hesablanmışdır. Məhkəmə qeyd edir ki, 8366 manat məbləğində avtomobilə dəymiş zərər və 167 manat rəyinin alınması üçün ödənilmiş rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin iddia tələbində yalnız müqavilə üzrə faiz borcun, cərimənin ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış faiz borc məbləğini, yəni 679,02 manatı tələb etməkdə haqlıdır. Həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimələrin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq verən lizinq obyektini lizinqə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış 828 manat məbləğində, həmçinin lizinq obyektini islək halda saxlamadığına görə 1000 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, lizinq alan ödənişləri gecikdirdiyinə görə hesablanmış 828 manat məbləğində cərimə azaldılaraq 20 manat məbləğində, lizinq obyektini islək halda saxlamadığına görə nəzərdə tutulmuş 1000 manat cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin inzibati xəta haqqında protokollara əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hesablanmış 5488 manat məbləğində cərimənin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı dəlilinə münasibət bildirirək qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hesablanmış və ödənilməsi nəzərdə tutulan cərimələr Cavabdeh adına hesablanmış və həmin cərimə məbləğləri iddiaçı tərəfindən ödənilməmişdir. Belə olan halda iddia tələbinin həmin hissədə təmin edilməsi qanuni və əsaslı hesab edilə biməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 679 manat 02 qəpik faiz borc, 20 manat dəbbə pulu, 8366 manat məbləğində avtomobilə dəymiş zərər, lizinq müqaviləsinin 12.9-cu bəndinə əsasən 50 manat cərimə, 167 manat ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla cəmi 9282,02 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsini məhkəməyə verilməsi üçün 140,60 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112,82 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli AFLZ01-000015 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 679 manat 02 qəpik faiz borc, 20 manat cərimə borcu, 8366 manat məbləğində avtomobilə dəymiş zərər, lizin müqaviləsinin 12.9-cu bəndinə əsasən 50 manat cərimə, 167 manat ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 9282 (doqquz min iki yüz səksən iki) manat 02 (iki) qəpik məbləğində pul və 112 (bir yüz on iki) manat 82 (səksən iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar