Məhkəmə qərarları › İş №e-2-2(115)-883/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-883/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-883/2024 31.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6300 manat əsas, öhdəliyin icra edilmədiyinə görə 900 manat cərimə borcu, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1300 manat və ödənilmiş 105 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçıla ilə Cavabdeh MMC arasında xx.xx.2023-ci il tarixində 001-DEK-2023 saylı xidməti müqavilə bağlanmış və həmin müqaviləyə əsasən fiziki şəxs İddiaçı Cavabdeh MMC-yə sertifikat alınmasına dəstək göstərərək ona 3 sertifikat almışdır. Müqavilə şərtlərinə görə 2 dəfəyə 9300 manat ödəməli olan Cavabdeh MMC müqavilə bağlandıqdan sonra 3000 manat ödəniş etmiş, lakin sertifikat alındıqdan sonra ödəməli olduğu 6300 manatı aylardır müxtəlif bəhanələrlə ödəməkdən imtina edir. Görülmüş işlər tamamlanmış işlər təhvil verilmiş hətta cavabdeh həmin sertifikatlardan istifadə edərək tenderdə belə iştirak etmiş, lakin ödənişi etməkdən boyun qaçırır. Dəfələrlə bununla bağlı cavabdeh xəbərdarlıq edilsə də buna məhəl qoymamış və xx.xx.2024-cü il tarixdə elektron qaimə kəsilib və yenidən xəbərdarlıq edilmiş, lakin heç bir müsibət nəticə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə 22 aprel 2024-cü il tarixli, e-2-2(115)- 883/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sertifikatlaşdırmaya dəstək xidmətlərinin göstərilməsi haqqında müqavilə, elektron qaimə-fakturalar, ödəniş sənədi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qsimən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixində 001-DEK-2023 saylı xidməti müqaviləyə əsasən “sifarişçi” İSO 9001:2015 X2, İSO 14001:2015 X3 Sistemi, İSO 45001:2018 İş Sağlamlığı və X1 üzrə sertifikatlaşdırma prosesinə dəstək xidmətini sifariş verib “icraçı”ya razılşadırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçı”nin müəyyən etdiyi qaydada İSO 9001:2015 X2, İSO 14001:2015 X3 Sistemi, İSO 45001:2018 İş Sağlamlığı və X1 üzrə setifikatlaşdırma prosesinə dəstək xidmətləri göstərməyi öhdəsinə götürməyi təmin edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən layihənin1-ci audit ili üçün ümumi dəyəri 9300 manat təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan e-qaimədə qeyd edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDU 882557 nömrli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 3000 manat, xx.xx.2024-cü il tarixli 294326 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən isə 6300 manat məbləğində xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı 3000 manat ödəniş edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan e-qaimədə qeyd edilir. Göründüyü kimi tərəflər öz aralarında bağladığı müqavilədə hesablaşma qaydası kimi elektron qaiməni əsas götürmüşlər. İş materiallarında olan elektron qaimələrdən göründüyü kimi Müqavilədə Layihənin 1-ci audit ili üçün müəyyən olunmuş ümumi dəyəri 9300 manat olan xidmətlər göstərilmişdir. Göstərilən xidmətlərin dəyəri 3000 manat olan hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 6300 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin 900 manat məbləğində cərimə tələb edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən nəzərə almamışdır ki, müqavilədə dəbbə pulunun tutulması müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş 207İNTL240791023 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 1300 manat məbləğində vəkil haqqı ödənilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 1300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 500 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə 105 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 17 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 6300 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 88 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 6300 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 88 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar