Məhkəmə qərarları › İş №e-2-2(115)-89/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-89/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-89/2022 12.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 27.07.2021 –ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4322,18 manat (əsas borc üzrə 3666,60 manat, faizlər üzrə 655,43 manat, maliyyə sanksiyası üzrə 0,15 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13000,0 manat məbləğində (13000,0 manat dəyərində 1 ədəd 2008-ci buraxılış illi TOYOTA RAV-4 minik markalı ** BE *** qeydiyyat nişanlı qara rəngli nəqliyyat vasitəsi) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan RespublikasıVergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 27.07.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 27.07.2021-ci il tarixə yaranan 4322,18 manat borcuna görə 13000,0 manat məbləğində (13000,0 manat dəyərində 1 ədəd 2008-ci buraxılış illi TOYOTA RAV-4 minik markalı ** BE *** qeydiyyat nişanlı qara rəngli nəqliyyat vasitəsi) əmlakı siyahıya alınmış və bu barədə 28.07.2021 tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 27.07.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4322,18 manat ödənilməmiş borcu qalmışdır.Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 27.07.2021-ci il tarixli, **********6 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh yeni borcu yarandığı üçün əmlakının siyahıya alınması barədə qərarlar bir icraata birləşdirilmiş, siyahıya alınmanın həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X3 həvalə olunmuşdur. 28.07.2021 tarixli **********6 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 27.07.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 27.07.2021-ci il tarixə yaranan 4322,18 manat borcuna görə 13000,0 manat məbləğində (13000,0 manat dəyərində 1 ədəd 2008-ci buraxılış illi TOYOTA RAV-4 minik markalı ** BE *** qeydiyyat nişanlı qara rəngli nəqliyyat vasitəsi) siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. AB № 009477 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, 2008-ci il istehsalı TOYOTA RAV-4 markalı ** BE *** qeydiyyat nişanlı qara rəngli minik nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 28 iyul 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 02 avqust 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən Dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh 27.07.2021 –ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4322,18 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş öhdəlikləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 13000,0 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.07.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 4322,18 (dörd min üç yüz iyirmi iki manat on səkkiz qəpik) manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 13 000 (on üç min) manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 13 000 manat olan 1 ədəd 2008-ci il buraxılışlı “TOYOTA RAV-4” minik markalı, 25BE999 qeydiyyat nişanlı, qara rəngli nəqliyyat vasitəsi) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 63,23 (altmış üç manat iyirmi üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar