Məhkəmə qərarları › İş №e-2-2(115)-91/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-91/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-91/2024 12.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.179,00 manat məbləğində əsas borc, 2.080 manat məbləğində əldən çıxmış fayda, 100 məbləğində mediasiya xərci, 120 manat məbləğində vəkil xərci, ümumilikdə 11.479 manat məbləğində pul vəsaitinin və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh ilə razılaşmaya əsasən alıcıya sifarişləri əsasında mallar verilmişdir. Belə ki, Cavabdeh malların verilməsini təsdiq edən sənədlər (invoyslar) mövcuddur: Ərizədə qeyd edilən invoyslar üzrə 9.179 manat məbləğində əsas borc bu günə qədər ödənilməmişdir. Odur ki, hal-hazırda Cavabdeh İddiaçınə olan borcu, 9.179,00 manat məbləğində əsas borc, 2.080 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 11.259 manat məbləğindədir. İdiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının yekunlaşdırılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 1-ci bəndində əsasən alıcı-Cavabdeh satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı-İddiaçı isə malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi 9779 manat limit çərçivəsində malın dəyərinin 100%-ni müvafiq mal partiyasının satıcının anbarına daxil olduğu tarixdən etibarən 30 gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, satıcı müvafiq mallarn alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alıcıdan tələb edə bilər. xx.xx.2023-cü il tarixli 06696 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda Cavabdeh 9179 manat borcunun olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə olan borcu 9.179,00 manat əsas borc, 2.080 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.259 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim olunmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, tərələr arasında bağlanmışxx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürləmiş nüsxəsini, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri təqdim etməlidir. Aktla birlikdə satıcı malları təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə alıcıya təqim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı malları qəbul etdikdən və aktı və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxələrini imzalayacaq, onların bir nüsxələrini özündə saxlayacaq digər nüsxələrini isə satıcıya verəcəkdir. Tərəflər arasında olan müqaviənin yuxarıda qeyd edilən şərtindən göründüyü kimi, tərəflər malları təhvil-qəbul aktları əsasında təhvil verilməsini müəyyən etmişlər. Sübuta yetirilməli olan məsələ malların müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsidir ki, iddiaçı bununla bağlı digər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə (invoyslarda) İddiaçı MMC-yə aid şəxslərin imzaları mövcuddur: Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə maülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır . Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar