Məhkəmə qərarları › İş №e-2-2(115)-918/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-918/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-918/2025 22.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mövcud borcun etirafı müqavilə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh17875 (on yeddi min səkkiz yüz yetmiş beş) manat borc və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsümunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC-e arasında mühərrik, sənaye, sürtkü yağları əyləc mayeləri, antifirizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların (bundan sonra mal və ya mallar) alqısatqısına dair şifahi müqavilə bağlanmışdır. Belə ki, cavabdeh bu müqavilə əsasında davamlı olaraq ayrı-ayrı vaxtlarda iddiaçıdan xeyli miqdarda mal satın almışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə aparılan mal dövrüyyəsi üzrə qarşılıqlı üzləşdirmələr aparılmış və AKT tərtib edilmişdir. Daha sonra yaranmış borcla bağlı “Mövcud borcun etirafı haqqında” 19 aprel 2024-cü il tarixli müqavilə tərtib edilərək imzalanmışdır. Həmin müqaviləyə əsasən satın alınan mallara görə cavabdehin iddiaçı qarşısında ümumilikdə 17875 (on yeddi min səkkiz yüz yetmiş beş) manat borcu yaranmışdır. Müqavilənin 5-ci bəndində isə cavabdeh yaranmış borc qalığını 3 (üç) ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

III. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh müqaviləyə və üzləşmə aktına imza etmədiyini bildirsə də, iş üzrə ekspertiza keçirilmiş və həmin imzaların cavabdehə məxsus olması təsdiq olunmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iş materiallarında borcun etirafı barədə müqavilə olsa da, əsas müqavilə yoxdur və cavabdehin aldığı mallar barədə heç bir sübut yoxdur. Tərəflər arasında yalnız şifahi danışıqlar olmuşdur ki, bu da əsaslı sübut sayılmır. Düzdür, cavabdeh müqavilədəki imzanın ona məxsus olmasını bildirsə də, ekspert rəyindən görünür ki, imzaların cavabdehə məxsus olması sübut olunmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

IV. Sübutların tədqiqi

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli mövcud borcun etirafı müqaviləsindən görünür ki, bu müqavilənin predmeti “Borclu”nun xx.xx.2024-ci il tarixləri müddətində “Tələbkar”dan həmin dövrün satış qiymətinə uyğun olaraq satın aldığı mallara (sürtgü yağları, təkərlər və s.) görə yaranmış 18122 (on səkkiz min yüz iyirmi iki) manat borc pul vəsaitidir. “Borclu” 18122 (on səkkiz min yüz iyirmi iki) manat borcu 3 ay müddətinə ödəməyi öhdəsinə götürür.

6. 08 oktyabr 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh şirkətə 42765 manat borcu vardır və həmin borcu tərəflər üzləşmə aktına imza etməklə təsdiq etmişdirlər.

7. 08.02.2025-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, cavabdehə yaranmış borcun 10 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2025-ci il tarixli 4/1040 saylı məhkəmə-xətşunaslıq ekspertizasının rəyindən görünür ki, 19 aprel 2024-cü il tarixli mövcud borcun etirafı haqındakı müqavilənin sonundakı sağ tərəfdə “Cavabdeh” qrafasındakı imza və 08 oktyabr 2024-cü il tarixli Üzləşmə aktının sonunda “Cavabdeh” əlyazmasının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

V. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

VI. Məhkəmənin mövqeyi

a) müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19 aprel 2024-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən borclu” 18122 manat borcu 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 17875 manat borcu yaranmışdır.

13. Hazırda iddiaçı 19 aprel 2024-cü il tarixli müqavilə üzrə 17875 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

14. Mülki Məcəllənin mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəalarının tələblərinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

15. Tərəflər arasında əvvəllər şifahi alğı-satqı müqaviləsindən əmələ gələn münasibətlər olsa da, sonradan tərəflər mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamış və borc məbləği tərəflərin imzaları (həmçinin hüquqi şəxsin möhürü) ilə təsdiq edilmişdir.

16. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 882-ci maddəsi təşkil edir.

17. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Cavabdeh məhkəmə iclasında müqavilə və üzləşmə aktındakı imzaların ona məxsus olmasını bildirsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2025-ci il tarixli 4/1040 saylı məhkəmə-xətşunaslıq ekspertizasının rəyindən görünür ki, 19 aprel 2024-cü il tarixli mövcud borcun etirafı haqındakı müqavilənin sonundakı sağ tərəfdə “Cavabdeh” qrafasındakı imza və 08 oktyabr 2024-cü il tarixli Üzləşmə aktının sonunda “Cavabdeh” əlyazmasının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

20. Beləliklə, məhkəmə hesab edir ki, borcun etirafı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

21. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

22. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 144 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

26. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2025-ci il tarixli 4/1040 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 120 manat təşkil edir.

27. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 120 manat xərc cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

VII. Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17875 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

29. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17875 (on yeddi min səkkiz yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İş üzrə məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsi ilə bağlı 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar