Məhkəmə qərarları › İş №e-2-2(115)-92/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-92/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-92/2022 17.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.08.2017ci il tarixli, 1493-GL/17 nömrəli müqavilə üzrə 1932 manat gecikdirilmiş əsas borcu və 689,72 manat cərimə borcu, 23.05.2018-ci il tarixli 660-L/18 nömrəli müqavilə üzrə 25 670 manat gecikdirilmiş əsas borc, hesablanmış 10651,89 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 39 293,61 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X2 arasında bağlanmış 18 avqust 2017-ci il tarixli 1493-GL/17 nömrəli və 23.05.2018-ci il tarixli 660-L/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə göndərilərək işə nümayəndənin iştirakı olmadan baxlması xahiş edilmişdir. Cavabdeh X1 məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 23 may 2018-ci il tarixli, 660-L-18 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikası ümumi dəyəri 192 000 manat olan kənd təsərrüfatı texnikası X1 19 200 manat ilkin dəyəri ödənilmək şərti ilə lizinqə verilmişdir. 18 avqust 2017-ci il tarixli, 1493-GL/17 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikası güzəştli dəyəri 5250 manat olan kənd təsərrüfatı texnikası X1 lizinqə verilmişdir. Müqavilələrin 5.3-cü bəndinə lizinq alanın müqavilə şərtlərini pozmasına görə texnikanın dəyərinin 10%-i məbləğində cərimə hesablanması qeyd edilmişdir. 27 may 2021-ci il tarixli “məhkəmə-hüquqi xidmətlərin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” sazişdən görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı razılaşma olmuşdur. Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar edilmişdir. 11 iyun 2021-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, X1 18 avqust 2017-ci il tarixli 1493-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 1932 manat əsas borcu, 689,72 manat cərimə borcu, 23 may 2018-ci il tarixli 660-L/18 nömrəli müqavilə üzrə 25 670 manat gecikdirilmiş borc, 10 651,89 manat hesablanmış cərimə qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında 18 avqust 2017-ci il tarixli 1493-GL/17 nömrəli və 23.05.2018-ci il tarixli 660-L/18 nömrəli lizinq müqavilələri bağlanmış və müqavilə şərtlərinə əsasən"xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikası lizinq verən tərəfindən lizinq alan X1 lizinqə verilmiş, lizinq verən müqavilə şərtlərini yerinə yetirsə də lizinq alan razılaşdırılmış ödənişləri etməmişdir. 13 dekabr 2021-ci il tarixli məhkəmə baxış iclasında X2 izahat verərək kənd təsərrüfatı texnikalarını lizinqə götürdüyünü, lakin ödənişlər etməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə cavabdehin etirafını mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə 350 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsi üzrə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 18.08.2017-cı il tarixli 1493-GL/17 nömrəli müqavilə üzrə 1932 (bir min doqquz yüz otuz iki ) manat əsas borc və hesablanmış 89,72 (səksən doqquz manat, yetmiş iki qəpik) manat cərimə və 23.05.2018-cı il tarixli 660-L/18 nömrəli müqavilə üzrə 25670 ( iyirmi beş min altı yüz yetmiş ) manat əsas borc və hesablanmış 1651,89 (bir min altı yüz əlli bir manat, səksən doqquz qəpik ) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 29493,61 ( iyirmi doqquz dörd yüz doxsan üç manat altmış bir qəpik) manat pul vəsaiti cavabeh cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 18.08.2017-cı il tarixli 1493-GL/17 nömrəli müqavilə üzrə 1932 (bir min doqquz yüz otuz iki ) manat əsas borc və hesablanmış 89,72 (səksən doqquz manat, yetmiş iki qəpik) manat cərimə və 23.05.2018-cı il tarixli 660-L/18 nömrəli müqavilə üzrə 25670 ( iyirmi beş min altı yüz yetmiş ) manat əsas borc və hesablanmış 1651,89 (bir min altı yüz əlli bir manat, səksən doqquz qəpik ) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 29493,61 ( iyirmi doqquz dörd yüz doxsan üç manat altmış bir qəpik) manat pul vəsaiti cavabeh cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar