Məhkəmə qərarları › İş №e-2-2(115)-92/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-92/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-92/2023 18.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 1036- GL/17 nömrəli müqavilə üzrə yaranmış 9266 manat gecikdirilmiş borc və hesablanmış 6860 manat 66 qəpik cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 16626 manat 66 qəpik pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1036-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, o lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtlı vaxtında yerinə yetirmişdir. Lakin övladı sağalmaz xəstəliyə düçar olduğundan və uşağın müalicəsi ilə bağlı xərc çəkdiyindən müqavilə üzrə borcunu tam olaraq ödəyə bilməmişdir. İddia tələbinin əsas borc hissəsi ilə razıdır və həmin borcu ödəyəcəkdir. Qeyd etdiklərinin və ailə vəziyyətini nəzərə almaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq cavabdehin məhkəmə araşdırması zamanı 200 manat ödəniş etdiyini bildirmiş, qeyd edilən ödənişin qətnamə qəbul edilərkən nəzərə alınmasını, habelə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 may 2017-ci il tarixli 1036-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 13420 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. İş materiallarına əlavə olunmuş 23 may 2017-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, müqavilənin müddəti 25 may 2017-ci il tarixdən 23 may 2023cü il tarixdək, traktor Belarus-892 texnikasının ilkin qiyməti 29000 manat, ödənilmiş məbləğ 6165 manat, güzəşdən sonrakı qalıq məbləğ 11235 manat, kartofçıxaran AGPH2X texnikasının ilkin qiyməti 5850 manat, ödənilmiş məbləğ 1325 manat, güzəşdən sonrakı qalıq məbləğ 2185 manat, ümumilikdə güzəşdən sonrakı qalıq məbləğ 13420 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 07 iyul 2014-cü il tarixli aktlardan görünür ki, traktor MTZ-892 və kartofçıxaran AGPH2X Cavabdeh2 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 24 may 2017-ci il tarixli əmrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 607-L/14 və 1029ü/xx.xx.2014, 18 iyul 2014-cü il tarixli 936-L/14 və 1471ü/xx.xx.2014 saylı müqavilələrinə xitam verilməsi, əmrlərin qüvvədən düşmüş hesab edilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1036-GL-17 nömrəli lizinq müqaviləsinə əsasən traktor Belarus-892 və kartofçıxaran AGPH2X güzəşt məbləği 13940 manat, qalıq məbləğ 13420 manat müəyyən olunmaqla yenidın lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 13420 manat məbləğdən 2750 manat ödəniş etmiş, gecikdirilmiş borc 9566 manat, cərimə 6860,66 manat, cəmi 16126,66 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 23 may 2017-ci il tarixdə lizinq müqaviləsi bağlanılmış, 22 aprel 2014-cü il tarixli 607-L/14 və 18 iyul 2014-cü il tarixli 936-L/14 nömrəli müqavilələr əsasında təhvil verilmiş traktor Belarus-892 və kartofçıxaran AGPH2X texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri 13420 manat müəyyən edilmiş, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə yenidən lizinqə verilmişdir. Qalıq məbləğin isə 23 may 2023-cü il tarixdək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lakin lizinq alan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişini ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6860 manat 66 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 may 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 9066 manat əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9166 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 000İPX1223462C15 nömrəli qəbzdən görünür ki, Xırdalan şəhər Vəkil bürosunun hesabına hüquqi xidmət haqqı olaraq 300 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 05365 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi və iddiaçının nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 746809 nömrəli və xx.xx.2022-ci il tarixli 532265 nömrəli elektron qaimələrdən görünür ki, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat pul köçürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 111 manat 66 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 may 2017-ci il tarixli 1036-GL/17 saylı lizinq müqaviləsi üzrə 9066 manat əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9166 manat pulun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh2 111 manat 66 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar