Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-923/2025 17.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdehndən 379003,08 (üç yüz yetmiş doqquz min üç manat, 08 qəpik) manat məbləğində olan borcun, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın və dövlət rüsumu olaraq ödənilmiş 670 (altı yüz yetmiş) manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” 29 mart 2022-ci il tarixli, ST 05/2022 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin 4.2-cü bəndinə əsasən “Satıcı” (İddiaçı MMC) təhvil verdiyi malın sənədi və Müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı” ya (Cavabdeh MMC) təqdim edir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində “Satıcı”nın bank hesabına köçürür. İddiaçı MMC təhvil verdiyi metal qırıntılarının dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə elektron qaimə-fakturalar göndərmiş, lakin Cavabdeh MMC aldığı metal qırıntılarının dəyərini tam həcmdə ödəməmişdir. Həmin müqavilə üzrə yaranmış borca dair tərəflər arasında 14 mart 2024-cü il tarixli Razılaşma imzalanmış və həmin Razılaşmanın şərtlərinə görə Cavabdeh MMC 28 fevral 2024-cü il tarixinə ƏDV daxil olmaqla yaranmış 390803, 08 (üç yüz doxsan min səkkiz yüz üç manat, 08 qəpik) manat məbləğdə borcun tərəflər arasında tərtib olunan cədvəl üzrə, 2024-cü il ərzində tam həcmdə İddiaçı MMC-yə ödənilməsini üzərinə götürmüşdür. Lakin Cavabdeh MMC indiyədək həmin borc üzrə cəmi 11800 (on bir min səkkiz yüz) manat ödəniş etmiş, qalan 379003,08 (üç yüz yetmiş doqquz min üç manat, 08 qəpik) manat borcu isə, dəfələrlə müraciət edilməsinə və rəsmi pretenziya göndərilməsinə baxmayaraq, ödəməmişdir. İddiaçı - İddiaçı MMC tərəfindən 31 mart 2025-ci il tarixdə Elektron Məhkəmə Portalı və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh – Cavabdeh MMC-yə yenidən pretenziya göndərilərək hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş əks təqdirdə İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı, əlavə xərclər və faizlər də tələb edilməklə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təşkilat həmin pretenziyaya cavab verməmişdir. Tərəflər arasında bağlanılmış Razılaşmanın 2-ci bəndinə əsasən “Borclu” nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə (o cümlədən aylar üzrə) “Kreditora” hər gecikdirilmiş gün üçün ödəməli olduğu borc məbləğinin 0,3 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən “Borclu” borc öhdəliyini təmin etmədiyi təqdirdə, “Kreditor” Azərbaycan Respublikasının qanunvericiliyinə və Müqaviləyə müvafiq olaraq tədbirlərin görülməsi hüququnu özündə saxlayır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 379003,08 (üç yüz yetmiş doqquz min üç manat, 08 qəpik) manat məbləğində əsas borcun, 18950,15 (on səkkiz min doqquz yüz əlli manat,15 qəpik) manat məbləğində dəbbə pulunun, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın və dövlət rüsumu olaraq ödənilmiş 690 (altı yüz doxsan) manatın tutularaq, iddiaçı - İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavadehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron-qaimə fakturalar, üzləşdirmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sənaye Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış “qara və əlvan metal qırıntılarının sökülüb daşınması və özgəninkiləşdirilməsi haqqında” 29 mart 2022-ci il tarixli, ST 05/2022 saylı müqaviləyə əsasən satıcı qara və əlvan metal qırıntılarından ibarət olan əmlakını alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-cü bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilmiş mala görə hesab və vergi-hesab faktura tərtib edir və alıcıya təqdim edir. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı hazırki müqavilə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0.5 faiz həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5 faizi həddində müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 379003,08 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə-fakturalarla və üzləşdirmə aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 379003,08 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə-fakturalar borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşdirmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin krеdit razılaşması üzrə 18950,15 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1300 manat məbləğində pul vəkil bürosuna köçürülmüşdür. İddiaçı isə 325 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 690 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 690 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən, eyni zamanda iddi tələbi tam təmin edildiyindən ödənilmiş 690 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 379003,08 manat məbləğində əsas borc, 18950,15 manat məbləğində cərimə olmaqla, ümumilikdə 397953,23 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 325 manat və dövlət rüsumu olaraq ödənilmiş 690 manat tutularaq tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-923/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-923/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver