Məhkəmə qərarları › İş №e-2-2(115)-925/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-925/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-925/2025 05.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13276,92 manat borc məbləği, 1579,95 manat cərimə məbləği, 210 manat ilkin mediasiya xərci və 216,43 manat gecikmə faizi olmaqla, ümumilikdə 15283,30 manat məbləğin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli CG-01D/23 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıqların alqı-satqısı həyata keçirilmişdir. Həmin mallar üçün iddiaçı tərəfindən cavabdehə avans ödənişi edilmişdir. Müqavilə üzrə təhvil verilmiş malların bir hissəsi qüsurlu olduğundan və bu qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmadığından müqavilə üzrə qalıq dəyəri ödəməkdən iddiaçı imtina etmiş, qüsurlu malların geri götürülməsini cavadehdən tələb etmiş, ödənilmiş avans məbləğindən isə digər aksept edilmiş malların dəyəri və təlim xərcləri çıxıldıqdan sonra qüsurlu texnika üçün ödənilmiş məbləğ əvəzləşdirməklə geri qaytarılması tələb edilmişdir. Belə ki, tərəflər arasında təlim xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli AZSF-A088/23 saylı müqavilə və dron-çiləmə xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli AZSF-A088/23-1 saylı müqavilə bağlanılmışdır. Bu müqavilələr və əsas müqavilə üzrə iddiaçının pul öhdəliyinə xx.xx.2024-cü il tarixli 01/24 nömrəli sazişlə tərəflər arasında qarşılıqlı əvəzləşdirilmə qaydasında xitam verilmişdir. Əsas müqavilə məbləği 53632,42 manat, iddiaçının ödəniş etdiyi avans məbləği 37270,72 manat, iddiaçının ödəməkdən imtina etdiyi qalan məbləğ 16361,70 manat, qüsurlu mal məbləği 28723,20 manat, iddiaçının qəbul etdiyi mallar 10880 manat, 5858 manat, iddiaçının kreditor borcu məbləği təlim xidməti 2680 manat, dron xidməti 4585,80 manat, əvəzləşdirmədən sonra iddiaçının tələb etdiyi məbləğ 13276,92 manatdır. İddiaçının cavabdehə ödədiyi avans məbləğindən iddiaçının aksept etdiyi malların cəmi çıxıldıqdan sonra qalan hissə iddiaçının kreditor borcunun cəmi ilə əvəzləşdirilib çıxılaraq sazişin 8-ci maddəsi üzrə qalıq borc 13276,92 manat müəyyən edilir və sazişin 12-ci maddəsinə əsasən saziş imzalandıqdan sonra son hesablaşmalar 15 təqvim günü ərzində aparılmalıdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu günkü tarixədək borc məbləği ödənilməmiş, həmçinin qüsurlu malların cavabdeh tərəfindən geri götürülməsinə dair iddiaçının tələbləri yerinə yetirilməmişdir. İddiaçı tərəfindən borc tələbinə dair cavabdehə xx.xx.2024-cü il tarixində elektron və kağız daşıyıcıda rəsmi xəbərnaməli pretenziya bildirişləri göndərilmişdir. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən sazişin 8.2-ci maddəsinə əsasən cavabdeh ödənişi gecikdirdiyinə görə ona xx.xx.2024-cü il tarixdən etibarən hər gecikmə gününə görə 0.1 faiz dəbbə pulu tətbiq edilir. Cərimə məbləği 1579,95 manat təşkil edir. Öhdəliklərin gecikdirilmiş vaxt üçün illi 5% gecikmə faizi tətbiq olunur, gecikmə faizi 216,43 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh Gəncə1 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya üçün ödənilmiş xərc məbləği 210 manat təşkil edir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 13276,92 manat borc məbləği, 1579,95 manat cərimə məbləği, 210 manat ilkin mediasiya xərci və 216,43 manat gecikmə faizi, 136 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15419,30 manat məbləğin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli CG-01D/23 saylı müqavilədən görünür ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilənin əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik ona məxsus olan kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robort texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıqların istifadə məqsədləri üçün yararlı halda alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcının Goranboy rayonu Qaramusalı kəndində yerləşən ünvanına çatdırmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xidmət müqavilələrindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış təlim xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli AZSF-A088/23 saylı müqavilə və xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli AZSF- A088/23-1 saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə öhdəliyə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 01/24 saylı sazişdən görünür ki, alqı-satqı müqaviləsi üzrə avans məbləği xidmət müqavilələri üzrə muzd məbləğləri ilə əvəzləşdirilərək öhdəliklərin əvəzləşdirilməsi ilə bağlı hesablaşma aşağıdakı qaydada aparılmalıdır: 37270,72 manat avans məbləğindən həmin alqı-satqı üzrə qüsurlu olmayan və qaytarılmayan mallar üzrə 16728 manat və xidmət müqavilələri üzrə cəmi 7265,80 manat təşkil edən muzd məbləği azaldılmaqla sazişə əsasən icraçı tərəfindən sifarişçiyə 13276,92 manat fərq ödənilməklə, sifarişçinin ödəməli olduğu muzd məbləği tələblərin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə ödənilmiş hesab olunur. İcraçı fərq məbləğinin ödənilməsində gecikmələrə yol verdiyi təqdirdə sifarişçinin yazılı tələbi olarsa icraçı yol veridyi hər gecikmə gününə görə sifarişçiyə 0,1% məbləğində dəbbə pulu ödəməlidir. Saziş imzalandıqdan sonra son hesablaşmalar 15 təqvim günü ərzində aparılmalıdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında həm alqı-satqı, həm də xidmət müqavilələri bağlanmış, alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıya avans məbləğ ödəmiş, təhvil verilən malların bir hissəsi alıcı tərəfindən qəbul edilmiş, həmçinin xidmət üzrə sifarişçinin icraçıya muzd olaraq ödənişləri yaranmışdır. Tərəflər arasında tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə öhdəliyə xitam verilməsi haqqında saziş bağlanmış, saizişə əsasən 37270,72 manat avans məbləğindən həmin alqısatqı üzrə qüsurlu olmayan və qaytarılmayan mallar üzrə 16728 manat və xidmət müqavilələri üzrə cəmi 7265,80 manat təşkil edən muzd məbləği azaldılmaqla icraçı tərəfindən sifarişçiyə 13276,92 manat fərq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh həmin məbləği sazişdə nəzərdə tutulmuş müddətdə iddiaçıya ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı saziş üzrə yaranmış əsas borc məbləğini və borcun gecikdirilməsi üçün hesablanmış əldən çıxmış fayda olaraq faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə cavabdehin üzərində əsas borcu və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1579,95 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə öhdəliyə xitam verilməsi haqqında sazişə əsasən 13276 manat 92 qəpik əsas borc, 200 manat cərimə, 216 manat 43 qəpik gecikdirilmiş günə faiz borcu olmaqla cəmi 13693 manat 35 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 136 manat dövlət rüsumu, 210 manat mediasiya xərci ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131,08 manat dövlət rüsumu və 210 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə öhdəliyə xitam verilməsi haqqında 01/24 saylı sazişə əsasən 13276 manat 92 qəpik əsas borc, 200 manat cərimə, 216 manat 43 qəpik gecikdirilmiş günə faiz borcu olmaqla cəmi 13693 (on üç min altı yüz doxsan üç) manat 35 (otuz beş) qəpik borc, 210 (iki yüz on) manat mediasiya xərci, 131 (bir yüz otuz bir) manat 08 (səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar