Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-928/2025 25.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli A07/23 saylı təchizat müqaviləsi əsasında 9539,14 manat əsas, 476,91 manat dəbbə pulu və 120,05 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 10136,1 manatın Cavabdeh tutularaq iddaiçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında A07/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 9539,14 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, şərab evi işlədir və spirtli içkilərin alğı-satğısı ilə məşğul olur. Dəqiq xatırlamadığı vaxt bir şirkətdən gəldilər və ona bir yerdə işləməyi təklif etdilər. Bunun üçün müqavilə bağlamalı olduğunu bildirdilər və ondan şəxsiyyət vəsiqəsi, VÖEN və bank rekivizitləri barədə sənədləri götürdülər. Gələn şəxslər ancaq içkilərin "X4 Company" MMC tərəfindən satıldığını bildirdirlər. O da razılaşdı. Lakin həmin nümayəndələr gedəndən sonra bir daha onun dükanına yaxınlaşan olmadı. Ondan sonra şirkət tərəfindən onunla hər hansı əlaqə saxlanılmadı. O özü rekvizitlərini "X4 Company" MMC-nin nümayəndəsinə vermişdir, lakin onun müqavilə bağlamaq üçün yenidən əlaqə saxlamamışlar. Bir dəfə də onun obyektindən kənarda yerləşən digər şərəb evinin nümayəndəsi ona zəng etdi ki, onun sifarişini həmin yerə gətiriblər, o da bildirib ki, o mal sifariş verməmişdir. Bundan sonra malı geri qaytardılar. Keçən il həmin şirkətin nümayəndələri tərəfindən yoxlama gəldi, bildirdilər ki, onların borcları var və ödənilməlidir. O isə yoxlamağa gələnlərə bildirdi ki, mallar onlara gəlməyib və onlar malları qəbul etməyiblər. Onlara şirkətdəki əməkdaşların səhvi üzündən borc yarandığını dedilər. Öz auditləri bildirdi ki, əməkdaşları onların adından mal götürüblər. 7000 manat məbləğində borcları olduğunu və müqaviləyə imza atmaqlarını istədilər, lakin onlar razılaşmadılar və müqaviləyə imza atmadılar. Yoxlama gələndə öz əməkdaşları dedilər ki, problem özlərindədir. O heç bir sənədə imza atmamış, müqavilə bağlamamışdır. Cavabdeh həmçinin izahatında göstərdi ki, Etiqam onun işçisi olmuşdur. Etiqam səhvən fakturaya imza çəkmişdir, lakin o zəng etdikdən sonra malı geri qaytarmışlar. İşçi malı götürmüşdür, elə bilmişdir ki, malı o sifariş vermişdir. Turan adında, Hüseyn adında, Rafiq adında da işçisi olmamışdır. Onun tərəfindən hər hansı ödəniş edilməmişdir, onların adından vurulan ödənişlər onun tərəfindən edilməmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində göstərdi ki, o cavabdehin obyektində gündüz növbəsində olan vaxtı malları gətirdilər. Sonra müdriyyət dedi ki, gərək xəbər vermədən malları götürməzdi. Fakturaya imza atdı və faktura onlarda qaldı. Yalnız bir dəfə mal gətirilib, onda da sənədə imza atmışdır. Daha sonra verdikləri malı təhvil verib, onlar da götürüblər. İş materiallarında olan "X4 Company" MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli A07/23 nömrəli təchizat müqaviləsindən görünür ki, təchizatçı alıcıya mal satmağı, alıcı isə malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 963988 saylı qaiməyə əsasən 323,71 manat, xx.xx.2023-cü il tarixli 144196 saylı qaiməyə əsasən 316,32 manat, xx.xx.2023-cü il tarixli 144128 saylı elektron qaiməyə əsasən 2710,20 manat, xx.xx.2023-cü il tarixli 544212 saylı elektron qaiməyə əsasən 220,80 manat, xx.xx.2023-cü il tarixli 929575 saylı elektron qaiməyə əsasən 181,20 manat, xx.xx.2023-cü il tarixli 262892 saylı elektron qaiməyə əsasən 595,96 manat, xx.xx.2023-cü il tarixli 487293 saylı elektron qaiməyə əsasən 562,98 manat, xx.xx.2023-cü il tarixli 722008 saylı elektron qaiməyə əsasən 128,53 manat, xx.xx.2023-cü il tarixli 778500 saylı elektron qaiməyə əsasən 1275 manat məbləğində elektron qaimələr ötürülmüş, qaimələr elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan aktlardan görünür ki, ƏDV daxil xx.xx.2023-cü il tarixdə 373,1 manat, xx.xx.2023-cü il tarixdə 423,95 manat, xx.xx.2023-cü il tarixdə 3123,62 manat, xx.xx.2023-cü il tarixdə 364,57 manat, xx.xx.2023-cü il tarixdə 254,48 manat, xx.xx.2023-cü il tarixdə 208,84 manat, xx.xx.2023-cü il tarixdə 686,86 manat, xx.xx.2023-cü il tarixdə 648,85 manat, xx.xx.2023-cü il tarixdə 522,1 manat, xx.xx.2023-cü il tarixdə 1469,49 manat, xx.xx.2023-cü il tarixdə 1477,1 manat, xx.xx.2023-cü il tarixdə 147,71 manat, xx.xx.2023-cü il tarixdə 1477,1 manat, xx.xx.2023-cü il tarixdə 443,13 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli A07/23 saylı təchizat müqaviləsi üzrə 10689,14 manat dəyərində mal verilmiş, 1150 manat ödəniş etmiş, xx.xx.2025-ci il tarixə 9539,14 manat əsas borcu, 476,91 manat cərimə borcu qalmışdır. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli 3-16-16/2-4/1178/2025 saylı Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli 4/1178 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 88-90-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli A07/23 nömrəli təchizat müqaviləsində “Alıcı İmza” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Xidmət haqqı 126 manat qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı "X4 Company" MMC məhkəməyə cavabdehlə bağlanmış təchizat müqaviləsini, mal verilməsi ilə bağlı aktları və elektron qaimələri təqdim edərək cavabdehə 10689,14 manat dəyərində mal verildiyini, 1150 manat ödəniş edildikdən sonra xx.xx.2025-ci il tarixə 9539,14 manat əsas qaldığını bildirmiş, həmin borc məblığinin və 476,91 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilən yazılı müqavilənin cavabdeh tərəfindən imzalanmaması müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarından dörd ədəd akt üzrə malın cavabdehin işçisi olmuş X2 təhvil verilməsi öz təsdiqini tapmışdır. Həmin aktlar üzrə təhvil verilən malın məbləği ƏDV daxil 1302,60 manat təşkil edir. Həmin məbləğdə maldan başqa cavabdehə mal təhvil verilməsi öz təsdiqini tapmır. İddiaçı borc məbləğindən 1150 manat ödəniş edildiyini qeyd etmişdir. Təhvil verilən malın dəyərindən ödənilən məbləğ çıxılmaqla qalan 152,60 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, tərəflər arasında ödəmələrin gecikdirilməsi halında qarşı tərəfin cərimə ödəyəcəyi ilə bağlı hər hansı bir razılaşmasının olması müəyyən edilmir. Odur ki, 152,60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 120,40 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 152 (bir yüz əlli iki) manat 60 (altmış) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-928/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-928/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver