Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-931/2023 20.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5945 manat dəymiş maddi ziyan və 110 manat mediasiya xərci olmaqla, cəmi 6055 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli 01/01843 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Nova-340 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. Bildirilir ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Nova-340 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 5945 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün 5945 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avadanlığı saz vəziyyətdə qarşı tərəfə vermişlər. Yaranmış nasazlığın səbəbi biçin aparılan zaman texniki qaydalara riayət edilməməsidir. Onların bu sahə üzrə müvafiq biliyə sahib olan əməkdaşları tərəfindən arayış hazırlanmışdır, onu məhkəməyə təqdim etmişlər. Avadanlıq təmir olunmamışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onların texnikası yenidir və yalnız cavabdehə verilmişdir. Texnika 2019-cu ildən fəaliyyət göstərir. Texnikada nasaz hissə mühərrikdir. Mühərrik çıxardılıb, yerinə başqa mühərrik qoyulubdur. Hal-hazırda mühərrik nasaz vəziyyətdədir. Maddi ziyan ödənilməmiş və texnika təmir olunmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, kombayn ona veriləndə işlək vəziyyətdə olmuşdur. Bundan əvvəl 2 dəfə istifadə etmişdir. 3-cü dəfə istifadə etdikdə isə problem yaranmışdır. Texnikanı təmir etdirməyə maddi imkanı çatmır və bu səbəbdən texnikanı təmir etdirə bilməyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli 01/01843 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2019-cu il, ** AB *** dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi J0081488, 340000207, Nova-340 markalı bir ədəd taxılyığan kombayn xx.xx.2022-xx.xx.2022-ci il tarixi ərzində 4000 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyd-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli iltizamdan görünür ki, mexanizator Cavabdeh Nova-340 markalı 1 ədəd taxıyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İş materillarında olan 21 aprel 2022-ci il tarixli 01/01843 nömrəli akt 1-dən görünür ki, Nova-340 markalı 1 ədəd taxılyığan kombayn Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli 01/01843 nömrəli akt 2-dən görünür ki, Nova-340 markalı 1 ədəd taxılyığan kombayn mexanizator Cavabdeh tərəfindən nasaz vəziyyətdə İddiaçı ASC-nin Şəmkir RN-nin direktoru X4 təhvil verilmişdir. İş materiallarında olan Nova-340 markalı taxılyığan kombayının ЯМЗ-5342S modelli mühərrikinin işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə tərtib olunmuş arayışdan görünür ki, 01/01843 saylı xx.xx.2022-ci il tarixli müqavilə əsasında mexanizator Cavabdeh müvəqqəti istifadəsinə verilmiş ********** şassi nömrəli Nova-340 markalı taxılyığan kombaynın Y0081488 nömrəli ЯМЗ-5342S modelli mühərrikinin işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərc 5945 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 748-1.8-ci maddəsinəəsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 18 aprel 2022-ci il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən bir ədəd taxılyığan kombayn xx.xx.2022-xx.xx.2022-ci il tarixi ərzində 4000 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, taxılyığan kombaynı saz vəziyyətdə lizinq alanın sahiblik və istifadəsinə təhvil verilmiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəliyi pozaraq lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Texnikanın işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərc 5945 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 17 may 2023-cü il tarixli BD6 nömrəli ödəniş tapşırığına əsasən 110 manat mediasiya xərcini ödəmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsində həmin hissədə azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 79 manat 45 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5945 manat məbləğində vurulmuş zərərin əvəzi və ödənilmiş 110 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh 79 manat 45 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5945 manat məbləğində vurulmuş zərərin əvəzi və ödənilmiş 110 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 79 manat 45 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-931/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-931/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver