Məhkəmə qərarları › İş №e-2-2(115)-934/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-934/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-934/2024 30.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15314 manat əsas borcun, vəkil xidməti kimi 320 manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu olmaqla, cəmi 15770 manat pulun alınıb "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanan 09 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən alıcı müqavilə üzrə aldığı mallarına dəyərini 15 iş günü ərzində satıcının müvafiq bank hesabına ödəməlidir.(müqavilənin 2.1-ci bəndi). Müqaviləyə 1 saylı əlavə razılaşmaya əsasən cavabdehə 80 ton küsbə çuğundur balyası satmışdır. Müqaviləyə əsasən məhsulun qiyməti 42664 manat olmuşdur. Həmin puldan 27350 manat pul ödənilmişdir. Cavabdehin 15314 manat borcu qalmışdır. Dəfələrlə cavabdehlə borcun qaytarılması ilə bağlı əlaqə saxlanılsa da cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Sonda cavabdehə pretenziya göndərilmiş və 3 gün ərzində pulu ödəməyi tələb edilsə də sonuncu MMC-də söhbətə gəlsə də yenə də borcu ödəməmişdir. Odur ki, müqavilənin də şərtlərinə uyğun olaraq satıcı alıcıdan ödəmədiyi pul məbləğlərini tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, "xxxx" MMC müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh müxtəlif tarixli elektron qaimələrə əsasən 42664 manat dəyərində küsbə çuğundur balyası satmışdır. Həmin puldan 27350 manat pul ödənilmişdir. Cavabdehin 15314 manat borcu qalmışdır. Lakin hal-hazıradək Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yuxarıda qeyd edilən borc məbləğlərini qaytarmamışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatında vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilmədiyindən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, təhvil aldığı məhsulun müəyyən hissəsi xarab olmuşdur. Qeyd olunan borc göstərilən şəkildə olmamalı idi. İddia tələbini iddia tələbi həcmində qəbul etmədiyini bildirdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə onları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə aldığı mallarına dəyərini 15 iş günü ərzində satıcının müvafiq bank hesabına ödəməlidir. Müqaviləyə 1 saylı əlavə razılaşmaya əsasən cavabdehə 80 ton küsbə çuğundur balyası satmışdır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 15314 manat borcu yaranmışdır. Eyni zamanda Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında mal təhvil aldığını etiraf etmiş, lakin məhsulların xarab olması səbəbindən tam ödəniş etmədiyini bildirmişdir. Halbuki, tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən mallar malların təhvil-qəbul aktı ilə alıcıya təhvil verildiyi andan etibarən, malların oğurlanması, təmamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi risklərinə görə məsuliyyəti bütövlükdə alıcı daşıyır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə-fakturalar və cavabdehin izahatı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 15314 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, cavabdehin izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, vəkil xidmət haqqı kimi 320 manat ödənilmişdir. Məhkəmə həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15314 manat əsas borc, 320 manat vəkil xərci və iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu olmaqla, cəmi 15770 manat pul tutularaq İddiaçınə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15314 manat əsas borc, 320 manat vəkil xərci və iddia ərizəsinin məhkəməyə verilməsinə görə 136 manat dövlət rüsumu olmaqla, cəmi 15770 manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar