Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-938/2024 18.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Muharif oğlundan 34446 manat əsas borc və ödənilmiş 193 manat 34 qəpik dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında uzun müddət yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əlavə olaraq sifarişçi Cavabdeh adından Zaminlik müqaviləsi bağlayaraq istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Zamin "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 34446 borcu əmələ gəlmişdir. Bununla əlaqədar cavabdeh Zamin ilə xx.xx.2023-ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Zamin 34446 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Hal-hazırda Zamin "xxxx" MMC-yə 34446 borcu vardır. Cavabdeh və Zamin borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmiş, Zamin kağız daşıyıcı vasitəsi ilə Cavabdeh isə vergi sistemində vöenə pretenziya vuraraq məlumat verilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edirlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli çıxarışa əsasən Nümayəndə Təvəkkül oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Woodpecker” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə təqdim olunmuş sənədlər əsasında onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanılmış TSG-38 nömrəli 01 yanvar 2024-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, satıcı mebel mallarını satmaq məqsədi ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında bağlanılmış TSG-38 nömrəli 01 yanvar 2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh adından alış və satışlar zamanı Zamin "xxxx" MMC-yə 34446 manat əsas və ödənilmiş 193 manat 34 qəpik dövlət rüsumu borcu mövcuddur. Bundan başqa, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli RQ033 nömrəli satış müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mebel mallarını satmaq məqsədi ilə Zamin mülkiyyətinə verməyi, sonuncu isə malları qəbul edərək onun dəyərini cəmiyyətə ödəməyi öz öhdəsinə götürmüşdür. 8 avqust 2023-cü il tarixli 122 nömrəli üzləşmə aktından görünür ki, Zamin “Woodpecker” mebel fabrikinə 34446 manat borcu olduğunu etiraf edərək öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan satılan mebellərin dəyəri, satıdığı tarix və borc barədə hesabat cədvəlindən görünür ki, “Woodpecker” mebel fabriki tərəfindən müştəri Zamin 2015-2022-ci illər ərzində verilmş mebellərə görə yekun borcu 34446 manat təşkil edir. 14 iyul 2019-cu il tarixli, 55570 nömrəli və 16 iyul 2019-cu il tarixli 55574 nömrəli kassa mədaxil qəbzlərindən görünür ki, Zamin borcdan ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qanunvericiliyin və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tələblərindən göründüyü kimi, satıcı əşyanı alıcının mülkiyyətinə verdiyi halda onun ödənilməsini tələb edə bilər. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlansa da, müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə 34446 manat dəyərində malların verildiyi təsdiq edilmir. Bunun əksi olaraq, məhkəmədə müəyyən edildi ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən bir neçə il qabaq cavabdehin zamini Zamin iddiaçı ilə ayrıca alqısatqı müqaviləsi bağlayaraq, iddiaçıdan 34446 manat dəyərində mebelləri almış və həmin məbləğdə borcu xx.xx.2023-cü il tarixdə öz imzası ilə təsdiq edərək etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının 34446 manat dəyərində malları cavabdehə satması təsdiq olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, alqı-satqı və zaminlik müqavilələri bağlanmamışdan qabaq cavabdehin zamini tərəfindən iddiaçıdan mal almasına görə cavabdeh heç bir məsuliyyət daşımır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-938/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-938/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver