Məhkəmə qərarları › İş №e-2-2(115)-94/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-94/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-94/2024 15.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4020 manat məbləğində borcun və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 694/2021 nömrəli 15 may 2021-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 62300,59 manat dəyərində sement məhsulları satılmış, cavabdeh isə cəmi 58280,59 manat pul ödəmiş, 4020 manat isə bu günə kimi ödənilməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, 4 il müddətində iddiaçı ilə əməkdaşlıq etmiş, həmin müddət ərzində aralarında hər hansı mübahisə olmamışdır. Övladlarının səhhəti ilə bağlı mağazanı işlədə bilməmiş, işləmədiyinə görə iddiaçıya borcu yaranmış və yaranmış borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 may 2021-ci il tarixli 694/2021 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən Norm sement hazır məhsulları alcı Cavabdeh sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək müvafiq əmtəə nəqliyyat qaiməsində və müqavilədə müəyyənləşdirilmiş malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBC seriyalı 059064 nömrəli elekrton qaiməyə əsasən 4248,17 manat, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 374387 nömrəli elektron qaiməyə əsasən 3840,04 manat, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 453048 nömrəli elektron qaiməyə əsasən 4032,01 manat, xx.xx.2021-ci il tarixli EBBK seriyalı 028170 nömrəli elektron qaiməyə əsasən 4536,02 manat, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 903443 nömrəli elektron qaiməyə əsasən 3647,92 manat, xx.xx.2022-ci il tarixli EBBP seriyalı 339786 nömrəli elektron qaiməyə əsasən 4536,01 manat, xx.xx.2022-ci il tarixli EBBR seriyalı 161038 nömrəli elektron qaiməyə əsasən 3840,04 manat, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 454827 nömrəli elektron qaiməyə əsasən 3528,01 manat, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 561763 nömrəli elektron qaiməyə əsasən 4320,05 manat, xx.xx.2022-ci il tarixli EBBW seriyalı 810365 nömrəli elektron qaiməyə əsasən 4223,99 manat, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 681009 nömrəli elektron qaiməyə əsasən 3840,04 manat, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 345361 nömrəli elektron qaiməyə əsasən 3528,01 manat, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 682947 nömrəli elektron qaiməyə əsasən 3192,06 manat, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 499323 nömrəli elektron qaiməyə əsasən 3648,07 manat, xx.xx.2023-cü il tarixli EBCM seriyalı 376172 nömrəli elektron qaiməyə əsasən 3428,06 manat, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 819283 nömrəli elektron qaiməyə əsasən 3912,09 manat dəyərində sement İddiaçı ASC tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaimələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə 24.000 kq, xx.xx.2022-ci il tarixdə 24.000 kq məhsul təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Norm sement məhsullarının nisiyə alqı-satqısı zamanı İddiaçı ASC-nə cəmi 4020 manat borcu qalmışdır. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 may 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı sement hazır məhsullarını alcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 4020 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 4020 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60 manat 20 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2021-ci il tarixli 694/2021 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 4020 (dörd min iyirmi) manat borc, 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 60 (altmış) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar