Məhkəmə qərarları › İş №e-2-2(115)-940/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-940/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-940/2023 16.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və soyuducuların qaytarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və soyuducuların qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 40000,25 manat borc məbləğinin, 4000 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L -26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducunun geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 30250 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən ona zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh bir ədədinin dəyəri 350 manat olan 300 L -26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducu müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehlə müəssisə arasında olan alqısatqı əməliyyatlartı artıq 2 ildir ki dayandırılmışdır. Göstərilən müddətdə Cavabdehlə üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 40000,25 manat borcunun olduğu, eləcə də yuxarıda adıçəkilən əmlakların qanunsuz olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və yuxarıda adı çəkilən əmlakların geri qaytarılması tələb olunsa da, sonuncu borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. İddiaçının nümayəndəsi Vəkil Firudin oğlu əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə 74 ədəd soyuducu verilmişdir. Lakin soyuducuların hamısı qaytarılmamışdır. Qaytarılmış soyuducuların cəmi ikisi işlək vəziyyətdədir və qalan soyuducuların təmiri və işlək vəziyyətə gətirilməsi üçün də xeyli qədər vəsait tələb olunur. Odur ki, soyuducular və 40 000 manat borc tam olaraq qaytarılmalıdır. Mübahisəli 5.400 manat ona daxil deyildir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya 66 soyudu borcu vardır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında "xxxx" MMC-yə olan pul borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İzahatında daha sonra bildirdi ki, ümumilikdə 39 ədəd soyuducu "xxxx" MMC-nin nümayəndələrinə təhvil verilmişdir, 17 soyuducunu hal-hazırda, qalan 10 soyuducumu isə ayrı-ayrı yerlərdə olduğundan onları da yaxın vaxtlarda təhvil verəcəkdir. Həmçinin 40.000 manat borcun 5400 manatını ödəmişdir. Lakin cavabdeh onu qəbul etmir. Cavabdehin vəkili X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında yazılı müqavilə olmadığından Cavabdeh heç bir öhdəliyi yoxdur, borcun yaranmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Tərəflərin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh öhdəliyində 300 L -26 ədəd, 314 L- 12 ədəd, 400 L-31 ədəd və 600 L-5 ədəd olmaqla, cəmi 74 ədəd soyuducu, həmçinin həmin şəxsin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixə 41186,66 manat borcu vardır. Tərəflərin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh öhdəliyində 300 L -22 ədəd, 314 L- 12 ədəd, 400 L-27 ədəd və 600 L-5 ədəd olmaqla, cəmi 66 ədəd soyuducu vardır. Cavabdeh "xxxx" MMC-yə 40 000 manat borcu vardır. 5400 manat borc mübahisəlidir. Tərəflərin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 300 L-20 ədəd, 314 L-6 ədəd, 400 L-11 ədəd, 600 L-2 ədəd olmaqla, ümumilikdə 39 ədəd soyuducu "xxxx" MMC-nin nümayəndələrinə təhvil verilmiş, tərəflərin imzaları ilə təsdiq edilmişdir. Tərəflərin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli aktdan göstərilir ki, 5400 manat borc mübahisəli olduğundan bu iş tam araşdırılmalıdır. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2003/01363 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 405 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da alqı-satqı münasibətlərindən yaranan şifahi razılaşmalar mövcud olmuşdur. Mübahisəsiz haldır ki, cavabdeh iddiaçıdan almış olduğu malların satışını həyata keçirmişdir. Alınan mallar tez xarab olma xüsusiyyətinə malik olduğundan iddiaçı cavabdehin istifadəsinə soyuducular vermişdir. Həmçinin borcun 1186 manat hissəsinin də ödənilməsi mübahisəsiz haldır. İşə mhkəmədə baxılan müddət ərzində 39 ədəd soyuducu cavabdeh tərəfindən qaytarılmışdır. Digər 17 ədəd soyuducununun qətnamə çıxarılan gün tə isə təhvil verəcəyini bildirzərər, Tərəflərin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli üzləşmə cəmi 74 ədəd soyuducu, həmçinin həmin tarixə 41186,66 manat borcun olmasıgöstərilir. xx.xx.2022-ci il tarixli üzləşmə aktında isə cəmi 66 ədəd soyuducunun və 40 000 manat borcun olması göstərilir. 5400 manat borc mübahisəlidir. Məhkəmə qeyd edir ki, tarix baxımından xx.xx.2022-ci il tarixli üzləşmə aktı mübahisənin daha sonrakı vəziyyətini əks etdirir. Mübahisəli 5400 manat xx.xx.2020-ci il tarixli aktda göstərilmir. Eyni zamanda borcun 1186 manat hissəsinin ödənilməsi faktını iddiaçı qəbul edir. Lakin bu, o demək deyildir ki, 5400 manat məsələsi sonradan yaranmışdır. Tərəflərin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli aktdan göstərilir ki, 5400 manat borc mübahisəli olduğundan bu məsələ tam araşdırılmalıdır. İddiaçı soyuduculara münasibətdə xx.xx.2020-ci il tarixli aktda əsaslanır. Pul tələbində isə xx.xx.2022-ci tarixli əkta istinad edir. xx.xx.2016-cı il tarixli aktdan görünür ki, 5400 manat borc daha əvvəl yaranmışdır və həmin vaxt cavavadehin iddiaçıya 11.856 manat borcu olmuşdur. İddiaçı 5400 manat borcun xx.xx.2020-ci il tarixli üzləşmə aktında göstərilən 41186,66 manatın tərkib hissəsi olmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Malların qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmadığından, həmçinin əşyaların bir qismi qaytarıldığından, qalan hissəsinin isə qaytarılması barədə razılıq olduğundan işin bu kimi hallarına əsasən onların dəyəri barədə əlavə qiymətləndirilmə aparılmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 34600 manat borc və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L-2 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 6 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-16 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-3 ədəd soyuducu geri qaytarılsın və bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 11800 manat pul və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 34600 manat borc və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L-2 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 6 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-16 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-3 ədəd soyuducu geri qaytarılsın və bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 11800 manat pul və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 229,2 (iki yüz iyirmi doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar