Məhkəmə qərarları › İş №e-2-2(115)-941/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-941/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-941/2025 19.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1323,06 manat, hesablanmış cərimə borcuna görə 264,61 manat, ödənilmiş dövlət rüsumuna görə 36 manat olmaqla cəmi 1623 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Kompleksi” MMC ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 166 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 1.80 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2378 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 1054,94 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilənin 2.1.1, 2.1.7, 5.1-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1323,06 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın dəyərinin 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 264.61 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi 1323,06 manat х 20% = 264.61 (təqribi) manat. Eyni zamanda borclu Cavabdeh xx.xx.2024-cü il tarixli üzləşmə aktında xx.xx.2023-cü il tarixli, 166 saylı xampambığın alqı-satqı müqaviləsini pozaraq müəssisəyə borcu qaldığını təsdiq etmişdir Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək iddiaçıya olan borcunu bu il pambıq əkərək ödəyəcəyini bildirmiş, lakin iddiaçının aqronomunun bir dəfə də olsun sahəyə gəlib baxmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 166 saylı müqavilədən görünür ki, fermer Cavabdeh 1,80 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 5.1-ci maddəsinə əsasən fermer bu müqavilənin predmetii olan xam pambığı tam və ya qismən alıcıya satmaqdan yayınarsa və ya üçüncü şəxslərə satarsa alıcıya təhvil verilməyən xam pambığın dəyərinin 20% həcmində cərimə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 1323,06 manat borcu yaranmışdır. İş materiallarında olan üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh nağd olaraq 684 manat pul vəsaiti verilmiş, 975 manat dəyərində məhsul verilmiş, 710 manat dəyərində xidmət göstərilmişdir. Ümumilikdə 2378 manat xərc çəkilmiş, fermer 1054,94 manat dəyərində pambıq təhvil verimiş, fermerin cəmiyyətə 1323,06 manat borcu qalmışdır. Həmin aktı Cavabdeh imzalamamışdır. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh hesabına 684 manat pul köçürülmüşdür. İş materiallarında olan malların fiziki şəxslərə təhvili-qəbulu qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 265 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il atrixdə 340 manat, xx.xx.2023-cü il tarixdə 60 manat cə 37 manat, xx.xx.2023-cü il tarixdə 37 manat, xx.xx.2023-cü il tarxidə 60 manat, cəmi 975 manat dəyərində məhsul “X1 Kompleksi” MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xidmət aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 72 manat, xx.xx.2023-cü il tarixdə 32,40 manat, xx.xx.2023-cü il tarixdə 36 manat, xx.xx.2023-cü il tarixdə 32,40 manat, xx.xx.2023-cü il tarixdə 28,80 manat, xx.xx.2023-cü il tarixdə 30,60 manat, xx.xx.2023-cü il tarixdə 30,60 manat, xx.xx.2023-cü il tarixdə 28,80 manat, xx.xx.2023-cü il tarixdə 30,60 manat, xx.xx.2023-cü il tarixdə 28,80 manat, xx.xx.2023-cü il tarixdə 32 manat, xx.xx.2023-cü il tarixdə 270 manat, cəmi 653 manat məbləğində xidmət göstərilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında 21 yanvar 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh 1.80 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia tələbində Cavabdeh nağd olaraq 684 manat pul vəsaitinin verdiyini, 975 manat dəyərində məhsul verdiyini, 719 manat dəyərində xidmət göstərildiyini qeyd etmiş, ümumilikdə 2378 manat xərc çəkilməsini, fermer tərəfindən 1054,94 manat dəyərində pambıq təhvil veriməsini bildirməklə fermerin cəmiyyətə 1323,06 manat borcu qaldığını bildirmiş, həmin əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə nağd olaraq 684 manat pul vəsaitinin verilməsi bank çıxarışı ilə təsdiq edilir. Həmçinin iddiaçı tərəfindən cavabdehə 975 manat dəyərində məhsul verildiyi qəbzlərlə təsdiq edilir. Bundan başqa iddiaçı məhkəməyə xidmət göstərilməsi ilə bağlı Cavabdeh adına tərtib edilmiş aktlardan başqa digər şəxslərin adlarına tərtib edilmiş xidmət aktları da məhkəməyə təqdim etmişdir. Cavabdeh adına tərtib edilmiş aktlardan isə görünür ki, ümumikdə iddiaçı tərəfindən cavabdehə 653 manat dəyərində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə köçürülmüş 684 manat pul vəsaiti, 975 manat dəyərində məhsul, 653 manat dəyərində xidmət, habelə cavabdehin iddiaçıya 1054,94 manat dəyərində pambıq təhvil verməsi nəzərə alınmaqla cavabdehin iddiaçıya 1257,06 manat məbləğində borcunun yaranması müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən əsas borc üzrə 1257,06 manat pulun tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 264,61 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 1257,06 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1307,06 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 33,07 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli 166 nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə üzrə yaranmış 1257 manat 06 qəpik məbləğində borc, 50 manat cərimə olmaqla 1307 (bir min üç yüz yeddi) manat 06 (altı) qəpik pul və ödənilmiş 33 (otuz üç) manat 07 (yeddi) qəpikdövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar