Məhkəmə qərarları › İş №e-2-2(115)-95/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-95/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-95/2024 04.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9768 manat məbləğində pulun, ödənilmiş 110 manat mediasiya xərcinin və 18 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında şifahi müqaviləyə əsasən “Norm” sement məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında olan şifahi müqaviləyə əsasən, iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən müəyyən edilmişdir ki, Cavabdeh “Norm” sement məhsulları satılmış, qalıq 9768 manat isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 9768 manat borcu mövcud olmuşdur. Cavabdeh borcun etirafı barədə öz xətti və imzası ilə tərtib olunmuş aktda qeyd aparmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçıdan smenti satmaq üçün almışdır. İddiaçı iddia ərizəsində borcunu dəqiq göstərməmişdir. Belə ki, dəqiq nə qədər borcunun olduğunu bilmir, ancaq onun iddiaçıya o qədər məbləğdə borcu yoxdur. Üzləşmə aktı tərtib edildikdən sonra onun iddiaçıya ödənişləri olmuşdur. İddiaçının işçisi olan İkram müəllimə 200 manat ödəniş etmişdir. Həmçinin bazardan icarəyə obyekt götürmüşlər. İddiaçının əvəzinə onların icarədara olan qalıq borcu olan 817 manatı ödəmişdir və həmin pulu onun borcundan çıxacaqlarını bildirmişlər. O cümlədən 3717 manat ona əlavə borc yazılmışdır. Belə ki, həmin məbləğdə ona mal təhvil verilməmişdir. Təxmini olaraq 3700 manat ona artıq borc yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan yoxlama aktından görünür ki, Cavabdeh İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixə 9968 manat məbləğində borcunun olmasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh “Norm” sement məhsullarının nisiyə alqı-satqısı zamanı İddiaçı QSC-nə cəmi 9768 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC-nə nağd pulun təhvil təslim aktlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 296 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat məbləğində İddiaçı MMC-nə ödəniş edilmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında şifahi olaraq bağlanmış alqısatqı müqaviləsinə əsasən satıcı sement məhsullarını alcıya satmağı, alıcı isə həmin malları qəbul edərək dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya 9968 manat borcunun olmasını xx.xx.2022-ci il tarixdə təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən 9768 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh yoxlama aktına imza etdikdən sonra ödəniş etdiyini izahatında göstərmişdir. İş materiallarından görünür ki, həmin akt tərtib edildikdən sonra cavabddehin borcu 200 manat azaldılmışdır. Bundan başqa cavabdeh ona 3717 manat dəyərində malı təhvil vermədiyini, 817 manat iddiaçının əvəzinə icarə haqqı ödədiyini izahatında qeyd etmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında yoxlama aktı tərtib edilərkən və cavabdeh borcu etiraf edərək öz imzası ilə təsdiq edərkən izahatında göstərdiyi hallarla bağlı hər hansı bir qeyd aparmamışdır. Bununla bağlı iddiaçıya hər hansı etiraz bildirməmiş, borcun olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 110 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 18 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 110 manat mediasiya xərci və 18 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99 manat 68 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manat borc, 110 (bir yüz on) manat mediasiya xərci və 18 (on səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 99 (doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar