Məhkəmə qərarları › İş №e-2-2(115)-969/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-969/2024

22.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-969/2024 22.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə 11756,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 164,94 manat məbləğində (o cümlədən, faizlər üzrə 64,94 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə 11591,28 manat (o cümlədən, vergilər üzrə 140 manat) olmaqla, ümumilikdə 11756,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxslər haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxslərin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********494400, xx.xx.2023-cü il tarixli **********486000, xx.xx.2022-ci il tarixli **********610800 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbardarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1971-ci ildə Ağdam rayonu Başqərvənd kəndində doğulmuşdur. Ağdam rayonu Qərvənd Ərazi Dairəsi Baş Qərvənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 280 manat məbləğində borcu vardır. Həmçinin əmlaka yönəldilən məbləğ üzrə xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli 2- 2(113)-2713/21 və xx.xx.2021-ci il tarixli 2-2(113)-2798/21 saylı qətnamələr üzrə 11451,28 manat təşkil edir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 173,55 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-2713/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 11541,31 manat ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin siyahıya alınmış 15000 (on beş min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" Mənzil- Tikinti Kooperativinin dövlət büdcəsinə olan 11541,31 manat borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-2798/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən 1071,77 manat məbləğində məcburi dövlət sosial siğorta haqqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin siyahıya alınmış 15000 (on beş min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" Mənzil- Tikinti Kooperativinin Dövlət Sosial Müdafıə Fonduna olan 1071,77 manat borcu və 10 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 164,94 manat borcunun, habelə "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 140 manat borcunun, eləcə də sonuncunun əmlaka yönəldilən məbləğ üzrə 11451,28 manat borcunun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İlk öncə məhkəmə ərizənin "xxxx" Mənzil-Tikinti Kooperativinin əmlaka yönəldilən məbləğ üzrə 11451,28 manat borcu ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hüquqi şəxsin qeyd edilən məbləğdə borcunun ödənilməsi məqsədilə onun 15000 manat məbləğində əmlakı siyahıya alınmış, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmiş, 11541,31 manat borcun 15000 manat məbləğində siyahıya alınmış əmlakıın ixtisaslaşdırılmış açıq hərracda satılmaqla əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Vergi orqanı görülmüş həmin tədbirin tətbiqinin nəticə verməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, hansı səbəbdən görülən tədbirin nəticə verməməsi və başqa tədbirin görülməli olmasının vacibliyi əsaslandırılmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddə olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə hər iki hüquqi şəxsin dövlət büdcəsinə olan digər borcları ilə bağlı bildirir ki, ərizəçi həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 164,94 manat borcunun, habelə "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 140 manat borcunun ödənilməsi məqsədilə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən borc məbləğlərini nəzərə alaraq həmin məbləğdə (164,94 manat və 140 manat, cəmi 304,94 manat) borcun ödənilməsi üçün icra orqanının rəhbəri barəsində məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İHAM-ın “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar