Məhkəmə qərarları › İş №e-2-2(115)-97/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-97/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-97/2022 31.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh MMC-nin İddiaçı MMC-yə zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsi üzrə 20.08.2020-ci il tarixdə təqdim edilmiş AR22019009 nömrəli, 24.08.2020-ci il tarixdə təqdim edilmiş AR22019027 nömrəli və 21.09.2020-ci il tarixdə təqdim edilmiş AR22019201 nömrəli qaimələrə əsasən ödənilməmiş, cəmi 10502 manat məbləğində borc məbləğinin həmçinin, 20.08.2020-ci il tarixli AR22019009 nömrəli qaimə üzrə ödənilməmiş borc məbləği üçün 116 maanat 82 qəpik, 24.08.2020-ci il tarixli AR22019027 nömrəli qaimə üzrə ödənilməmiş borc məbləği üçün 2500 manat 42 qəpik, 21.09.2020-ci il tarixli AR22019201 nömrəli qaimə üzrə ödənilməmiş borc məbləği üçün 740 manat 922 qəpik, cəmi 3358 manat 162 qəpik manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş – 100 manat xərcin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş – 131 manat 58 qəpik məbləğində dövlət rüsumunun, cəmi 14093 manat 20 qəpik məbləğində vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsinə əsasən, kommersiya direktoru - X5 şəxsində təmsil olunan “Satıcı” - İddiaçı mühərrik yağlarının satılması və nəqliyyat vasitələri ilə təyinat məntəqəsinə çatdırılmasını, direktor - X4 şəxsində təmsil olunan “Alıcı” - Cavabdeh isə müqavilənin şərtləri əsasında “Mallar”ın dəyərinin ödənilməsi və “Mallar”ın Təyinat məntəqəsində qəbul edilməsi öhdəliyini öz üzərlərinə götürürmüşlər. Müqavilə əsasında 2 ədəd - Castrol CRB Turbomax 15W40 (208 Lt) (2*1,050.00 = 2,100.00 + 378.00 (ƏDV) = 2,478.00 AZN) satışına dair 21.09.2020-ci il tarixdə təqdim edilmiş və “Alıcı” tərəfdən təsdiq olunmuş AR22019201 nömrəli qaimə üzrə, 2 ədəd Castrol CRB Turbomax 15W40 (208 Lt) (2*1,050.00 = 2,100.00 AZN) + 2 ədəd Castrol Hyspin AWHM 46 (208 Lt) (2*1,100.00 = 2,200.00 AZN) + 2 ədəd Castrol Hyspin AWH-M 32 (208 Lt) (2*1,100.00 = 2,200.00 AZN) (ƏDV daxil cəmi 7,670.00 AZN) satışına dair 24.08.2020-ci il tarixdə təqdim edilmiş (“Alıcı” tərəfindən 5 gün ərzində imtina edilmədiyi üçün elektron sistem tərəfindən avtomatik təsdiq edilən) AR22019027 nömrəli qaimə üzrə, 100 ədəd Antifriz PG-40 (100*3,00=300 +54,00 (ƏDV)=354,00 AZN) satışına dair 20.08.2020-ci il tarixdə təqdim edilmiş AR22019009 nömrəli qaimə üzrə ödənişlər “Alıcı” tərəfindən bugünki tarixədək ödənilməmişdir. Mübahisənin məhkəməyə qədər tənzimlənməsi qaydasında “Satıcı”- İddiaçı MMC tərəfindən göndərilmiş 02.07.2021-ci il tarixli pretenziyaya əsasən, 20.08.2020-ci il tarixdə təqdim edilmiş AR22019009 nömrəli, 24.08.2020-ci il tarixdə təqdim edilmiş AR22019027 nömrəli və 21.09.2020-ci il tarixdə təqdim edilmiş AR22019201 nömrəli qaimələr üzrə ödənilməmiş, ümumilikdə 10502 manat məbləğində borcun 5 iş günü ərzində İddiaçı MMC-nin müqavilədə qeyd olunan bank hesabına ödənilməsi və pretenziyaya baxılmasının nəticələri barədə məlumat verilməsi tələb olunmuşdur. Pretenziya 10.07.2021-ci il tarixində Cavabdeh MMC-nin hüquqi ünvanına təhvil verilsə belə, borc məbləği ödənilməmiş və pretenziya ilə bağlı qarşı tərəf öz mövqeyini bildirməmişdir. Qeyd olunan qaimələr üzrə ödənilməmiş vəsait cəmi 10502 manat məbləğ təşkiledir. Tərəflər arasında bağlanmış 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsinin 5.1-ci maddəsində qeyd olunur ki, “Malların Alıcıya çatdırılma günündən etibarən, Alıcı bu müqavilənin müvafiq əlavələrində razılaşdırılmış qaimə-fakturada və ya ödəniş hesabında göstərilən malların dəyərini 30 təqvim günü ərzində satıcının hesablaşma hesabına köçürmə yolu ilə ödəyir” Göründüyü kimi, müqavilənin hesablaşma qaydasını müəyyən edən 5.1-ci maddəsinə görə, cavabdeh ən geci 30 təqvim günü ərzində qaimə-fakturada qeyd olunan malların dəyərini İddiaçı MMCyə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda, müqavilənin dəbbə pulu ödənilməsi şərtlərini müəyyənləşdirən 5.2-ci bəndində qeyd olunmuşdur ki, “Əgər Sifarişçi malın ödəniş müddətlərini yaxud Kommersiya təklifindəki şərtlərini pozarsa, Alıcı hər gecikmə gününə görə Sifarişçidən malın dəyərinin 0,1 % həcmində dəbbə pulunun ödənilməsi öhədliyinin icrasını tələb edə bilər.” Müqavilənin 5.2-ci bəndinə əsasən, Cavabdeh MMC 20.08.2020-ci il tarixli AR22019009 nömrəli qaimə üzrə 20.09.2020-ci il tarixdən 16.08.2021-ci il tarixədək olan dövr ərzində ödənilməmiş borc məbləği üçün 116 manat 82 qəpik, 24.08.2020-ci il tarixli AR22019027 nömrəli qaimə üzrə 24.09.2020-ci il tarixdən 16.08.2021-ci il tarixədək olan dövr ərzində ödənilməmiş borc məbləği üçün 2500 manat 42 qəpik; 21.09.2020-ci il tarixli AR22019201 nömrəli qaimə üzrə 21.10.2020-ci il tarixdən borc məbləği ödəniləcək günədək olan dövrü ərzində ödənilməmiş borc məbləği üçün 740 manat 922 qəpik, cəmi 3358 manat 162 qəpik məbləğində dəbbə pulunu İddiaçı MMC-yə ödəməlidir. Beləliklə, cavabdeh 10502 məbləğində əsas borc və 3358 manat 162 qəpik məbləğində dəbbə pulu olmaqla, cəmi 13860 manat 162 qəpik məbləğində vəsaiti iddiaçıya ödəməlidir. Müqavilənin 2.1-ci bəndində müəyyən edilmişdir ki, “Bu Muqavilə imzalandığı tarixdən hüquqi qüvvəyə minərək 12 ay müddətində və ya bu müqavilə üzrə öhdəliklər tərəflər tam yerinə yetirilənədək hüquqi qüvvədə qalacaqdır. Cavabdeh MMC İddiaçı MMC-yə qarşı keyfiyyətsiz malların istifadəsi nəticəsində nasaz vəziyyətə düşmüş avtonəqliyyat vasitələrinin yararlı saz vəziyyətə salmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinə əməl edilməsinə dair ilkin iddianın təmin edilməməsi, cavabdehlə 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən şirkətə 20.08.2020-ci il tarixli AR 22019009 saylı, 21.09.2020-ci il tarixli AR22019201 saylı və 24.08.2020-ci il tarixli AR 22019027v saylı qaimə fakturalar üzrə 10502 manat məbləğində hər biri 208 litr olmaqla 8 çəllək təhvil verilmiş CASTROL CRB Turbomax 15W40 mühərrik yağları keyfiyyətsizliyi, texniki normativlərə uyğun olmaması nəticəsində həmin mühərrik yağlarının istifadə edilməsi nəticəsində sıradan çıxmış 3 ədəd yük maşını və 2 ədəd traktor (ŞAQMAN 05AC293, ŞAQMAN ** AC ***, ŞAQMAN 05AC 114, traktorlar Bobcat 05E012, Slindir 05T509) cavabdehin vəsaiti hesabına təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən şirkətə 20.08.2020-ci il tarixli AR 22019009 saylı, 21.09.2020-ci il tarixli AR22019201 saylı və 24.08.2020-ci il tarixli AR 22019027vsaylı qaimə fakturalar üzrə 10502 manat məbləğində hər biri 208 litr olmaqla 8 çəllək CASTROL CRB Turbomax 15W40 mühərrik yağı təhvil verilmiş, lakin mühərrik yağının keyfiyyətsizliyi, texniki normativlərə uyğun olmaması nəticəsində həmin mühərrik yağlarının istifadə edildiyi 3 ədəd yük maşını və 2 ədəd traktor sıradan çıxmış, nasaz vəziyyətə düşmüş, mühərrikləri iş prosesində yağ dəyişdikdən sonra qısa müddətdən sonra dağılmış və 2020-ci ilin oktyabr ayından qeyri-işlək vəziyyətə düşmüşdür. Bununla bağlı ayrı-ayrı 2 usta mütəxəssisə müraciət etmiş, dekabr 2020-ci il tarixdə həmin mütəxəssislər bizə avtonəqliyyat vasitələrində nasazlığın mühərrik yağlnın qüsurlu olması səbəbindən mühərrikin sıradan çıxması ilə bağlı olmasını yazılı şəkilə qüsur aktları ilə bildirmişlər. Bundan sonra cavabdehə dəfələrlə danışıqlar aparmış, hətta cavabdeh mühərrik yağ nümunələrini nasaz vəziyyətə düşmüş avtonəqliyyat vasitələrindən də götürmüşdür və öz laboratoriyaalarında aparılmış yoxlama ilə təsdiq etmişlər ki, mühərriki sıradan, çıxmış avtonəqliyyat vasitələrində aşkar edilmiş yağ İddiaçı MMC tərəfindən onlara satılmış yağ nümunəsi ilə eynilik təşkil edir. Avtomaşınlar bunlardır: ŞAQMAN 05AC293, ŞAQMAN ** AC ***, ŞAQMAN 05AC114, traktorlar Bobcat 05E012, Slindir 05T509. Bıı səbəbdən də cavabdeh yağlara görə pul məbləğini onlardan tələb etməmiş, aralarında üzləşmə aktı tərtib edilməmiş və mövcud halı aradan qaldırılması üçün tədbirlər görəcəklərini vəd etmişlər. Lakin sonradan məlum epidemiya dalğaları və sonra danışıqlar gedişində hazırda onlara məlum olmuşdur ki, cavabdeh nəinki təqsirini etiraf etmək yönümündə işlər tədbirlər görməmiş, hətta hazırda iddia ərizəsi ilə məhkəməyə pul tələbi ilə müraciət etmişdir. İlkin mediasiya prosesində mediasiya xərcinin yarısını ödəməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində ziyan dəyməsi halı cavabdehin nümayəndəsinə izah edilmiş və barışıq yolu ilə mövcud halın aradan qaldırılması təklif edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minərək 12 ay müddətində və ya bu müqavilə üzrə öhdəliklər tərəflər tam yerinə yetirənədək hüquqi qüvvədə qalacaqdır. Mediasiya arayışına əsasən 100 manat mediasiya üçün haqq ödənilmişdir. Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, yararsız vəziyyətə düşmüş 3 Şaqman markalı və 2 ədəd traktora dəymiş ziyan məbləğinin 49500 manat nasaz və yarasız vəziyyətə düşmə vaxtı oktyabr ayından olmasını nəzərə alaraq əldən çıxmış fayda kimi 2020-ci ilin noyabr ayından hesablamaqla hər ay günü 250 manat olmaqla hər Shaqman yük maşını üçün 7500 man aylıq, traktor Katok ayı 5000 manat və digər traktor olan Bobkat universal yükləyici ayı 4000 manat omaqla 12 ay üçün 3 Shaqman maşını üzrə 270 000 manat, 48 000 manat Bobkat traktor üzrə, traktor Katok üzrə isə 60 000 manat əldən çıxmış fayda vardır. Hazırki vaxta onlara dəymiş ziyan məbləği 427500 manat təşkil edir. Eləcə də, 50 manat məhkəmə xərci də daxil olarsa 427550 manat ilkin iddia üzrə iddiaçıdan tələb etməyə haqlıdırlar. Lakin cavabdeh İddiaçı MMC-dən ziyan məbləği olaraq 100 000 manat həddində dəymiş ziyan məbləği olaraq pul tələb edirlər. Odur ki. məhkəmədən ilkin iddia üzrə iddiaçıdan qarşılıqlı iddia tələbini dəqiqləşdirərək dəymiş ziyan məbləği olaraq 427550 manat pul tutulmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan arayışda 5W40 yağlarının tərkibi analiz olunub. Lakin onların cavabdeh təşkilata satdıqları yağ 15W40 yağıdır. Eyni zamandan nümunəyə təqdim olunan yağların İddiaçı MMC tərəfindən satıldığı təqdim edilən arayışla təsdiq olunmur. Onların satdıqları yağların uyğunluq sertifkatı mövcuddur və hər müştəriyə həmin sertifkat təqdim olunur. Bundan başqa mal satıldıqdan sonra qarşı tərəfdən onlara qarşı rəsmi qaydada heç bir problem bildirilməyibdir. Mediasiya prosesinə qədər heç bir məlumat daxil olmamışdır. Qarşı tərəfin təqdim etdiyi qüsur aktı isə bir tərəfli aktdır və həmin akt obyektiv araşdırmanın nəticəsi deyildir, həmin aktı qəbul etmirlər. İlkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən şirkətə mühərrik yağı təhvil verilmiş, lakin mühərrik yağının keyfiyyətsizliyi, texniki normativlərə uyğun olmaması nəticəsində həmin mühərrik yağlarının istifadə edildiyi 3 ədəd yük maşını və 2 ədəd traktor sıradan çıxmış, nasaz vəziyyətə düşmüş, mühərrikləri iş prosesində yağ dəyişdikdən sonra qısa müddətdən sonra dağılmış və 2020-ci ilin oktyabr ayından qeyri-işlək vəziyyətə düşmüşdür. Hazırki vaxta onlara dəymiş ziyan məbləği 427500 manat təşkil edir. Nəticədə keyfiyyətsiz yağın satılması onların texnikalarının yararsız vəziyyətə düşməsinə səbəb olmuş və onlar texnikaları icarəyə verə bilməyib, maddi ziyan çəkmişlər. Odur ki, ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh MMC–yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 05.08.2020-ci il tarixli PG-020-056 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı mühərrik yağlarının satılmasını və nəqliyyat vasitələri ilə təyinat məntəqəsinə çatdırılmasını, alıcı isə müqavilənin şərtləri əsasında malların dəyərinin ödənilməsini və malların təyinat məntəqəsində qəbul edilməsi öhdəliyini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, əgər sifarişçi malın ödəniş müddətlərini və yaxud kommersiya təklifindəki şərtlərini pozarsa, alıcı hər gecikmə gününə görə sifarişçidən malın dəyərinin 0,1% həcmində dəbbə pulunun ödənilməsi öhədliyinin icrasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 05 avqust 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokulundan görünür ki, 1 ədəd Castrol CRB Turbomax 15W40 (208 Lt)ın qiyməti 1050 manat, 1 ədəd Castrol Hyspin AWHM 46 (208 Lt)-ın qiyməti 1100 manat, 1 ədəd Castrol Hyspin AWH-M 32 (208 Lt)-nin qiyməti 1100 manat, 100 ədəd Antifreeze PG 40 (L)-ın qiyməti 300 manat, 1 ədəd Devon Litol (5kg)-un qiyməti 30 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən görünür ki, 21.09.2020-ci il tarixli AR22019201 nömrəli qaimə üzrə ümumilikdə qiyməti 2478 manat olan 2 ədəd Castrol CRB Turbomax 15W40 (208 Lt), 24.08.2020-ci il tarixli AR22019027 nömrəli qaimə üzrə ümumilikdə qiyməti 7670 manat olan 2 ədəd Castrol CRB Turbomax 15W40 (208 Lt), 2 ədəd Castrol Hyspin AWH-M 32 (208 Lt), 2 ədəd Castrol Hyspin AWH-M 46 (208 Lt), 20.08.2020-ci il tarixli AR22019009 nömrəli qaimə üzrə 100 ədəd qiyməti 354 manat məbləğində Antifriz PG-40 Cavabdeh MMC tərəfindən sifariş verilmişdir. Sifariş olunan malların ümumi dəyəri 10502 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş daşınma vərəqələrindən görünür ki, sifariş olunan mallar Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Setifkatlaşdırma Sistemi tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş 12.07.2019-cu il tarixli İDS 003426 nömrəli, 29.12.2020-ci il tarixli İDS 007724 nömrəli uyğunluq sertifkatlarından görünür ki, istehsalçı BP.Petrolleri Anonim Şirkətinin “BP and Castrol” mühərrik yağları TS 12330 tələblərinə uyğundur. İş materillarına əlavə olunmuş 29 sentyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı MMC (nümayəndəsi X3) və Cavabdeh MMC (nümayəndəsi Nümayəndə) ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat mediasiyaya dair xərci tərəflər 50/50 faiz, yəni hər bir tərəf 100 manat olmaqla ödəmişlər. İş materiallarına əlavə olunmuş ********* nömrəli ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı 131 manat 58 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC İddiaçı MMC-dən 10502 manat məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair İddiaçı MMC qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam həcmdə yerinə yetirməyərək, iddiaçıya 10502 manat borcu qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 10502 manat əsas borc, 700 manat cərimə borcu olmaqla, cəmi 11202 məbləğində borc, ödənilmiş 100 manat mediasiya xərci və 131 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə ilk iddia rədd olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 05.08.2020-ci il tarixli PG-020-056 nömrəli alqı-satqı müqaviləsi üzrə 700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına X1 verilən 11.04.2022-ci il tarixli 28.28.16/157 nömrəli analiz nümunələrinin nəticələrindən görünür ki, təqdim olunan işlənmiş SAE 5W- 40 və SAE 5W-40 adları ilə təqdim olunmuş mühərrik yağlarının keyfiyyət göstəricilərinin laboratoriyada analizləri aparılmış və müəyyən edilmişdir ki, bu yağların kinematik özüllüyü ( 40 dərəcə və 100 dərəcədə), özlük indeksi, sıxlığı, suyun miqdarı, kükürdün miqdarı, donma və alışma temperaturları və.s normaya uyğun deyildir. İş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya Castrol CRB Turbomax 15W40 yağı satılmış, lakin analiz nümunəsi kimi SAE 5W-40 yağı təqdim olunmuşdur. Təqdim olunan yağın İddiaçı MMCdən alınması da analiz nümunələrinin nəticələri ilə öz təsdiqini tapmır. Həmçinin 05.08.2020-ci il tarixli PG-020-056 saylı alqı-satqı müqaviləsinin 8.2-ci bəndindən görünür ki, hər hansı bir tərəf üçün bu müqaviləyə görə öhdəliyin icrası mümkün olmadıqda, o bu barədə dərhal digər tərəfə məlumat verməli və bunu əsaslandıran, müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilən sənədi təqdim etməlidir. Lakin Cavabdeh MMC tərəfindən iddia edilən texnikaların qeyri-işlək vəziyyətə düşməsi ilə bağlı halın PETROKEM QRUP” MMC-yə bildirilməsi iş materilları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 10502 manat əsas borc, 700 manat cərimə borcu olmaqla, cəmi 11202 məbləğində borc, ödənilmiş 100 manat mediasiya xərci və 131 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə tutulsun. Qalan hissədə ilk iddia rədd olunsun. Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar