Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-970/2025 24.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3058,11 manat, hesablanmış cərimə borcuna görə 611,62 manat ödənilmiş dövlət rüsumuna görə 57 manat olmaqla cəmi 3726.73 manat pulun Cavabdeh alınaraq “X4 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Tədarükü” məntəqəsi və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 139 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəsində olan 10.52 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 20345,58 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 17287,47 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 139 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.1-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3058,11 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın dəyərinin 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 611.62 manat təşkil edir. Eyni zamanda borclu Cavabdeh xx.xx.2024-cü il tarixli üzləşmə aktında xx.xx.2023-cü il tarixli, 139 xampambığın alqı-satqı müqaviləsini pozaraq müəssisələrinə borcu qaldığını təsdiq etmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin, elektron kargüzarlıq qaydasında cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, iş və xidmətlərin göstərilməsinə dair aktlar, bank köçürməsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 139 saylı xam-pambığın alqı-satqısına dair müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “Tərtər Pİ və EZ” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 139 saylı xam-pambığın alğı-satqı müqaviləsinə görə cavabdeh öhdəsində olan 10,52 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20 faizi həcmində 1-ci növ qiyməti ilə cərimə ödəyir. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 20345,58 manat məbləğində avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, dərman, toxumluq çiyid, gübrələr və s.) verilmiş, işlər görülmüş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh iddiaçı tərəfindən verilmiş avans vəsaitlərin, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərini istehsal etdiyi xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, avans məbləğindən artıq təhvil verdiyi xam-pambığın dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək verilmiş avans vəsaitlərin, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərini iddiaçıya tam şəkildə ödəməmişdir. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 20345,58 manat avans borcundan 17287,47 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 20345,58 manat avans verildiyi və cavabdeh tərəfindən 17287,47 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 3058,11 manat əsas borcunun olduğu müəyyən olunur. Odur ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 611,62 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 150 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılmaq üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 52,09 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 4,91 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3058,11 manat məbləğində borc, 150 manat cərimə olmaqla, ümumilikdə 3208,11 manat məbləğində pul və 52,09 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 4,91 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-970/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-970/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver