Məhkəmə qərarları › İş №e-2-2(115)-98/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-98/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-98/2024 30.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC xeyrinə 4390 manat 25 qəpik məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 70 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 088/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 8260 manat 17 qəpik dəyərində “Norm” sement məhsulları satılmış, cavabdeh isə cəmi 3869 manat 92 qəpik pul ödəmiş, qalıq 4390 manat 25 qəpik isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 4390 manat 25 qəpik borcu mövcud olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsa da, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, məhkəmə zamanı cavabdehin ödənişlər etmiş olduğunu və hal-hazırda cavbdehin iddiaçıya borcunun 3980 manat 25 qəpik təşkil etdiyini, ona görə də iddia tələbinin azadılması və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3980 manat 25 qəpik məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 70 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 088/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmiş, iddiaçı Norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 201027 nömrəli və xx.xx.2021ci il tarixli 549828 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında 8260 manat 17 qəpik məbləğində mal satılmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4390 manat 25 qəpik borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 8260 manat 17 qəpik məbləğində mal almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya 3980 manat 25 qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasına riayət edərək, Cavabdeh borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 04 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 59 manat 80 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3980 manat 25 qəpik məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilməli olan 59 manat 80 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3980 manat 25 qəpik məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 59 manat 80 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar