Məhkəmə qərarları › İş №e-2-2(115)-999/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-999/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-999/2021 19.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 avqust 2018-ci il traixli 17718 nömrəli müqavilə üzrə 78.157 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 07 avqust 2018-ci il traixli 17718 nömrəli alğısatqı müqaviləsi üzrə müəyyən edilmiş şirə məhsullarının alğı-satqısı ilə bağlı razılaşma əldə olunmuşdur. 18 sentyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən "xxxx" MMC-nin teymur Əhmədov adına "xxxx" QSC qarşısında 78.157 manat borcu yaranmışdır. "xxxx" MMC sonradan adını dəyişmiş Cavabdeh MMC adı altında fəaliyyətini davam etdirir. Lakin borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən imtina etməkdədir. Bununla bağlı dəfələrlə xəbərdar edilsə də cavabdeh borcu ödəməmişdir. İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil 04 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir, tərəflər arasında bağlanmış müqaviləyə əsasən şirə məhsullarının alğı-satqısı həyata keçirilmişdir, müvafiq elektron qaimələrdə malların verilməsi öz əksini tapmışdır, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən 78157 manat borcu yaranmışdır, həmin borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh rəhbəri X1 29.10.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. Rəhbəri olduğu həmin hüquqi şəxslərin "xxxx" QSC qarşısında ödənilməmiş borcu qalmamışdır. Ona görə də iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 07 avqust 2018-ci il tarixli 17718 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində Teymur Əhmədov adına "xxxx" QSC razılaşdırılmış malları alıcı qismində çıxış edən ”Grante-Qərb” MMC-yə ödəməyi, alıcı isə öz növbəsində malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə sənədlərdən göründüyü kimi ”Grante-Qərb” MMC və Cavabdeh MMC vergi orqanında eyni VÖEN ilə (**********) qeydə alınmışlar. Yoxlama aktının surətindən görünür ki, 01.01.2020-18.09.2020-ci il tarixləri müddətində "xxxx" MMC-nin Teymur Əhmədov adına "xxxx" QSC-yə 78.157 manat borcu qeyd edilmişdir. 25 iyun 2021-ci il tarixli 53 nömrəli pretenziya məktubunun surətindən görünür ki, borclu yaranmış borcla bağlı xəbərdar edilmişdir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, razılaşdırılmış mallar cavabdehə verilmiş və malların dəyərindən 78.157 manat hissədə ödəniş edilməlidir. Bu hal elektron qaimələrdə də öz əksini tapmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısına məhkəmə iclasında qulaq asılmışdır. Həmin səs yazısı borcun mövcudluğunu istisna edən sübut kimi kimi əhəmiyyət daşımamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında alğı-satqı müqaviləsi imzalanmış, hazırki iş üzrə iddiaçı satıcı olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh alıcı olaraq isə bunun əvəzinə müəyyən olunmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 07 avqust 2018-ci il tarixli 17718 saylı müqavilə üzrə 78157 (yetmiş səkkiz min yüz əlli yeddi) manat məbləğində pul tutularaq iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 07 avqust 2018-ci il tarixli 17718 saylı müqavilə üzrə 78157 (yetmiş səkkiz min yüz əlli yeddi) manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar