Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-102/2022 31.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh “3004,60 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 248,05 manat məbləğin və mediasiya sessiyasının keçirilməsi və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 62,52 manat vəsaitin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə inşaat materiallarının alqı-satqısı müqaviləsi bağlanmışdır. Tərəflərin bağladığı müqavilənin 5.1-ci maddəsinə əsasən təhvil alınmış malların dəyəri köçürmə yolu ilə və yaxud nağd formada Malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən inşaat maeriallarının kütləsi, rəngi və qiyməti ilə bağlı razılaşmışlar. Razılaşmaya əsasən "xxxx" MMC tərəfindən mallar təhvil verilmiş, 11.05.2020-ci il tarixdə tərəflər arasında üzləşmə aparılmış və cavabdehin 3004,60 manat borcu olduğu təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktından görünür ki, 11.05.2020-ci il tarixə Cavabdeh ödənilməmiş 3004,60 manat borcu vardır. 05.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda 3004,60 manat məbləğində icra olunmamış borcu vardır və həmin borca 11.05.2020-ci il tarixdən 05.01.2022-ci il tarixədək hesablanmış əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 248,05 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi olan zərfdə onun həmin ünvanda yaşamadığı bildirildiyindən, məhkəmə bildirişi çatdırılmaq üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilmiş, həmin orqan tərəfindən 09.03.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlanaraq məhkəmə bildirişinin cavabdehə təqdim edildiyi bildirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 20.05.2019cu tarixli müqavilə, 11.05.2020-ci il tarixli üzləşmə aktı, 05.01.2022-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600)). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə inşaat materiallarının alqısatqısı müqaviləsi bağlanmış, sonuncu həmin müqavilə üzrə aldığı malların əvəzini ödəməsini öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş 3004,60 manat borcu qalmışdır. Cavabdehin 11.05.2020-ci il tarixə iddia olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış üzləşmə aktı ilə təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 3004,60 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 248,05 manat məbləğin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı Sifariş edilmiş malların dəyərini Bu müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün Satıcıya sifariş edilmiş Malların tam ödənildiyi günə qədər Malların ödənilmədiyi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməlidir. İddiaçı isə hazırkı iddiada cərimə tələb etməmiş, əldən çıxmış faydanı tələb etmişdir. İşdə olan 05.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda 3004,60 manat məbləğində icra olunmamış borcu vardır və həmin borca 11.05.2020-ci il tarixdən 05.01.2022-ci il tarixədək hesablanmış əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 248,05 manat təşkil edir. Həmin məbləğ tərəflər arasında bağlanmış inşaat materiallarının alqı-satqısı müqaviləsi üzrə cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində MM-in 445.7-ci maddəsinə əsasən, iddiaçı tərəfindən hesablanmış zərərdir. MM-in: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci madəsinəəsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan espublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun cərimə tələb etmədiyindən və icra edilməyən məbləğə münasibətdə illik 5 faiz əldən çıxmış fayda tələb etdiyindən məhkəmə qeyd edilən hissədə tələbin təmin edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 60 manat mediasiya xərci, 2,52 manat ödədiyi dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdehdən məhkəmənin hesabına ödənilməli olan 50 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 3004,60 (üç min dörd manat altmış qəpik) manat borc, 248,05 manat əldən çıxmış faydaya görə vəsait və 60 manat mediasiya xərci, 2,52 manat ödədiyi dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Cavabdeh məhkəmənin hesabına ödənilməli olan 50 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-102/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-102/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver