Məhkəmə qərarları › İş №e-2-2(117)-1020/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1020/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1020/2024 15.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “2222 manat əsas borc, 50 manat cərimə borcu və ödənilmiş 110 manat mediasiya rüsumunun tutulması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı haqqında müqaviləyə əsasən, satıcı İddiaçı MMC ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu”nda (1 nömrəli əlavədə) əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və dəyərini bu müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. 2.2.4-cü bəndinə əsasən, satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq dəyərini 18 ay ərzində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 əsasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alğı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə (qiymətlərin razılaşma protokolu) əsasən Cavabdeh 19900 manat məbləğdən 3000 manat hissəsini ilkin ödəniş kimi etməli, qalan məbləği xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 939 manat, sonuncu ay isə 937 manat olmaqla hissə-hissə ödəməlidir. xx.xx.2022-ci il tarixdə hər iki tərəfin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, razılaşdırıldığı kimi dəyəri 19900 manat olan FQ A 31 GUATRO qara New Multifunction DPL Machine cavabdehə təhvil vermiş və cavabdeh həmin aktı imzalamaqla malı qəbul etdiyini təsdiq etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 19900 manat olan FQ A 31 GUATRO qara New Multifunction DPL Machine markalı avadanlığı cavabdehə təhvil vermiş, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 2222 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə poçt vasitəsilə (anası Kərimova Şərqiyə) çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşdırılması protokolu, maliyyə arayışı, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı haqqında müqaviləyə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu”nda (1 nömrəli əlavədə) əks olunan və xx.xx.2022-ci tarixli təhvil-təslim aktı ilə FQ A 31 GUATRO qara New Multifunction DPL Machine markalı avadanlığı alıcıya təhvil vermiş, alıcı isə avadanlığı təhvil–təslim aktına imza etməklə qəbul etsə də, qalıq dəyərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 2222 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçıya 2222 manat borcu qalmışdır ki, iddia təmin edilərək 2222 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı 50 manat cərimə borcunun ödənilməsini də iddia edir ki, bunda da haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh aldığı FQ A 31 GUATRO qara New Multifunction DPL Machine markalı avadanlığın dəyərini tam ödəmədiyindən qalıq 2222 manat borcu qalmışdır ki, hazırki vəziyyətdə cərimənin ödənilməsi müqavilə şərti ilə nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində alıcının öhdəliyinin tam icra edilməməsi halında gecikdirilmiş məbləğə 1 faiz cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh borcunu tam ödəməməklə müqavilə öhdəliyini pozduğundan iddaçının tələbi üzrə 50 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 42.72 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 42.72 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 100 manat mediasiya xərci, 10 manat dəftərxana xərci ödəmişdir. İddiaçı 110 manatı ümumilikdə cavabdehdən tələb etsə də, məhkəmə qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat dəftərxana xərci kargüzarlıq xərci olmaqla mediasiya xərcinə aid edilmədiyindən cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2222 manat əsas borc, 50 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 42.72 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar