Məhkəmə qərarları › İş №e-2-2(117)-1021/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1021/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1021/2023 09.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2410,92 manat əsas borc, 100 manat dəbbə pulu, mediasiya üçün ödənilmiş 65 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 272/21 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu suları, spirtli, spirstsiz içkilər və s. məhsullarını “alıcının” sifarişi nəzərə alınmaqla, qaimə faktura əsasında “alıcıya” satmağı öhdəsinə götürür. 1.2ci bəndinə əsasən, müqaviləyə əsasən satılan malların hər birinin miqdarı faktura ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən, “satıcı” öz anbarından realizə edilmək üçün “alıcıya” verdiyi məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanuvericiliyə müvafiq olaraq hesablanmış ƏDV, faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “alıcı” təmin edir. Satıcı olan iddiaçı ümumi dəyəri 2410,92 manat olan malları cavabdeh olan alıcıya satdığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 21 iyun 2021-cu il tarixli, 272/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s.məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “alıcı” ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə elektron qaimələrdən görünür ki, Cavabdeh ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 2410.92 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddiasının hüquqi əsası kimi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələri məhkəməyə təqdim etmiş və malların satışını həmin elektron qaimələrlə əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq sonuncu iddia tələbinə dair əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr, mediasiyaya müraciət və arayış, xəbərdarlıq məktubu, məhkəməyə müraciət etmək üçün pretenziya və sair sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 272/21 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirir, tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş və müqavilənin etibarsızlığı ilə bağlı mübahisə mövcud deyildir. Bu isə tərəflər arasında etibarlı müqavilənin bağlandığı anlamına gəlir. Tərəflər arsında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, satıcı özünün idxal etdiyi və ya rəsmi distribütoru olduğu suları, spirtli, spirstsiz içkilər və s. məhsulları alıcıya satmağı, alıcı isə məhsulların dəyərini nağdsız qaydada 30 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Satılacaq məhsulların bir vahidinin qiyməti, ümumi dəyəri və həmçinin qanunvericiliyə müvafiq hesablanmış ƏDV-si faktura ilə müəyyən edilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, satıcı özünün idxal etdiyi və ya rəsmi distribütoru olduğu suları, spirtli, spirstsiz içkilər və s. məhsullarını “alıcının” sifarişi nəzərə alınmaqla, qaimə faktura əsasında “alıcıya” satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş sənədlərdə nə cavabdehin sifarişi, nə də ki, malların təhvil verilməsini təsdiq edən qaimə-faktura mövcud deyildir. Bundan başqa tərəflər müqavilənin 2.1-ci bəndində razılaşmışlar ki, “satıcı” öz anbarından realizə edilmək üçün “alıcıya” verdiyi məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanuvericiliyə müvafiq olaraq hesablanmış ƏDV, faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “alıcı” təmin edir. İddiçı həmin malların özündə mövcud olduğunu və cavabdehin şifarişi əsasında anbardan realizə edilməsini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etmir və iş materiallarındakı sənədlərlə əlaqəli şəkildə qiymətləndirilməlidir ki, iş materiallarında əlaqəli şəkildə qiymətləndiriləcək başqa sübut mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixli məktubla iddiaçıdan işin araşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin (malların qiymət razılaşmasını təsdiq edən sübutların, malların təhviltəslim aktlarının, qaimə-fakturaların) 5 gün müddətində təqdim olunması, əks halda işə təqdim edilmiş və iş materiallarında olan sübutlar əsasında baxılacağı barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq hazırki vaxta qədər qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi elektron qaimə fakturalar özlüyündə iddiaçı tərəfindən malın təhvil verildiyini birbaşa təsdiq etmir və hazırki vəziyyətdə əlaqəli şəkildə malların təhvil verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iş materiallarındakı elektron qaimələrin birbaşa olaraq məhkəmə tərəfindən malın təhvilini təsdiq edən sübut qismində qiymətləndirilməsi mümkün deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı məhkəmənin tələbinə baxmayaraq malların təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və bununla da malların təhvil verilməsini sübut edə bilmədiyindən iddia tələbi 2410,92 manat əsas borcun tutulması hissəsində rədd edilməlidir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllə - maddə 77.1). İddianın 100 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlandığı xx.xx.2021-ci tarixdə qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir..... Göründüyü kimi, 462.1-ci maddənin xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiyasına görə dəbbə pulu ilə bağlı razlaşma müqavilə ilə müəyyənləşdirilməli olan pul öhdəliyi olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı razılaşma mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həm iddia tələbi əsas borca münasibətdə əsassız olduğundan, həm də dəbbə pulu ilə bağlı razılaşma mövcud olmadığından iddia tələbi dəbbə pulunun tutulması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 45,11 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən ödənilməmiş 45,11 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 60 manat mediasiya xərci ödədiyindən Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən məhkəməyə dövlət rüsumu ödəmədən müraciət etmək imkanı əldə etmişdir ki, iddia tələbi rədd olunduğundan ödənilməmiş dövlət rüsumu məhz iddiaçıdan tutulmalıdır. Eyni zamanda iddiaçı 65 manat mediasiya xərcinin ödənilməsini tələb edir ki, bunda haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş mediasiya sənədindən görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İddia tələbi rədd edildiyindən ödənilmiş 60 manat mediasiya xərci tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “2410,92 manat əsas borc, 100 manat dəbbə pulu, mediasiya üçün ödənilmiş 65 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 45,11 manat dövlət rüsumu İddiaçı MMC-dən dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar