Məhkəmə qərarları › İş №e-2-2(117)-1025/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1025/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1025/2023 07.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə 3660 manat məbləğində əsas borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh hesablanmış 3564 manat abonent borcun abonent hesabından silinməsi” tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə 3660 manat məbləğində əsas borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsini, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3564 manat abonent borcunun hesabdan silinməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, ilkin və qarşılıqlı iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ilə Cavabdeh arasında Ağdaş rayonunda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə AMX-1265/20 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması abonent saldosu ilə öz təsdiqini tapır.İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 3660 manat borcun və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan görünür ki, Quliyeva X1 (istixana) 3660 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, Cavabdeh məxsus Ağdaş rayonunda yerləşən istixanada G-6 markası 28099260 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, Cavabdeh məxsus Ağdaş rayonunda yerləşən istixanada G-6 markası 28099260 nömrəli sayğac çıxarılmış, yerinə G-6 markalı **********5 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X2 pozulması haqqında” Aktdan görünür ki, G-6 markası 28099260 nömrəli Sayğacda qüsurlar aşkar edilmişdir. Plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Sayğacın hesablama mexanizmi işləmir. Keçən qazın həcmini qeyd etmir. Sayğacın membranı ilişərək işləyir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 16200 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışı”ndan görünür ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yoxlamaların aparılması tarixi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1.Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında Göyçay rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, Cavabdeh məxsus Ağdaş rayonunda yerləşən istixanada G-6 markası 28099260 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Akt tərtib edilərək Cavabdeh məxsus Ağdaş rayonunda yerləşən istixanada G-6 markası 28099260 nömrəli sayğac çıxarılmış, yerinə G-6 markalı **********5 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə G-6 markalı 28099260 nömrəli Sayğacda qüsurlarla bağlı ******* nömrəli “Təbii X2 pozulması haqqında” Akt tərtib edilmiş və bununla bağlı cavabdehə “Dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. 16200 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, sayğacın quraşdırılması, çıxarılması və qüsurların müəyyən olunması, eləcə də yoxlamaların keçirilmə dövrləri ilə bağlı uyğunsuzluqlar vardır. Belə ki, xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Aktda Cavabdeh məxsus Ağdaş rayonunda yerləşən istixanada G-6 markası 28099260 nömrəli sayğacın çıxarıldığı və yenisi ilə əvəz edildiyi qeyd edilmiş, lakin xx.xx.2023-cü il tarixdə həmin nömrəli sayğacda qüsurların olduğu müəyyən edilmiş və akt tərtib edilmişdir. Digər uyğunsuzluq isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışı ilə bağlıdır ki, Cavabdeh məxsus qeyriyaşayış sahəsində yoxlamaların aparılması tarixi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə etsə də, çıxarışın alınma tarixi xx.xx.2023-cü il tarixdir. Bütün qeyd edilənlər onu göstərir ki, iddiaçı tərəfindən akt tərtib edilərək qanunvericiliyin tələbləri pozulmuş, icazə alınmamışdan əvvəl sahibkarlıq obyektinə ilk iddiaçının nümayəndəsi daxil olmuş, sayğacı çıxararaq sonradan yəni xx.xx.2023-cü il tarixdə yoxlama aparılaraq akt tərtib edilmiş və tərtib edilmiş akt əvvəlki tarixlərdə çıxarılmış sayğacla bağlı olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, ilk iddiaçı tərəfindən tərtib edilmiş akt qanunsuz olaraq tərtib edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, akt qanuni surətdə tərtib edildiyini qanuni olsa belə cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş, eyni zamanda yuxarıda qeyd edilən normaların tələbləri baxımından həmin sayğacın saz vəziyyətdə saxlanması cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 77.2-ci maddəsinin tələblərinə görə ilk iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və ilk iddia üzrə cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına tətbiq edilməli hüquq normalarını həm ilk, həm də qarşılıqlı iddiaya münasibətdə tətbiq edilən normalar olaraq nəzərdən keçirib belə nəticəyə gəlir ki, ilk iddiaçı tərəfindən hesablanmış borcun yaranmasının əsasları olmadığından, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından və hər hansı pozuntunun ilk iddia üzrə cavabdehin təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 56.6 manat təşkil edir ki, ilk iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat ödənilməsini, eyni zamanda qarşılıqlı iddia üzrə dövlət rüsumu da qarşılıqlı iddia verən şəxs olan cavabdeh tərəfindən ödənildiyindən və həmin rüsum tələb edilmədiyindən tərəflərdən tutulacaq məhkəmə xərci mövcud olmadığından tərəflərdən məhkəmə xərci tutulmamalıdır.

Nəticəvi hissə :

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə 3660 manat məbləğində əsas borcun və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh hesablanmış 3564 manat borc abonent hesabından İddiaçı tərəfindən silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar