Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-104/2022 15.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh E.T.İ X6 X1rşı “19.03.2020-ci il tarixli 1910 TS nömrəli alqı-satqı müqaviləsinə əsasən 8056 manat əsas borc, 24772,20 manat cərimə borcu, 400 manat vəkilin göstərdiyi hüquqi yardıma gör xərc, 200 manat mediasiya xərci və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : Təsviri hissə: İddiaçı QSC ilə X6 Stansiyası arasında bağlanmış 19.03.2020-ci il tarixli 1910 TS nömrəli malların satış müqaviləsinə əsasən satıcı İddiaçı QSC bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşma protokollarında qeyd olunacaq malları normalara uyğun keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda satmağı, alıcı X6 Stansiyası öz növbəsində qeyd edilən malları alaraq dəyərini ən geci təhvil-təslimdən sonra 1 ay müddətində 100 % həcmində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.1-ci bəndinə əsasən alıcı ödəniş şərtlərinə əsasən ödəniləcək pul məbləğini ödəməsə satıcıya hər bir gecikmə gününə görə istənilən ödənilməmiş məbləğin 0,5 %-ni ödəməlidir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək hər tonunun qiyməti 530 manat olan 15,2 ton ammonium nitratı alıcıya satmış, lakin alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş 8056 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş 21.10.2021-ci il tarixli üzləşmə aktından da görünür ki, cavabdeh 8056 manat borcunun olmasını qəbul etmiş, qrafik üzrə 22.11.2021-ci il tarixədək 2685,30 manat, 22.12.2021-ci il tarixədək 2685,30 manat və 22.01.2022-ci il tarixədək 2685,40 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında müqavilə bağlanmış, cavabdeh iddiaçıdan fərqli olaraq üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Müqavilə üzrə dəbbə pulu nəzərdə tutulmuşdur. İddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmuin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə, hesab faktura, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı QSC ilə X6 Stansiyası arasında bağlanmış 19.03.2020-ci il tarixli 1910 TS nömrəli malların satış müqaviləsinə əsasən satıcı İddiaçı QSC bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşma protokollarında qeyd olunacaq malları normalara uyğun keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda satmağı, alıcı X6 Stansiyası öz növbəsində qeyd edilən malları alaraq dəyərini ən geci təhvil-təslimdən sonra 1 ay müddətində 100 % həcmində ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək hər tonunun qiyməti 530 manat olan 15,2 ton ammonium nitratı alıcıya satmış, lakin alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş 8056 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia olunan məbləğdə əsas borcunun olması tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 8056 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın 24772,20 manat cərimə borcunun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı malın dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən alıcı ödəniş şərtlərinə əsasən ödəniləcək pul məbləğini ödəməsə satıcıya hər bir gecikmə gününə görə istənilən ödənilməmiş məbləğin 0,5 %-ni ödəməlidir. Məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun 10 faizi həddində 800 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X4 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 400 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8056 manat + 24772,20 manat) ödənilməli dövlət rüsumu 188,48 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 50,85 manat cavabdehdən, 137,63 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən əlavə 20 manat dövlət rüsumu ödənildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan 137,63 manat dövlət rüsumundan ödədiyi məbləğ çıxılmaqla iddiaçı tərəfindən 117,63 manat dövlət rüsumu tutularaq dövlət büdəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ndan 8056 manat əsas borc, 800 manat cərimə borcu, 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc, 200 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 117,63 manat dövlət rüsumu İddiaçı QSC-dən və 50,85 manat dövlət rüsumu cavabdeh ndan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-104/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-104/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver