Məhkəmə qərarları › İş №e-2-2(117)-1043/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1043/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1043/2024 14.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən əsas borc üzrə 140 manat, dəbbə pulu olaraq hesablanmış 70 manat və gecikdirilmiş məbləğə görə illik beş faiz olaraq hesablanmış 17,47 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC xüsusi mülkiyyətində olan və hazırki müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış aksessuarı, ona məxsus əlaqədar texniki sənədləri alıcının mülkiyyətinə verməyi, sonuncu isə bu aksessuarın dəyərini hazırki müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin və onun əlavələrinin tələbləri ilə müəyyən edilmiş müddət ərzində aksessuarın dəyəri ödənilmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. xx.xx.2021-ci il tarixdə müqaviləyə Əlavə olaraq tərəflər arasında tərtib edilmiş hər iki tərəfin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən 240 manat dəyərində L ölçüdə 1 ədəd MT Helmets Blade 2 SV Breeze E2 matt Grey markalı dəbilqə və ona məxsus əlaqədar texniki sənədlər cavabdehə təhvil verilmişdir. Aksessuarın siyahısı, dəyəri və ödəniş qaydalarına dair digər bir Əlavədən göründüyü kimi aksessuarın ümumi dəyəri 240 manat təşkil edir. Həmin Əlavədə qeyd edilmiş 3-cü bənd üzrə aksessuarın ilkin ödənişi 100 manat təşkil edir. 4-cü bəndi üzrə 140 manat məbləğ 2 ay müddətində xx.xx.2021-ci il tarixə 70 manat və xx.xx.2021-ci il tarixə 70 manat hissə ödənilməlidir. 5-ci bənd üzrə aksessuarın dəyərinin hazırki əlavə uyğun olaraq ödənilməməsi tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə cərimə sanksiyası hesablanması üçün əsasdır. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 216 nömrəli qəbzə əsasən 100 manat cavabdeh tərəfindən iddaçıya ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 140 manat borcu qalmış, iddiaçı həmin məbləğə 70 manat dəbbə pulu və gecikdirilmiş məbləğə görə illik beş faiz olaraq 17,47 manat məbləğində pul hesablamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin “Nisyə Alqı-Satqı Müqaviləsi” üzrə əsas borcu 140 manat təşkil etməkdədir. Belə ki, cavabdehə dəfələrlə müqavilə üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi”nin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində dəbilqə aksesuarının dəyəri ödənilmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiya ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1275,40 manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 50 %-i həcmində, yəni cəmi 70 manat dəbbə pulu tələb edilməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə Əlavələr, Ödəniş çeki, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə tələbin 140 manat əsas borcun tutulmasına münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC xüsusi mülkiyyətində olan və hazırki müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış aksessuarı, ona məxsus əlaqədar texniki sənədləri alıcının mülkiyyətinə verməyi, sonuncu isə bu aksessuarın dəyərini hazırki müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə müqaviləyə Əlavə olaraq tərəflər arasında tərtib edilmiş hər iki tərəfin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktından göründüyü kimi 240 manat dəyərində L ölçüdə 1 ədəd MT Helmets Blade 2 SV Breeze E2 matt Grey markalı dəbilqə və ona məxsus əlaqədar texniki sənədlər cavabdehə təhvil verilmiş və cavabdeh həmin aktı imzalamaqla bu halı etiraf etmişdir. Bundan başqa aksessuarın siyahısı, dəyəri və ödəniş qaydalarına dair digər bir Əlavədən göründüyü kimi aksessuarın ümumi dəyəri 240 manat və aksessuarın ilkin ödənişi 100 manat təşkil edir. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 216 nömrəli çekdən göründüyü kimi cavabdeh tərəfindən 100 manat ödəniş edilmişdir. Eyni zamanda “aksessuarın siyahısı, dəyəri və ödəniş qaydalarına dair” Əlavənin 4cü bəndinə görə ödənilməli 240 manat məbləğ 2 ay müddətində hissə ödənilməli olsa da, cavabdeh tərəfindən ilkin olaraq 100 manat ödəniş edilmiş, qalan 140 manat məbləğ ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh təhvil aldığı dəbilqənin dəyərini lazımınca ödəmədiyindən 140 manat ödənilməmiş borcu qalmışdır ki, bu səbəbdən həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa 70 manat məbləğində cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən bu müqavilənin və onun əlavələrinin tələbləri ilə müəyyən edilmiş müddət ərzində aksessuarın dəyəri ödənilmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Eyni zamanda “aksessuarın siyahısı, dəyəri və ödəniş qaydalarına dair” Əlavənin 5-ci bəndində də nəzərdə tutulduğu kimi aksessuarın dəyərinin hazırki əlavə uyğun olaraq ödənilməməsi tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə cərimə sanksiyası hesablanması üçün əsasdır. Göründüyü kimi cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində (140 x 5 % = 7) hesablanmış 7 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, tələb cəriməyə münasibətdə qalan hissədə rədd edilməlidir. Bundan başqa illik 5 %-lə 17,47 manat pul məbləğinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hazırki müqavilə imzalandığı tarixdən qüvvəsini alır və tərəflər qarşılıqlı öhdəliklərin icrasını tam yerinə yetirənədək hüquqi qüvvəyə malik olur. Müqavilə şərtindən də göründüyü kimi müqavilənin müddətinin bitmə anı öhdəliyin tam şəkildə icra olunduğu günlə müəyyənləşdirilmişdir ki, hazırki vəziyyətdə iddiaçının da iddiasından göründüyü kimi cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Belə olan halda müqavilənin müddəti bitməmişdir ki, iddiaçı 445.7-ci bəndinin tələbinə uyğun 17,47 manat tələb etməkdə haqlı deyildir. Normanın məzmunundan da göründüyü kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğundan və öhdəliklərin icra müddəti davam etdiyindən və iddiaçı müqavilənin tələblərindən çıxış edərək dəbbə pulu tələb etmək imkanında olmuşdur ki, müraciətinə əsasən dəbbə pul məbləği cavabdehdən tutlmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabddehdən 140 manat əsas borc, 7 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməli dövlət rüsumunun 10,61 manatı iddiaçıdan, 19,39 manatı isə cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş və sonuncu həmin məbləği cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən onun ödəməli olduğu 10,61 manat ödənilmiş 30 manat rüsumdan çıxılmaqla qalan 19,39 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 140 manat əsas borc, 7 manat cərimə borcu və 19,39 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar