Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-105/2021 07.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “307116 manat əsas borc, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 56059,42 manat cərimə, 68996,21 manat əldən çıxmış fayda olmaqla cəmi 432171,63 manat borc, 30 manat dövlət rüsumu, məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20000 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04.01.2019-cu il tarixli 01AZP QKZ 19 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alış sifarişi ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Malın adı, təsviri, miqdarı, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri alış sifarişində əksini tapır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyərini həmin ay ərzində satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 45 iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində dəbbə pulu və faizlə bağlı razılaşma mövcud deyildir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək alış sifarişi ilə müəyyən olunmuş malları cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 307115,83 manat borcu qalmışdır. Cavabdehin 307115,83 manat ödənilməmiş borcunun qalması elektron qaimələr, maliyyə arayışları və bank hesabından çıxarışlarla öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq mövcud olan alqı-satqı üzrə borcu tələb edirlər. Vergi sistemi üzərindən hərəkət edən qaimə-fakturalar və bank hesabından ödənilmiş vəsaitlər cox aydın şəkildə üzə çıxarılır. Üzləşmə aktı onlar tərəfdən imzalanaraq göndərilib, qarşı tərəf də onu təsdiqləyib. Ötən məhkəmə iclasında borclarla əlaqədar qarşı tərəf qaimə-fakturalarda müqavilənin nömrəsi və tarixinin göstərilməməsi ilə bağlı məsələ qaldırmışdır. Onu da aydınlaşdırmışlar. Hər bir qaimə-fakturanın arxasına müvafiq invoys əlavə edilib və həmin qaimə-fakturanın əsas hissəsində invoysa istinad edilib. Ona görə də həmin qaimə fakturanın identikləşdirilməsi ilə əlaqədar məhkəmədə heç bir sual olmamalıdır. Bank hesabından çıxarışlar təqdim olunub. Üzləşmə aktı ilə əlaqədar yarana biləcək suallarla əlaqədar bildirir ki, bütün ödənişlər və əməliyyatlar elektron qaydada həyata keçirilir, mötəbər vergi sistemi vardır. Bank hesabından çıxarışlar təqdim edilmişdir. Onlar ödənilməyən fakturalar üzrə iddia qaldırmışlar. 01.01.2019-cu ildən 31.12.2020-ci il tarixədək olan vergi sistemindən çıxarış etmişlər ki, hansı qaimələr qəbul edilib və ya ləğv edilib. Həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Hüquqi xidmətə görə ödəniş barədə sübutu da məhkəməyə təqdim etmişlər. Hüquqi xidmətə görə bağlanmış müqaviləni gətirməmişdir. Elektron sistem vasitəsilə təqdim edə bilərlər. Eyni zamanda vəkil orderi olması ödənişin hüquqi xidmət müqabilində həyata keçirilməsini təsdiq edir. Bundan başqa cərimə və əldən çıxmış fayda ilə əlaqədar bildirdi ki, mülki qanunvericiliyə görə cərimə heç nə ilə sübut olunmayan, qarşı tərəfi müqavilədə intizama çağıran mexanizmdir. Bir kommersiya subyekti kimi bu sahədə hüquqlarının təmin olunmasına məhkəmə tərəfindən diqqət ayırılmasını xahiş edir. Onlar zərər çəkmişlər. Həmin sərmayə bank depozitinə qoyulsaydı, həmin dövrdə bu qədər vəsait qazana bilərdilər. Ona görə də əsas məbləğlə bərabər cərimə və əldən çıxış fayda məbləğlərinin də tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Borclar və vurulmuş zərər realdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında vəkilin izahatına əlavələrinin olmadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borcla bağlı əvvəlki məhkəmə iclaslarında da məhkəmə tərəfindən araşdırma aparılmışdır. Bununla bağlı deyəcəkləri və təqdim edəcəkləri əlavə sübut yoxdur. Əsas borcu qəbul etmirlər. Cərimə ilə əlaqədar bildirdi ki, 449.1 ci maddəyə əsasən iddia tələbinə aid edilməməlidir. Əldən çıxmış fayda ilə bağlı bildirdi ki, Mülki Məcəllənin 443-cü maddəsində göstərilmişdir ki, məcəllənin 21 maddəsinə əsasən öhdəliklərin icra edilməməsinə görə zərərin məbləği müəyyən edilərkən ilk növbədə müəyyən edilməlidir ki, həmin öhdəliyin cavabdehin üzərinə qoyulması tərəflər arasında bağlanan müqavilədə tərəfin üzərinə qoyulub, yoxsa yox. Müəyyən olunmayıbsa həmin maddə tətbiq olunmamalıdır. İki ilə yaxın müddətdə öhdəliyin icra olunmaması müddətində iddiaçı tərəfindən hər hansı tədbirin görülüb-görülməməsinə də məhkəmə tərəfindən qiymət verilməlidir. Ona görə də hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Hüqiqi xidmətə görə ödənişlə bağlı bildirdi ki, iddiaçı tərəf müqavilə təqdim etməmişdir, ödənişin nağdsiz şəkildə həyata keçirilməli olmasına baxmayaraq təqdim edilən qəbz nəğd ödəniş barədədir. Ona görə də hesab edir ki, iddia tələbi o hissədə də əsassızdır və təmin olunmamalıdır. Nağdsız ödənişlərlə bağlı Vəkillər Kollegiyasının Rəyasəət Heyətinin qərarı var və xidmət müqaviləsində əlavə olaraq göstərilib ki, xidmət haqqı mütləq şəkildə nağdsız ödənilməlidir. Başqa əlavəsi yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktları, Elektron qaimələr, Bank hesabından çıxarışlar, Maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əsas borcun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04.01.2019-cu il tarixli 01AZP QKZ 19 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alış sifarişi ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Malın adı, təsviri, miqdarı, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri alış sifarişində əksini tapır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş 307115,83 manat borcu qalmışdır. Cavabdehin iddia olunan məbləğdə borcunun olması EAAU 591444, EAAU 673683, EAAU 675254, EAAX 554353, EAAZ 044676, EBAM 678654, EBAN 641093, EBAT 603604, EBAV 570935, EBAV 658398 nömrəli elektron qaimələr, maliyyə arayışları və bank hesabından çıxarışlarla təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələb etdiyi kimi 307116 manat əsas borc deyil 307115,83 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia 0,17 (on yeddi qəpik) qəpik əsas borcun tutulması hissəsində isə rədd edilməlidir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, cavabdehin vəkili 26.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini əsas borca münasibətdə qəbul etdiklərini bildirsə də 21.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında əsas borcu qəbul etmədiklərini və tələb olunan borcun hazırki müqavilə ilə deyil tərəflər arasında bağlanmış başqa müqavilə əsasında yarandırığını bildirmişdir. Lakin cavabdeh tərəf iddia etdiyi halları sübut etməli olduğu halda tərəflər arasında bağlanmış başqa müqavilənin olmasına və tələb olunan borcu məhz başqa öhdəliyin icra edilməməsi nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin vəkili 21.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflərin müqavilədən kənar alqı-satqılarının olmasını iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və borcu təsdiq edən elektron qaimələrdən müəyyən olunur ki, həmin qaimələrdə “əsas” qeydinin qarşısında hesab fakturaya istinad olunmuşdur ki, həmin hesab fakturaların “əsas” qeydinin qarşısında tərəflər arasında bağlanmış 04.01.2019-cu il tarixli 01AZP QKZ 19 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Göründüyü kimi, cavabdeh tərfin ilkin olaraq əsas borcu qəbul etməsi sonradan əsası olamayan müxtəlif dəlillərlə bunu inkar etməsi həqiqəti əks etdirmir və məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi cavabdehin 307115,83 manat məbləğində iddiaçıya borcu vardır. Bundan başqa məhkəmə iddia tələbinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 56059,42 manat cərimənin və 68996,21 manat əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsassızdır və rədd edilməlidir. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 21.2, 443.1, 443.2). Göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. Bundan başqa Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçı tərəfindən istinad olunan qanunvericiliyin tələbindən göründüyü kimi, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən cərimə deyil, faiz ödənilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Hazırki iş üzrə iddiaçı borcun gecikdirilməsi, pul vəsaitinin əsassız əldə edilməklə və ya toplamaqla ondan faydalanması, habelə əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissələrdə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində tərəflər razılaşmışlar ki, bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyərini həmin ay ərzində satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 45 iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Məhkəmə araşdırması zamanı məhkəməyə tərəflər arasında belə qarşılıqlı üzləşmənin həyata keçirilməsinə dair sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30.12.2020-ci il tarixli və 08.01.2021-ci il tarixli “üzləşmə” aktları isə məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Belə ki, cavabdeh tərəfin həmin üzləşmə aktlarının əsllərinin təqdim olunması tələbi əsasında həmin sübutların əsllərinin məhkəməyə təqdim olunması iddiaçıdan tələb olunmuş və iddiaçının vəkili 07.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında üzləşmə aktlarının əsllərinin onlarda mövcud olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə təqdim olunmuş sübutun əsli və ona bərabər surəti mövcud olmadığından (MPM maddə - 89.3) həmin aktları sübut kimi qəbul etməmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, hətta üzləşmə aktlarının mötəbərliyi şübhə doğurmasaydı belə üzləşmənin aparıldığı 30.12.2020 və 08.01.2021-ci il tarixlərdən müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş 45 iş günü ötməmişdir. Belə ki, iddiaçı 02.02.2021-ci il tarioxdə artıq məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə vəkillə bağlanan müqavilə üzrə 20000 manat pulun cavabdehdən tutularaq ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən sübut qismində 04.06.2021-ci il tarixli 355203 nömrəli kassa mədaxil orederinin qəbzi məhkəməyə təqdim edilsə də, əvvəla qəbzin tarixi məhkəmədə iddia qaldırılan tarix deyil, 04.06.2021-ci il tarixlidir. Yəni qəbzdən görünür ki, ödəniş həmin tarixdə icra edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi 02.02.2021-ci il tarixdə vəkilə hər hansı ödəniş edilməmişdir. Bundan əlavə qəbzdə ödənişin əsası kimi qeyd olunan hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə məhkəməyə təqdim edilməmişdir. Bunlardan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X3 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilməsi iddia edilən 20000 manat məbləğində vəsaitin ödənilməsi real deyildir. Hətta belə olmuş olsa belə iddiaçı tərəfindən vəkilə ödənilmiş vəsaitin məhz bu iş üçün olması da həqiqəti əks etdirmir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə iclasında tərəflərin məhkəməyə təqdim etdiyi məlumatdan müəyyən olunduğu kimi, tərəflər arasında hazırda 11-12 məhkəmə araşdırması davam etdirirlir ki, ümumi hüquq xidmətlərin gösərilməsi ilə bağlı xərcin bütün məbləği bir iş üzrə və hər iş üzrə tutula bilməz. Lakin iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alan məhkəmə hesab edir ki, tələb olunduğu kimi 20000 manat deyil, 500 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərc qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 307116 manat əsas borc, 30 manat dövlət rüsumu və 500 manat vəkillə bağlanan müqavilə üzrə pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-105/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-105/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver