Məhkəmə qərarları › İş №e-2-2(117)-105/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-105/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-105/2025 28.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 160 manat, dəbbə pulu olaraq hesablanmış 80 manat və gecikdirilmiş məbləğə görə illik beş faiz olaraq hesablanmış 22,92 manat olmaqla, cəmi 262,92 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhviltəslim aktlarında) öz əksini tapmış dəbilqəni “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə 230 manat məbləğində Dəbilqənin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edək ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin “Nisyə Alqı-Satqı Müqaviləsi” üzrə əsas borcu 160 manat təşkil etməkdədir. Belə ki, cavabdehə dəfələrlə müqavilə üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi”nin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində dəbilqə aksesuarının dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1% məbləğində cərimə sanksiya ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1672,8 manat təşki letsə də, güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 50%-i həcmində, yəni cəmi 80 manat dəbbə pulu tələb edilməkdədir.

İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış dəbilqəni “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə 230 manat məbləğində Dəbilqənin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində dəbilqə aksesuarının dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1% məbləğində cərimə sanksiya ödəməyi öhdəsinə götürmüşdür.

7. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsinin tərkib hissəsi kimi müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. Həmin əlavədə iddiaçı tərəfindən cavabdehə satılan malların adları qeyd olunmuş və qiymətləri tərəflər arasında razılaşdırılmışdır. Həmin əlavələr də iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Bu da tərəflər arasında mal alqı-satqısının həyata keçirildiyini sübut edir və məlum olur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmiş cavabdeh isə öz növbəsində malları qəbul etməsinə baxmayaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçıya ödənilməmiş borcu qalmışdır.

8. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borc üzrə 160 manat, cərimə borcu üzrə 1672.8 manat, gecikdirilmiş məbləğə görə illik beş faiz olaraq hesablanmış 22,92 manat məbləğində borcu mövcuddur.

9. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, borclu Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində İddiaçı MMC-yə 70 manat məbləğində ödəniş edilmişdir.

10. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən Cavabdeh qalan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış Nisyə Alqı-Satqı müqaviləsinin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Bundan başqa 80 manat məbləğində cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

14. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...

15. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən bu müqavilənin və onun əlavələrinin tələbləri ilə müəyyən edilmiş müddət ərzində aksessuarın dəyəri ödənilmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Eyni zamanda “aksessuarın siyahısı, dəyəri və ödəniş qaydalarına dair” Əlavənin 5-ci bəndində də nəzərdə tutulduğu kimi aksessuarın dəyərinin hazırki əlavə uyğun olaraq ödənilməməsi tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə cərimə sanksiyası hesablanması üçün əsasdır.

16. Göründüyü kimi cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində (160 x 5 % = 8) hesablanmış 8 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, tələb cəriməyə münasibətdə qalan hissədə rədd edilməlidir.

17. Bundan başqa illik 5 %-lə 22.92 manat pul məbləğinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

19. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hazırki müqavilə imzalandığı tarixdən qüvvəsini alır və tərəflər qarşılıqlı öhdəliklərin icrasını tam yerinə yetirənədək hüquqi qüvvəyə malik olur. Müqavilə şərtindən də göründüyü kimi müqavilənin müddətinin bitmə anı öhdəliyin tam şəkildə icra olunduğu günlə müəyyənləşdirilmişdir ki, hazırki vəziyyətdə iddiaçının da iddiasından göründüyü kimi cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Belə olan halda müqavilənin müddəti bitməmişdir ki, iddiaçı 445.7-ci bəndinin tələbinə uyğun 22.92 manat tələb etməkdə haqlı deyildir.

20. Normanın məzmunundan da göründüyü kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğundan və öhdəliklərin icra müddəti davam etdiyindən və iddiaçı müqavilənin tələblərindən çıxış edərək dəbbə pulu tələb etmək imkanında olmuşdur ki, müraciətinə əsasən dəbbə pul məbləği cavabdehdən tutlmuşdur.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən 160 manat əsas borc, 8 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir.

22. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməli dövlət rüsumunun 10,60 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 19,40 manatı isə iddiaçıya aid edilməlidir.

Vİ. Nəticə:

23. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 160 manat əsas borc, 8 manat cərimə borcu olmaqla, cəmi 168 manat məbləğində pul və 10.60 manatı dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar