Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1052/2022 20.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli 5738 nömrəli müqavilədən yaranmış 61452,83 manat və 400 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli 5738 nömrəli müqavilədən yaranmış 61452,83 manat və 400 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı mediasiya prosesinin keçirilmə yerini düzgün müəyyən etməmiş, mediasiya sessiyası Bakı şəhərində keçirilmişdir. Mübahisənin aid olduğu məhkəmə isə Şəki Kommersiya Məhkəməsidir. 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddənin məzmunundan göründüyü kimi, mediasiya sessiyası mübahisənin aid olduğu Şəki Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın olan yerin mediasiya təşkilatında keçirilməlidir. Həmçinin, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Oğuz, Qax, Şəki, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonlarında da mediatorlar mövcuddur ki, bu ərazilərdə mediasiya prosesinin keçirilməsi mümkündür. Eyni zamanda, Şəki şəhərində Mediasiya təşkilatı da mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunan hallar əsasən mediasiya prosesinin keçirilmə yeri düzgün müəyyən edilməmişdir. Qeyd edilən hal hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsasdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Həmçinin, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş materialları ilə tərəflər arasında bağlanmış “Gəmilərin kirayə verilməsinə dair” Müqavilənin icra yerinin Bakı şəhəri olduğu təsdiqlənir (Böyük Zirə adası). Odur ki, iddiaçı AR MPM-nin 36.11-ci bəndinə əsasən, hazırki iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək səlahiyyətinə malikdir. Həmin maddəyə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli 5738 nömrəli müqavilədən yaranmış 61452,83 manat və 400 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1052/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1052/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver