Məhkəmə qərarları › İş №e-2-2(117)-106/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-106/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-106/2020 13.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 2013-2014-cü illərdə Cavabdeh xüsusi mülkiyyətindəki Zarağan kəndində yerləşən ticarət obyektinə (mərkəzinə) 23700 ABŞ dolları (0,78 məzənnə ilə 18500 manat) pul vəsaiti xərcləmişdir. Bu fakt Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qəbzlə öz təsdiqini tapır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 30857 nömrəli ekspert rəyi ilə xx.xx.2016-cı il tarixli qəbzdə olan imza yazısının qarşısındakı imza və Ağababayev İ xx.xx.2016 yazılarının Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçı həmin məbləğdə pul vəsaitinin qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmiş və bu səbəbdən hazırkı mübahisə yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla uzun illərdir yaxın münasibətdə olduğu insan olmuşdur. 2013-cü ilin oktyabr-noyabr aylarında cavabdeh Zarağan kəndində özünə məxsus 2-3 mərtəbəli ticarət obyektini inşa etdirməyə başlamışdır. Həmin dövrdə yol tikintisi ilə bağlı sökülmüş obyektin kompensasiyası kimi 170000 manat məbləğində pul almış və həmin pula özü üçün yeni ticarət obyekti inşa etdirmişdir. Ticarət obyektinin inşası zamanı cavabdehin pulu qurtardığından obyektin inşası yarımçıq qalmış, inşanın başa çatdırılması üçün cavabdeh ona müraciət etmiş və tikintinin başa çatdırılmasına vəsait qoyacağı təqdirdə obyektin 1-ci mərtəbəsini onun istifadəsinə verəcəyini bildirmişdir. İddiaçı həmin vaxt Qəbələ şəhərində xırda ticarət mağazası işlətdiyindən və cavabdehə inandığından 2013-cü ilin oktyabr-noyabr aylarından 2015-ci ilin sonlarınadək obyektə 23700 ABŞ dolları məbləğində vəsait qoymuşdur. Obyekt böyük olduğundan cavabdeh bankdan kredit götürəcəyini bildirmiş, lakin kreditin alınması 2017-ci ilin fevral ayına qədər yubanmışdır. Cavabdehdən verdiyi pulu tələb etsə də, sonuncu obyekti “Makromart” mağazalar şəbəkəsinə icarəyə verərək borcunu qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək qaytarmamışdır. Borcun qaytarılmaması səbəbindən ona xeyli maddi ziyan dəymişdir. Bundan başqa 23700 ABŞ dolları məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoysaydı, 3 ildən artıq müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən 10000 ABŞ dollarına yaxın gəlir əldə edəcəkdi. Bundan əlavə cavabdehin öhdəliklərini pozması, borcu ödəməkdən boyun qaçırması onun mənəvi iztirablar və sarsıntı keçirməsinə səbəb olmuş və özünə inamsızlıq hissi yaratmışdır. Bunun nəticəsində də ona mənəvi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmkəndlisi İlqarın Qəbələ rayonu Zarağan kəndində torpaq sahəsi vardır. İlqar ona yaxınlaşaraq obyekt tikməyə imkanı olmadığını bildirmiş və ona tikməkdə kömək etməyi və iş qurmağı təklif etmişdir. Bir müddət razılaşmadıqdan sonra fikirləşib ki, tez bir zamanda tikilib başa çatacaq, bu səbəbdən razılaşmış və tikintiyə həm pul vəsaiti ilə, həm də başqa formada köməklik göstərmişdir. Sonradan görmüşdür ki, tikinti tikilmir aralarında narazılıq yaranır, pulunu tələb etmiş, lakin cavabdeh qaytarmamışdır. Cavabdeh ona bildirir ki, təmir etdirdiyi sahədə işləməsinə mane olmur, lakin, həmin ərazini başqa şəxslərə icarəyə vermişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ona yaxınlaşaraq tikinti aparıb pal-paltar satmaq üçün 700 kvadrat yer verməyini istəmiş, sonradan tikinti yarımçıq qalmışdır. İddiaçı iddia etdiyi kimi 23700 ABŞ dolları deyil, 10500 manat pul xərcləmişdir. Bina iddiaçının pulu ilə deyil, onun tərəfindən tikilmişdir. İddiaçı yalnız obyekti təmir edib, orada işləməli idi. Cavabdeh tərəfindən şahid qismində məhkəməyə dəvət edilmiş X5 xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, İlqarın obyektinə tikinti işləri üçün ustaları aparmışdır. İlqar 2013-cü ildə ona zəng edərək Elşənin obyektdə malyar işləri gördürəcəyini, oranı paltar mağazası etmək istədiyini və ona usta lazım olduğunu bildirmişdir. Elşənlə danışandan sonra usta briqadası gətirmiş, ustalar işləmişlər və pulunu almışdır. İş sonradan yarımçıq qalmışdır. Orada iş görülən arada maşınla gəldilər. maşından sarışın oğlan düşdü, bank işçisi idi. Gəldilər oraya ki, ona işi göstərsin bankdan pul götürsün. Görmüşdür ki, onlar binanın qabağında dayanıb söhbət edirlər. Onlar gedəndə İlqarın dalınca getmişdi ki, iş barədə söz soruşsun. Pakoil yanacaq doldurma məntəqəsinin yanında onları saxlatmışdır. Bu zaman orada oğlan da maşından düşmüş, İlqara kağıza qol çəkdirmişdir. Soruşanda isə İlqar bildirmişdir ki, Elşən pul götürmək istəyir bankdan ona görə pulu hara xərclədiyinə baxmaq üçün bankın işçisi gəlib. İlqar dedi ki, yəni Elşən bura pul yatırıb. Pulun nə qədər olduğunu dəqiq bilmir, təxminən 20000-dən söhbət gedirdi. O, beton işi gördürürdü, malyar işi ikinci mətrəbədə görülüb. Birinci mərtəbədə beton işləri görmüş, pulu Elşəndən almışdır. Cavabdeh tərəfindən şahid qismində məhkəməyə dəvət edilmiş X4 məhkəmə iclasında bildirmişdir ki, qonşusu demişdir ki, İlqarın obyektində iş var. O da malyar işlərini bacarır. Birinci mərtəbədə iş götürmüşdür. Dedilər ki, Elşənin yeridir, birinci mərtəbəni götürüb, orada mağaza açacaq. Özü ilə danışdıqdan sonra 1000 kvadratdan yuxarı malyar işi görmüşdür, pulunu da 1180 manat Elşəndən almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2016-cı il tarixli qəbz, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının, nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən edilməlidir. Məhkəmə iddia tələbinin 23700 ABŞ dolları borcun ödənilməsi hissəsinə münasibətdə ilk öncə onu qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd (müqavilə) mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə öhdəliyi mövcud olmamaış, iddiaçı və cavabdehin isə pul vəsaitinin verilməsi və alınması ilə bağlı dəlilləri müxtəlifdir. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 1091-1092). Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı 2013-2014cü illərdə Cavabdeh xüsusi mülkiyyətindəki Zarağan kəndində yerləşən ticarət obyektinə (mərkəzinə) 23700 ABŞ dolları pul vəsaiti xərcləmişdir. Bu fakt Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qəbzlə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, həmin qəbzdəki imza və Ağababayev İ xx.xx.2016 yazıları Cavabdeh tərəfindən icra olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, 23700 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahidlər X5 və X4 da ifadələrində cavabdehə məxsus obyektdə gördükləri işin müqabilində İddiaçı pul aldıqlarını bildirdilər. Göründüyü kimi, şahidlərin ifadələri iddiaçının iddia dəlillərini inkar etmir, əksinə iddiaçının həmin obyektə pul vəsaitinin xərcləməsini bir daha təsdiq edir. X1 ona gördüyü işin müqabilində pul vəsaitinin Azərbaycan manatı ilə verildiyi ilə bağlı bildirdikləri iddiaçının cavabdehlə aralarında xarici valyutada deyil məhz Azərbaycan manatı ilə pul öhdəliyinin yaranmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ-cu hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bu səbəbdən də xarici valyutada olan pul vəsaiti yalnız Azərbaycan manatına dəyişdirildikdən sonra Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi istifadə edilə bilər. Lakin tərəflərin bir-birinə xarici valyutada pul vəsaitinin verilməsinə isə qanunvericilikdə qadağa mövcud deyildir. Bu isə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli Qərarında nümayiş etdiyi mövqeyə uyğundur. İddia tələbinin 10000 ABŞ dolları əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 21.2, 443.1, 443.2). Göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. İddiaçı hazırkı iş üzrə 10000 ABŞ dolları məbləğində əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və tərəflər arasında müqavilə mövcud olmadığından pulun qaytarılması müddətini də müəyyən etmək mümkün deyildir. Bu səbəbdən iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilməlidir. Bundan əlavə iddianın 15000 manat mənəvi ziyanın kompensasiyasının ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı mənəvi ziyanı cavabdehin öhdəliklərini pozması, borcu ödəməkdən boyun qaçırması nəticəsində mənəvi iztirablar və sarsıntı keçirməsi, habelə özünə inamsızlıq hissinin yaranması ilə əsaslandırır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 07 nömrəli Qərarına əsasən “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı işin məhkəmə araşdırması zamanı iddiaçı tətəfindən mənəvi iztirab keçirməsi və bununla da səhhətinin pozulmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2005-ci il tarixli 04 nömrəli Qərarının 10-сu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borcun ödənilməsi hissəsində tam təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh 23700 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar