Məhkəmə qərarları › İş №e-2-2(117)-1069/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1069/2023

10.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1069/2023 10.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Maraqlı şəxs, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Şəki rayonu X1 sığorta fonduna olan 1,39 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3452,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 0554088) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Şəki rayonu X1 sığorta fonduna olan 1,39 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3452,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 0554088) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki rayonu Cuma Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı protokolunun qərarı ilə Maraqlı şəxs həmin bələdiyyənin sədri vəzifəsinə və üzvlüyünə xitam verilmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki rayonu Cuma Bələdiyyəsinin sədri işləmiş, lakin həm bələdiyyə sədrliyindən, həm də üzvlüyündən çıxmışdır. Bu barədə vergi orqanına da məlumat vermişdir. Qeyd edilən borcla bağlı isə bildirdi ki, bələdiyyənin fonduna daxil olan mənzillərdən birinin satılması ilə borcun ödənilməsi mümkündür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş materialları baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci madəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Qeyd olunduğu kimi, kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Mülki Prosessual Məcəllənin 40-2-ci fəsilində (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) nəzərdə tutulmuş işlərə baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Hazırki işdə hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəki rayonu Cuma Bələdiyyəsi qeyri-kommersiya hüquqi şəxsdir. Odur ki, borc kommersiya fəaliyyətinin deyil, qeyri-kommersiya xarakterli fəaliyyətinin nəticəsidir ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5617/2022 nömrəli qərarında Şəki Kommersiya Məhkəməsinin aidiyyəti üzrə mübahisələndirdiyi ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X3 qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3437,43 manat, İşsizlikdən sığorta fonduna olan 2,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 62,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1973-cü il təvəllüdlü Qəbələ rayonu Bayramkoxa kəndində doğulmuş X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə maraqlı şəxs bələdiyyənin sədri olduğundan və bələdiyyələr qeyri-kommersiya hüquqi şəxsi olduğundan həmin mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir və bu səbəbdən ərizə baxılması üçün aidiyyəti üzrə maraqlı şəxsin olduğu yerin məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəmələrində baxılmalı olmadığından iddia baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, maraqlı şəxsin qeydiyyat ünvanı Şəki rayonu, Cuma kəndidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Şəki rayonu X1 sığorta fonduna olan 1,39 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3452,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 0554088) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar