Məhkəmə qərarları › İş №e-2-2(117)-1072/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1072/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1072/2023 07.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7032 manat gecikdirilmiş borcu və hesablanmış 10020,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2427- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 10594 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC (xxxx ASC) tərəfindən bir ədədinin qiyməti 25600 manat olan Traktor-Belarus-892 üzrə 5420 manat ödəniş edilmiş, güzəştdən sonrakı 9970 manat qalıq məbləği ilə, bir ədədinin qiyməti 2340 manat olan AG-14-4 markalı 4 gövdəli kotan üzrə 780 manat ödəniş edilmiş, güzəştdən sonrakı 624 manat qalıq məbləği ilə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 7032 manat əsas borc yaranmış və iddiaçı həmin borca 10020,6 manat cərimə borcu hesablamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. İddia tələbi üzrə xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7 032 manat gecikdirilmiş borcu və hesablanmış 10 020,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 17.552,6 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi xahiş edilmişdir. Lakin qeyd etmişdir ki, hüquqi yardıma görə ödənilən məbləğin həcmi 300 yox 500 manat təşkil edir. İddia ərizəsi tərtib edilərkən mexaniki yalnışlığa yol verilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7 032,00 (yeddi min otuz iki) manat gecikdirilmiş borcu və hesablanmış 10 020,60 (on min iyirmi manat 60 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 17.752,6 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borcunu yəni 7000 manat məbləği tam ödəmişdir. Cərimələrin silinməsini məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə təqdim edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə cavabdehin 7032 manat əsas borcu yaranmış və həmin borca 10020,6 manat cərimə borcu hesablanmışdır. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə isə 1000 manat cavabdeh tərəfindən pul iddiaçının hesabına köçürülmüşdür. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 10594 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC (xxxx ASC) tərəfindən bir ədədinin qiyməti 25600 manat olan Traktor-Belarus-892 üzrə 5420 manat ödəniş edilmiş, güzəştdən sonrakı 9970 manat qalıq məbləği ilə, bir ədədinin qiyməti 2340 manat olan AG-14-4 markalı 4 gövdəli kotan üzrə 780 manat ödəniş edilmiş, güzəştdən sonrakı 624 manat qalıq məbləği ilə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə cavabdehin 7032 manat əsas borcu yaranmış və həmin borca 10020,6 manat cərimə borcunun mövcudluğu maliyyə arayışı ilə təsdiq olunur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 7032 manat əsas borc yaranmış və iddiaçı həmin borca 10020,6 manat cərimə borcu hesablamışdır. Məhkəmə iclasında cavabdeh ödəniş qəbzi təqdim etmiş və müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə isə 1000 manat cəmi 7000 manat məbləğində vəsait “texnika ödənişi” olaraq pul iddiaçının hesabına köçürülmüşdür. Ona görə də cavabdehin 7000 manat əsas borcu ödənilmiş, onun 32 manat əsas borcu qalmışdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, cavabdehin əsas borcun demək olar ki, ödəməsini, həmçinin qanunveiciliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, ödənilməmiş 140,16 manat dövlət rüsumunun 139,72 manat hissəsi dövlət büdcəsinə aid edilməli, 1 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərcinin 199 manat hissəsi iddiaçıya aid edilməli, 1 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 500 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 2427-GL/16 nömrəli müqavilə üzrə 32 manat əsas borc, 50 manat cərimə borcu, 100 manat hüquqi yardımla bağlı xərc və 1 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 140,16 manat dövlət rüsumunun 139,72 manatı dövlət hesabına aid edilsin, 1 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar