Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1077/2025 21.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4060,58 manat vəsaitin və ödənilmiş 61 manat dövlət rüsumunun, cəmi 4121,58 manat məbləğin alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Zərdab rayonu, Şahhüseynli kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nə müraciət edərək pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 37 nömrəli müqavilə bağlanmış, "xxxx" ASC tərəfindən ona 11,5 ha torpaq sahəsində pambıq əkmək üçün 1710 manat dəyərində toxumluq çiyid verilmiş, 184 manat dəyərində çiyid səpini edilmiş, 470 manat dəyərində şırım çəkmə işləri görülmüş, 1014 manat dəyərində kultivasiya işləri görülmüş, 2189 manat dəyərində dərman verilmiş, 1232 manat dəyərinfə azot, 2100 manat dəyətində amafos verilmiş, 1294 manat dəyərində dərmanlama işləri aparılmış, becərmə işlərinin görülməsi üçün onun bank hesabına 4335 manat pul köçürülmüş, 2565 manat dəyərində kombayn ilə pambıq yığımı həyata keçirilmişdir. Ümumilikdə bu işlər üçün ona 17093,0 manat dəyərində vasait xərclənmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyi barədə öhdəlik götürsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi "xxxx" ASC-nə olan borcunun 13032,42 manatını ödəmiş, 4060,58 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “2024-cü il mövsümü üçün xam pambığın alqı-satqısına dair” 37 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini girov qoyaraq 11,5 ha sahədə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmayaraq istehsal etdiyi xam pambığı mövcud standartlara uyğun oalaraq hazırlanmış şəkildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verir. 2.2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti aqrotexniki normaların tələblərinə uyğun Cavabdeh avans şəklində toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr verir, həmçinin şum, mala, səpin, kultivasiya işlərinin görülməsini təmin edə və yaxud bu işlərin görülməsi üçün avans şəklində pul verir. Qeyd olunan xidmətlər cavabdehə avans şəklində təqdim edilir. 2.1.4-cü bəndinə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə şərtlərinə əsasən istehsal etdiyi xam pambıq verməklə ödəyir. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilməklə, qanunvericiliyin tələbinə zidd olmamaqla bağlanmışdır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 12 nömrəli, xx.xx.2024-cü il tarixli 39 nömrəli, xx.xx.2024-cü il tarixli 56 nömrəli, xx.xx.2024-cü il tarixli 87 nömrəli, xx.xx.2024-cü il tarixli 120 nömrəli, xx.xx.2024-cü il tarixli 162 nömrəli, xx.xx.2024-cü il tarixli 177 nömrəli, xx.xx.2024-cü il tarixli 202 nömrəli qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi olaraq 7231 manat dəyərində, pambıq əkilməsi üçün dərman, toxum, gübrə kimi məhsullar verilmişdir. Həmin məhsulların adı və fərdi qiymətləri qaimələrdə öz əksini tapmış və qaimələr iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən, Cavabdeh məxsus "xxxx" ASC-də olan bank hesabına ümumilikdə avans qismində 4335 manat məbləğində pul köçürülmüşdür.
9. İş materiallarında olan işlərin görülməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Cavabdeh məxsus torpaq sahəsində müqavilə üzrə müxtəlif təsərrüfat işləri görülmüşdür. Həmin işlərin adları və hər birinin qiyməti aktda öz əksini tapmışdır. Aktlar iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Vl. Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı və podrat müqaviləsindən irəli gəlir.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “2024-cü il mövsümü üçün xam pambığın alqı-satqısına dair” 37 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh özünə məxsus torpaq sahəsində, iddiaçının verdiyi toxum, gübrə və dərman preparatları vasitəsi ilə, həmçinin iddiaçının göstərdiyi texniki kənd təssərüfatı xidmətləri ilə, həmin əraziyə pambıq əkməyi və əldə edilmiş məhsulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sataraq, yaranmış borcunu ödəməyi öhdəsinə götürmüşdür.
15. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və bununla da cavabdehin iddiaçıya ödənilməmiş 4060,58 manat həcmində borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla, müqavilə, qaimələr, aktlar və s. öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı və podrat hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı və podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.
17. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslıdır və Cavabdeh xx.xx.2024-cü il tarixli “2024-cü il mövsümü üçün xam pambığın alqı-satqısına dair” 37 nömrəli müqavilə üzrə 4060,58 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismində 61 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Vİl. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 37 nömrəli müqavilə üzrə 4060,58 manat məbləğində pul və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova