Məhkəmə qərarları › İş №e-2-2(117)-1088/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1088/2024

08.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1088/2024 08.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan vergi üzrə 4779,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 435,28 manat, İşsizlikdən sığorta fonduna olan 30,01 manat, İcbari Tibbi Sığorta Fonduna olan 71,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1998-ci il təvəllüdlü, Krasnoyarsk şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 435,28 manat, İcbari Tibbi Sığorta Fonduna 71,28 manat, İşsizlikdən sığorta fonduna 30,01 manat, dövlət büdcəsinə 4779,59 manat borcu yaranmışdır. Cəmiyyətin qeydiyyat sənədinə əsasən Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 435,28 manat, İcbari Tibbi Sığorta Fonduna 71,28 manat, İşsizlikdən sığorta fonduna 30,01 manat, dövlət büdcəsinə 4779,59 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sifarişçi shirkətlərə kəsdiyi qaimələr vergi tərəfindən əmtəəsiz əməliyyat çərçivəsində qəbul olunduğu üçün bu qaimələri heç kəs qəbul etmir. Əgər bu qaimələr tanınmırsa, ləğv olunmuş qaimələr hesab olunur. Bu səbəbdən 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi göndərmiş və mənfəət bəyannaməsinin gəlir hissəsində heç bir məbləğ göstərməmişlər. Əgər ABC Printing MMC riskli vergi ödəyicisi kimi tanınılırsa və qaimələr qəbul olunmursa, o zaman onlar da dəqiqləşmə vermiş və mənfəət borcu azalmış və artıq ödəmə yaranmış, lakin şəxsi vərəqənin bu günə olan məlumaında həmin məbləğ təsdiqlənməmiş azalmaya düşmüşdür. Faktiki olaraq ABC Printing MMC nin xx.xx.2024-cü il tarixə şəxsi vərəqdən də göründüyü kimi dövlət vergi xidmətinə heç bir borcu olmamış, əksinə artıq ödəməsi olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxslərin şəxsi hesab vərəqələri, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrnə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı ərizəçi və maraqlı şəxs tərəfindən təqdim edilmiş vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsindən müəyyən edildiyi kimi vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 435,28 manat, İcbari Tibbi Sığorta Fonduna 71,28 manat, İşsizlikdən sığorta fonduna 30,01 manat, dövlət büdcəsinə 4779,59 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını, tibbi sosial sığorta və işsizlikdən sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və onlar qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Maraqlı şəxsin borcun olmaması barədə məhkəməyə təqdim etdiyi mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş hüquqi şəxsin şəxsi hesab vərəqəsində borc mövcuddur. Maraqlı şəxs bunun vergi orqanı tərəfindən təqdim edilmiş qaimələrin qəbul edilməməsi və buna müvafiq borc hesablanması ilə izah edir. Azərbaycan Respublikası Vegi Məcəlləsinin 37.2-ci maddəsinə əsaəsn, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 72.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Göründüyü kimi, kameral vergi yoxlamasının keçeirilməsindən sonra təqdim edilmiş hesaatlarda uyğunsuzluq olduqda vergi ödəyiçisi dəqiqləşmiş hesabat təqdim edilməli və həmin hesabat yoxlanılaraq təsdiq edilməlidir. Məhkəmə araşdırması zamanı vergi ödəyiçisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsindən və maraqlı şəxsin məhkəməyə müracətindən müəyən edilmişdir ki, vergi orqanı tərəfindən müvafiq yoxlama aparıldıqdan sonra hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 4 ədəd dəqiqləşmiş hesabat təqdim edilmiş və bunun nəticəsində şəxsi hesab vərəqəsinin vergi bölməsində 530,57 manat məbləğində artıq ödəmə yaransa da həmin azalma vergi orqanı tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Bunun nəticəsində şəxsi hesab vərəqəsinin borc bölməsində 4249,02 manat borc görünməkdədir. Göründüyü kimi, maraqlı şəxs tərəfindən borcun olmamasına istinad etməsi hazırki vəziyyətdə əsassız olmuşdur. Belə ki, hüquqi şəxs ilə vergi orqanı arasında borcla bağlı mübahisə vardır ki, hazırki icraatda borcun əsaslı və ya əsassız hesablanmasına münasibət bildirilməsi icraatın prinsiplərinə uyğun deyildir. Təqdim edilmiş dəqiqləşmiş hesabatın yoxlanılması buna müddət imkan verdiyi halda kameral qaydada, müddətin imkan vermədiyi halda isə səyyar vergi yoxlaması vasitəsi ilə həyata keçirilməlidir. Vergi ödəyicisinin 0 manat hesabı ilə dəqiqləşmiş hesabatın verilməsi və bu hesabatın vergi orqanı tərəfindən yoxlanılmaması vergi ödəyiciləri tərəfindən dövlət vergilərini ödəməkdən yayınmağa imkan verər və bundan sui-istifadə hallarına yol açar. Hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının araşdırılması zamanı borcun mövcudluğunun araşdırılması həyata keçirilir ki, borcun yaranmasının əsaslılığına dair məsələyə inzibati məhkəmə icraatı qaydasında aydınlıq gətirilməlidir. Hazırki vəziyyətdə hüquqi şəxsin şəxsi hesab vərəqəsinə əsasən sonuncunun borcu müəyyən olunduğundan məhkəmə hesab edir ki, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə, izah edilməsini zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona hesablanmış borcun mübahisələndirilməsi ilə əlaqədar inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürməli, iddia tələbi uğurlu olacağı təqdirdə hazırki icraat nəticəsində ölkədən getmək hüququ məhdudlaşdırılmış rəhbərinin həmin məhdudiyyəti götürüləcəkdir. Eyni zamanda təqdim etdiyi dəqiqləşmiş hesabat vergi orqanı tərəfindən təsdiq edildiyi təqdirdə də məhdudiyyət götürüləcəkdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan maraqlı şəxsdən 100 (yüz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü, Krasnoyarsk şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 435,28 manat, İcbari Tibbi Sığorta Fonduna 71,28 manat, İşsizlikdən sığorta fonduna 30,01 manat, dövlət büdcəsinə 4779,59 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar