Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1090/2025 01.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2845 manat məbləğində pulun, habelə 50 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin təklifi ilə onların istəyinə uyğun olaraq 3 otaqdan ibarət mağazanı yenidən təmir etdirib işlək vəziyyətə gətirib. İçərisini mebel avadanlıqları ilə təchiz edib. Müasir reklam lövhələri ilə təmin edib. Bundan başqa təhlükəzislik baxımından pəncərələri və qapıları təmir örtüklərlə təmin edib. Bütün elektrik sistemlərini yenidən qurub. Otağa hər cür texniki avadanlıq, yəni televizor, kondisener yəni, kompyuter sistemi quraşdıraraq cavabdehin istismarına verib. Bu işlərə ümumilikdə 9980 manat, cavabdehin satış üzrə nümayəndəsinin iştirakı ilə akt tərtib edərək xərclədiyini bildirib qəbul ediblər. İşə başlamamışdan əvvəl 6000 ABŞ dolları, yəni 10200 manat depozitə pul qoyub. Yəni depozit olmasa cavabdeh işləməyə buraxmazdı. Bundan başqa 2021-ci il 01 yanvardan 30 may tarixinə kimi özünə veriləcək hər ay üçün 400 manat, icarə xərci cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı özünə geri qaytarmayıblar. Bağlanmış “məhsulların alqı-satqı müqaviləsinin” 6.1-ci bəndində deyilir ki, satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə alıcıya dəyən bütün zəruri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir, həmçinin əksinə. Bundan əlavə 8000 manat Cavabdeh MMC-yə pul köçürüb. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1567/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 12084.02 manat məbləğində borc və 126.26 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. Belə ki, özünün sübutlarına əhəmiyyət verməmiş, ödənilən, habelə depozitə qoyulmuş məbləği nəzərə almamış, işin mahiyyəti üzrə baxılıb obyektiv qərarın qəbul edilməsində önəmli addım atmamışdır. Hesab edir ki, obyektivlik pozulmuşdur. İştirakı, habelə məhkəmə prosesində sübutlarının tam və hərtərəfli ortaya qoyulması üçün zəruri hərəkətlər edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadı. Yuxarıda araşdırılmamış hissə ilə bağlı mövqeyini qeyd edib. Yəni bütün bunların hansı səbəbdən nizama salınmadığını aydınlaşdıra bilmir. Depozitə pul qoyub. Müqavilə üzrə bütün işlərini görüb. 10000 manatlıq işlər görüb. Bu günə kimi 5 aylıq icarə xərci və 840 manat ödədiyi sadələşmiş vergi özünə ödənməmişdir. Məhkəmə iddianı təmin etmişdir. Bildirir ki, ən əvvəl cavabdehlə arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən idarə yerinə yetirmədiyi öhdəliklərinin icra etməlidir. Belə ki, idarənin vəzifəsindən biri də ondan ibarətdir ki, sadələşdirilmiş vergini ödəsin. 845 manat sadələşdirilmiş vergini ödəsə də idarə həmin məbləği özünə qaytarmamışdır. Bundan başqa 01 yanvar 2021-ci ildən 30 may 2021-ci il tarixədək ödənilməli olan icra xərcləri yəni, hər ay üçün nəzərdə tutulmuş 400 manat ümumilikdə 5 ay ərzində ödənmədiyindən bu məbləğin cəmi 2000 manat ödəməmiş, nəticə etibarı ilə bu məbləği şəxsi vəsaitindən ödəməli olub. Beləliklə cavabdeh həm 2000 manatı, həm də 845 manat məbləğində pulu özünə ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirilsə də ancaq onun tərəfindən bu kimi hallar öz həllini tapmamışdır. Hesab edir ki, məhkəmə bu kimi halları araşdırmaqla aralarında olan pul münasibətlərini nizamlamalı və öz həllini tapmalıdır. İddianı müdafiə edir.
3. Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində " 2021-ci il 01 yanvardan 30 may tarixinə kimi özünə veriləcək hər ay üçün 400 manat, icarə xərci cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı özünə geri qaytarılmadığını" bildirərək 2845 manat pul tələbi qaldırmışdır. Həmin tarix aralığı 2021-ci ilin yanvar - 2021-ci ilin may ayını əhatə edir. İddiaçı ümumiyyətlə bundan öncə pul tələbi ilə bağlı iddia qaldırmamışdır. Yalnız iddiaları əsasında Şəki Kommersiya Məhkəməsində baxılmış daha sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Xahiş edir ki, iddia müddətinin ötürülməsini nəzərə alıb iddia rədd edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cü maddəsinə əsasən "müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Eyni Məcəllənin 373.3.-cü maddəsinə əsasən "vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir." Üzərindən 4 il keçəndən sonra yalnız özlərinin iddiasına cavab olaraq iddia qaldırması qərəzlidir. Bundan əlavə iddiaçı ona ödənilməsi olan həmin vəsaitin təsdiq olunması ilə bağlı heç bir sübut yeləşdirməmiş. Müqavilənin öhdəlik bəndinə əsaslanaraq iddia qaldırması şifahi olaraq səsləndirdiyi 2845 manat rəqəmlərin hardan aldığı, hansı sənədlə əsaslandırdığı əsaslı şübhələr yaradır. Tərəfindən əlavə edilmiş üzləşmə aktı, müştəri hərəkəti cədvəli və iddiaçının hesablarına ödənilməsi ilə bağlı məktubda özlərinin iddiaçıya yox, iddiaçının özlərinə borclu olduğu açıq aydın əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alıb və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi xahiş edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. 2017-ci ildən müqavilə əsasında Cavabdeh mağazasını işlədib. Müqavilədə də qeyd edilmişdir ki, onlar hüquqi cəhətdən fəaliyyət göstərməyi üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün xərclərin geri qaytarılması üçün cavabdehdir. Qeyd etmək istəyir ki, ən əvvəl cavabdehlə arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən idarə yerinə yetirmədiyi öhdəliklərinin icra etməlidir. Belə ki, idarənin vəzifəsindən biri də ondan ibarətdir ki, sadələşdirilmiş vergini ödəsin. 845 manat sadələşdirilmiş vergini ödəsədə idarə həmin məbləği özünə qaytarmamışdır. Bundan başqa 01 yanvar 2021-ci ildən 30 may 2021-ci il tarixədək ödənilməli olan icra xərcləri yəni, hər ay üçün nəzərdə tutulmuş 400 manat ümumilikdə 5 ay ərzində ödənmədiyindən bu məbləğin cəmi 2000 manat özünə ödəməmiş, nəticə etibarı ilə bu məbləği şəxsi vəsaiti hesabına ödəməli olub. Beləliklə cavabdeh həm 2000 manatı, həm də 845 manat məbləğində pulu ona ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirilsə də ancaq onun tərəfindən bu kimi hallar öz həllini tapmamışdır. Cavabdeh MMC-dən 2845 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci madəsinə əsasən hər bir tərəf üzərinə düşən öhdəliyi icra etməlidir. Qarşı tərəfin üzərinə düşən öhdəliklərdən biri də ondan ibarətdir ki, sadələşdirilmiş vergini ödəməlidir. Müdafiə etdiyi şəxs 845 manat sadələşdirilmiş vergini ödəsə də, qarşı tərəf həmin məbləği ona geri qaytarmamışdır. Bundan başqa 01 yanvar 2021-ci ildən 30 may 2021-ci il tarixədək ödənilməli olan icra xərcləri, yəni hər ay üçün nəzərdə tutulmuş 400 manat ümumilikdə 5 ay ərzində ödənmədiyindən bu məbləğin cəmi 2000 manatı iddiaçıya ödəməmiş, nəticə etibarı ilə bu məbləği iddiaçı öz şəxsi vəsaitindən ödəməli olmuşdur. Beləliklə cavabdeh həm 2000 manatı, həm də 845 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirilsə də ancaq onun tərəfindən bu kimi hallar öz həllini tapmamışdır. Cavabdeh Azgranata MMC-dən 2845 manat məbləğində pulun, habelə 50 manat dövlət rüsumunun alınıb verilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2024-cü ildə tərəflərindən İddiaçı qarşı 12084 manat 02 qəpik dəyərində iddia qaldırılmışdır. Şəki Kommersiya Məhkəməsi iddianı təmin edərək qətnamə çıxarmışdır. Həmin qətnaməni məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Daha sonra cavabdeh apellyasiya şikayəti vermiş və həmin iddia qismən təmin təmin edilmişdir. Bu iş Şəki Kommersiya Məhkəməsində və Apellyasiya məhkəməsində baxılmışdır. Təkararən eyni işin tərkib hissəsidir. Təkrarən qarşı tərəfin bu nüsxədə iddia qaldırması qanunsuzdur. İddia əsassız olduğundan qəbul etmir. Qarşı tərəf iddia etdiyi borc məbləğinin yaranmasını sübut edə bilmir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı “alıcı” İddiaçı ilə cavabdeh “satıcı” Cavabdeh arasında 2017-ci il tarixli 01 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmenti olan meyvə şirələrini və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı ,alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini, ödəyib qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən satıcı bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyinin və ya digər öhdəliklərinin icra etməməsinə və ya lazımınca icra etməməsinə görə alıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, alıcının işgüzar nüfuzuna zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 737876337, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2025-ci i tarixli ********* nömrəli, xx.xx.2025-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər İdarəsinin hesabına ümumilikdə 296,5 manat vergi ödənişi edilmişdir.
11. İş materiallarında olan İddiaçı məxsus şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə cəmi 844,90 manat vergi ödənişi edilmişdir.
11. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(117)-1567/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət etmiş və iddia təmin edilərək cavabdeh İddiaçı 12084.02 manat məbləğində borc və 126.26 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir.
12. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Kommersiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e- 2-2(117)-1567/2024 nömrəli qətnaməsi qismən “9890 manat məbləğində borcun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamə öz qanunu qüvvəsini alımışdır. V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
Vl. Məhkəmənin mövqeyi:
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2017-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən cavabdeh özünün istehsal etdiyi məhsulları iddiaçıya satmağı, iddiaçı öz növbəsində onu qəbul edib müəyyən edilmiş dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilə 1 il müddətinə bağlanmışdır. Göründüyü kimi qeyd olunan müqavilənin müddəti 2018-ci il tarixdə bitmişdir. Hazırki iddiada iddiaçı cavabdehin həmin müqavilədən irəli gələn öhdəliyinin icra etməsini tələb edir.
15. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz iddiasında cavabdehin təkidi ilə mağaza icarəyə götürdüyünü, həmin mağazanı şəxsi vəsaiti hesabına təmir etdiyini, içərisini avadanlıqlarla təmin etdiyini və bunlara ümumi olaraq 9980 manat pul xərclədiyini bildirmişdir. Həmçinin cavabdehlə aralarında icarə münasibətlərinin olduğunu və cavabdeh bu münasibət üzrə ona hər ay 400 manat icarə haqqı ödəməli olduğunu iddia etmişdir. Bundan başqa iddiaçı 845 manat ödədiyi vergi məbləğini də cavabdehdən tələb edir.
16. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında icarə münasibətlərinin olduğunu və təmir xərclərini təsdiq edəcək hər-hansı bir sübutu (icarə müqaviləsi, akt və.s.) məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Həmçinin iddiaçı vergi orqanına ödədiyi 845 manat vergi məbləğini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etdiyindən iddia həmin hissədə əsaslıdır.
17. Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilə üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətini tətbiq edilməsi və iddiadan rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
18. Qanunvericiliyin tələbi baxımından tərəflər arasında müqavilədən irəli gələn hazırkı mübahisə icra müddəti müəyyənləşdirilməmiş öhdəliklə bağlı olduğundan iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Belə ki, tərəflər arasında müqavilə 2017-ci il tarixdə 1 il müddətinə bağlanmış, müqavilənin müddəti 2018-ci il tarixdə bitmişdir. Mülki qanunverciliyin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilənin bitdiyi yəni 2021-ci il tarixdən hesablanmalıdır. Nəticədə üç illik iddia müddəti 2024-cü il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
19. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə pul tələbinə dair iddiası “2000 manat pul tələbi” hissəsində əsassız olduğundan və “845 manat pul tələbi” hissəsində isə iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir.
20. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova