Məhkəmə qərarları › İş №e-2-2(117)-1091/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1091/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1091/2025 11.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16740 manat, əldən çıxmış fayda olaraq 37800 manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 550 manat pulun və ödənilmiş 255,3 manat məbləğindəki dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, fərdi sahibkar X6 ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli, AZL-007/25 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı Cavabdeh MMC alıcı X4 “Pioneer Hi-Bred” adlı qarğadalı toxumu satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə 1 olaraq xx.xx.2025-ci il tarixli qiymətlərin razılaşma protokolu imzalanmışdır. Razılaşma protokoluna əsasən 1 kisə 310 manat olmaqla 54 kisə üçün cəmi 16740 manat malın dəyəri öncədən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədən dərhal sonra alıcı X6 tərəfindən satıcı Cavabdeh MMC-nin bank hesabına 16740 manat vəsait köçürülmüşdür. Tərəflər arasında bağlanmış razılaşma protokoluna əsasən alınmış malın çatdırılma şərtini alıcı müəyən edir. Məlum olduğu kimi yazın ilk ayından qarğadalı səpininə başlanılır. Alıcı müqavilə üzrə ödənişini yanvar ayında köçürməsinə baxmayaraq satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və lazım olan toxumu bu günədək verməmişdir. Bu barədə alıcı tərəfindən müxtəlif tarixlərdə rəsmi müraciətlər və sonda pretenziya göndərilmşidir. Belə ki, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli onlayn qaydada göndərilmiş məktublarla toxumun vaxtında verilməsi və ya əks təqdirdə ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Müraciətlərə cavab olaraq Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktubla malın xx.xx.2025-ci ilədək təhvil veriləcəyini bildirmişdir. Lakin bu günədək nə malı təhvil vermiş, nə də ödənişi geri qaytarmışdır. Nəticədə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə köçürülmüş vəsaitin iyun ayının 20-nə kimi qaytarılması bildirilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Məlumat vermək istəyir ki, satıcıdan alınmalı olan toxumun hər kisəsi 1 hektar əraziyə əkilir. Alıcı ümumilikdə 54 hektar ərazidə qarğadalı əkməyi planlaşdırmışdır. Hər hektar üzrə məhsuldarlıq ən azı 3 dəfə çox olur. Müvafiq dərmanlama, işçi, texnika xərclərini çıxmaqla ən azı iki dəfədən çox gəlir götürülür. Yəni 54 kisə qarğadalı əkini üçün ən azı xərclər çıxılmaqla 37 min manat gəlir əldə ediləcəkdir. Bir kisə qarğadalı 1 hektar üçün nəzərdə tutulub. Bir hektardan 40 ton qarğadalı götürülür. Tonu 60 manatdan olmaqla hektardan 2400 manat pul əldə edilir. Xərcləridə maksimum 1700 manat təşkil edir. Nəticədə hektar üzrə 700 manat gəlir əldə edilir. 54 hektar üzrə x 700 manat = 37800 manat. Bu gün həm həmin gəlirdən məhrum olmuş, həmdə ödədiyi vəsait geri qaytarılmamışdır. Məhz buna görə də məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbində əldən çıxmış fayda olaraq 37800 manat pul tələb edilmişdir. Həmin hissənin sübut olunması üçün iş materiallarına bir sıra zəruri satış sənədləri və arayışlar əlavə edilmişdir. Razılaşma protokoluna əsasən 1 kisə 310 manat olmaqla, 54 kisə cavabdeh tərəfindən iddiaçıya “Pioneer Hi-Bred” adlı qarğadalı toxumu verilməli idi. 1 kisədə 80000 ədəd qarğıdalı olub. 1 kisə 1 hektar əraziyə əkilməsi üçün nəzərdə tutulub. Bundan belə çıxır ki, iddiaçı 54 kisə qarğıdalını 54 hektar əraziyə səpilməsini nəzərdə tutmuşdur. Hər kektardan 13-18 ton məhsul götürülə bilər. Hər hektarın əkib-becərmə xərcləri 1000-1500 manat arasında dəyişir. (bura əkini, biçini, gübrəsi saxildir). İddiaçı tərəf əkdiyi qarğıdalının yaş kütlə (silos) halında satışını təşkil edir. Hər hektardan 40-60 ton yaş kütlə (silos) əldə edilir. İddiaçı ilə “X7 və emal birliyi” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi, bir paket silosun qiyməti 100 manata satılması nəzərdə tutulmuşdur. Bir paket 400- 450 kq olur. Beləliklə bir hektardan təxminən 88 paket silos əldə edilir. Satışından 8800 manat pul götürülür. Son dövrdə yaş silosun 60 manata satılması nəzərdə tutulub. Bu da 2400 manat edir. 2400 manat-toxumun pulu 310 manat, əkin-biçin xərci 1250 manat= 840 manat edir. Buradan da daşınma (karqo) xərcləri çıxıldıqda xalis hektardan 750-800 manat gəlir əldə edilir. Buna baxmayaraq tələbdə bir hektar üçün 700 manat tələb edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, tərəflər arasında 28 yanvar 2025-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı Cavabdeh MMC alıcı X4 qarğıdalı toxumu satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə 1 olaraq 28 yanvar 2025-ci il tarixli qiymətlərin razılaşma protokolu imzalanmışdır. Razılaşma protokoluna əsasən 1 kisə 310 manat olmaqla 54 kisə üçün cəmi 16740 manat malın dəyəri öncədən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədən dərhal sonra alıcı X6 tərəfindən satıcı Cavabdeh MMC-nin bank hesabına 16740 manat vəsait köçürülmüşdür. Alıcı müqavilə üzrə ödənişini yanvar ayında köçürməsinə baxmayaraq satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və lazım olan toxumu bu günədək verməmişdir. Bu barədə alıcı tərəfindən müxtəlif tarixlərdə rəsmi müraciətlər və sonda pretenziya göndərilmşidir. Nəticədə 11 iyun 2025-ci il tarixində qarşı tərəf malı təhvil verəcəyini bildirsə də, lakin bugünədək nə malı təhvil vermiş, nə də ödənişi geri qaytarmışdır. Nəticədə iddiaçıya ziyan dəymişdir. Həmçinin iddia tələbində əldən çıxmış fayda olaraq 37800 manat pul tələb ediblər. Həmin hissənin sübut olunması üçün tərəflərindən iş materiallarına bir sıra zəruri satış sənədləri və arayışlar əlavə edilmişdir. İddia tələbini müdafiə edir. İddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə bağlansa belə, iddiaçı ilə cavabdeh arasında vasitəçiliyi məhz Süleymanov Saleh etmişdir. Həmin şəxs torpqaların alqı-satqısı ilə məşğul olur, iddiaçının cavabdehə ödədiyi pulun dəyərində olan mal X3 vasitəçiliyi ilə faktiki olaraq cavabdehin anbarından çıxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı Cavabdeh MMC ilə cavabdeh alıcı X6 arasında xx.xx.2025-ci il tarixli AZL-007/25 nömrəli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (Cavabdeh MMC) müqavilənin qüvvədə olduğu müddətdə, tərtib olunacaq əlavədə qiymətləri və dogər göstəriciləri göstərilmiş “Pioneer Hi-Bred” adlı qarğadalı toxumlarını alıcıya (X6) satmağı, alıcı isə, həmin malları, satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən satıcı müqavilə üzrə göstərilmiş malları alıcıya və yaxudda “alıcının nümayəndəsinə” təhvil verdiyi gün malların ümumi dəyərinin 100 % məbləğini satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. 2.1.2-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməldir. 2.2.1-ci bəndinə əsasən alıcı malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZL-007/25 nömrəli “alqı-satqı müqaviləsi”nə əlavə olaraq imzalanan 1 nömrəli qiymətlərin razılaşdırma protokolundan görünür ki, satıcı (Cavabdeh MMC) tərəfindən alıcıya (X6) satılmalı olan cəmi 54 kisə “Pioneer Hi-Bred” adlı qarğadalı toxumlarının (hər kisədə 80000 ədəd olmaqla) hər birinin qiyməti 310 manat, cəmi 16740 manat olması barədə tərəflər razılığa gəlmişlər.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10927844 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına xx.xx.2025-ci il tarixli AZL-007/25 nömrəli “alqı-satqı müqaviləsi” əsasında cəmi 16740 manat pul köçürülmüşdür.

11. İş materiallarında olan iddiaçı X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli pretenziya məktublarında qeyd olunmuşdur ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun ödənişin olunmasına baxmayaraq, müqavilə üzrə satılmalı olan məhsul ona təhvil verilməmişdir. Bu səbəbdən iddiaçı ödənişin geri qaytarılmasını tələb etmiş və sonuncu məktubla əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

12. İş materiallarında olan Cavabdeh MMC tərəfindən iddiaçı X4 ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müqavilə üzrə satılmalı olan mallar xx.xx.2025-ci ilə kimi təhvil verləcəkdir. Bu səbəbdən ödənişin geri qaytarılamsı nəzərdə tutulmur.

13. İş materiallarında olan iddiaçı X6 ilə “X7 və Emal Birliyi” MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli 23/AS-20 nömrəli alqı-satıqı müqaviləsindən görünür ki, X1 qismində iştirak etməklə özünün istehsal etdiyi məhsulu (Silos) “X7 və Emal Birliyi” MMCyə satmağı, həmin MMC isə alıcı qismində iştirak etməklə malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/AS-20 nömrəli alqı-satıqı müqaviləsinə 1 nömrəli əlavə olaraq imzalanan qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər satıcı tərəfindən alıcıya satılmalı olan Silos məhsulunu vahidinin (bir vahid 400-450 kq) qiyməti 100 manat olmaqla qiyməti barədə razılığa gəlmişlər.

15. İş materiallarında olan Silosun təhvil-qəbulu haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı X6 tərəfindən “X7 və Emal Birliyi” MMC-yə müqavilə əsasında 1360 paket Silos təhvil verilmişdir. Həmin silosun qiyməti cəmi 136000 manat təşkil etmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilən xx.xx.2025-ci il tarixli məlumatda qeyd olunmuşdur ki, “Pioneer Hi-Bred” İtaliya mənşəli yüksək məhsuldar qarğıdalı hibridlərinin beynəlxalq brendidir. Bu toxumlar dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda silos və dən qarğıdalı istehsalında geniş istifadə olunur. Hibridlər genetik seleksiya nəticəsində alınmış, quraqlığa, isti iqlimə və xəstəliklərə qarşı davamlı, yüksək məhsuldarlıq potensialına malik sortlardır. Hibridlər Azərbaycan iqlim şəraitinə uyğun adaptasiya qabiliyyəti ilə fərqlənir. Qeyd olunan məlumatda həmin “Pioneer Hi-Bred” toxumunun bioloji xüsusiyyətləri, məhsuldarlığı həmçinin əkinini həyata keçirilməsi üçün lazımi xərclərin miqdarı barədə məlumatlar da əks olunmuşdur.

17. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli rəydə qeyd olunmuşdur ki, hibrid çeşidlərinin adı və tezyetişkən və gecyetişkənliyi göstərilmədiyinə görə vegetasiya dövründə aparılan aqrotexniki tədbirlər və çəkilən xərclər barədə dəqiq məlumat vermək mümkün deyil. Əkin materialının cücərmə faizinin məlum olmadığına, nəzərdə tutulmuş qarğıdalı sahəsinə baxış keçirilmədiyinə və əkin nəzərdə tutulan 54 ha torpaq sahəsinin münbitliyinin təyin edilmədiyinə görə real vəziyyəti obyektiv qiymətləndirmək çətindir. Lakin Şəki rayonunu 2024-cü il üzrə statistik məlumatlarına əsasən Şəki rayonu ərazisində qarğıdalı əkilən sahələrdən dən məhsulunun orta məhsuldarlığı 5,21 t/ha (Şəki Rayon Statistik İdarəsi) təşkil etdiyi müəyyən edilmişdir. Şəki Rayon Statistik İdarəsinin məlumatına əsaslanaraq 54 ha əkin sahəsi üçün toxum materialı vaxtında verilsəydi sahibkar hər hektar torpaq sahəsindən 5,21 ton məhsul əldə edə bilərdi. (nəzərdə tutulan aqrotexniki qulluq işlərinin aparılması şərti ilə).

V. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.2. 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

19. Məhkəmə qeyd edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

20. Məhkəmə ilk öncə iddia tələbinin 16740 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməldir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, bu hissədə cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.

21. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı (alıcı) alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş 16740 manat məbləği cavabdehə (satıcıya) ödəmişdir. Bu iş materiallarında olan ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində müqavilə üzrə nəzərdə tutulmuş malı (qarğıdalı toxumu) iddiaçıya təhvil verməmişdir. Nəticədə cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 16740 manat pulun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

22. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 37800 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

23. Belə ki, işin hallarından da göründüyü kimi cavabdeh iddiaçıya alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş qarğıdalı toxumunu verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı C.Fərzəliyev silos (yaş qarğıdalı) məhsulunun alqı-satqısı ilə məşğuldur. Bu fəaliyyəti ilə əlaqədar da bir sıra hüquqi şəxlərlə müqavilə bağlamış, bununla da silos satışını həyata keçirir və gəlir əldə edir. Cavabdehin iddiaçıya qarğıdalı toxumunu vaxtında verməməsi sahibkarlıq fəaliyyəti iş məşğul olan iddiaçını əldə etməli olduğu gəlirlərdən məhrum etmişdir.

24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış Razılaşma protokoluna əsasən 1 kisə 310 manat olmaqla, 54 kisə cavabdeh tərəfindən iddiaçıya “Pioneer Hi-Bred” adlı qarğadalı toxumu verilməli idi. 1 kisədə 80000 ədəd qarğıdalı olmaqla hər bir kisədəolan qarğıdalı toxumunun 1 hektar əraziyə əkilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı 54 kisə qarğıdalını 54 hektar torpaq sahəsinə səpilməsini nəzərdə tutmuşdur. Torpaq sahəsinin hər hektarından 13-18 ton məhsul götürülməsi mümkündür. Hər hektar ərazinin əkib-becərilmə xərcləri 1000-1500 manat təşkil edir (bura əkini, biçini, gübrəsi daxildir). İddiaçı əkdiyi qarğıdalının yaş kütlə (silos) halında satışını təşkil edir. Torpaq sahəsinin hər bir hektarından 40-60 ton yaş kütlə (silos) əldə edilir. Satılması nəzərdə tutulan bir paket silosun kütləsi 400-450 kq təşkil edir. Beləliklə ərazinin bir hektarından orta hesabla 88 paket silos əldə edilməli, onun satışından 8800 manat pul götürülməli idi. Son dövrdə yaş silosun bir paketinin 60 manata satılması nəzərdə tutulmuşdur. Bunun da qiyməti 2400 manat təşkil edir. Həmçinin 1 kisə toxumun pulu 310 manat, əkin-biçin xərci 1250 manat, daşınma (karqo) xərcləri çıxıldıqda hər hektar ərazidən 750-800 manat xalis gəlir əldə edilir. Göstərilən hallar Kənd Təssərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilən məlumatda öz təsdiqini tapmışdır. Lakin iddiaçı hazırki iddiasında hər hektar ərazidən əldən çıxmış fayda qismində 700 manat məbləğində pul tələb edir.

25. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli rəydə göstərilən orta məhsuldarlıq qiyməti qarğıdalının yaş məhsuluna (silos) deyil, dən məhsuluna aid olduğundan məhkəmə əldən çıxamış faydanı hesablayarkən həmin rəyə istinad etməmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində iddiaçının maddi ziyana uğraması işin halları ilə öz təsdiqini tapdığından, əldən çıxmış fayda qismində 37800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 550 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Vəkillər X5 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

29. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, 550 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 255,30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabeh Cavabdehndən 16740 manat, əldən çıxmış faydaya görə 37800 manat olmaqla cəmi 54540 manat pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 550 manat məbləğində və 255,30 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir.

Vİl. Nəticə:

32. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabeh Cavabdehndən 16740 manat, əldən çıxmış faydaya görə 37800 manat olmaqla cəmi 54540 manat pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 550 manat məbləğində və 255,30 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar