Məhkəmə qərarları › İş №e-2-2(117)-1093/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1093/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1093/2025 03.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.097,15 manat əsas borc məbləği və 70.98 manat dövlət rüsumu olmaqla ümumilikdə 5.168,13 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçındə rəhbərlik dəyişdiyi üçün Cavabdeh ilə bağlanmış müqaviləni iddia ərizəsinə əlavə etmək mümkün olmamışdır. Lakin borcun etirafı, cavabdeh tərəfindən iltizamnamə, üzləşmə aktı və digər borcu təsdiq edən sənədlər qoşmaya əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubunda cavabdehlə yanaşı, "xxxx" MMC-nin qeyd edilməsinin səbəbi odur ki, müqavilə fərdi sahibkar kimi Cavabdeh ilə bağlanmış və sonuncu tərəfindən müqavilə münasibətlərindən sonra hüquqi şəxs təsis edilmişdir. Cavabdehə 2 dəfə pretenziya məktubu göndərilmiş, kifayət qədər vaxt verilmiş və yekunda müsbət nəticə olmadığı üçün iddia ərizəsi ilə müraciət edilmiş və məhkəmədən əvvəl iddia ərizəsi cavabdehə təqdim olunmuşdur. Hüquqlarını və qanuni mənafelərini müdafiə etdiyi İddiaçınə cavabdeh tərəfindən 27 sentyabr 2024-cü il tarixdə iltizamnamə təqdim edilərək bildirilmişdir ki, uzun müddətdir ki, əməkdaşlıq edirlər, fəaliyyətləri baytarlıq aptekində preparatların, dərmanlı maddələrin satışını təşkil etməkdən ibarətdir, müəyyən səbəblərdən İddiaçı MMC-yə 5000 manat borc yaranmışdır və həmin dövr üzrə fəaliyyətlərinin bərpa edildiyini və yaranmış borcun hissəhissə ödənilməsi ilə bağlı tərəflərindən öhdəlik götürdükləri bildirilmişdir. Həmçinin eyni tarixdə üzləşmə aktı tərtib edilmiş, tərəflərindən borc etiraf edilmiş və imzalarla rəsmiləşdirilmişdir. Bundan sonra 09 aprel 2025-ci il tarixdə yenidən şirkətə tərəflərindən ərizə ünvanlanaraq alacaqlarının olduğu və yenidən 5000 manat pul vəsaitinin ödəniləcəyi bildirilmişdir. Lakin ödənişi həyata keçirməklə bağlı qeyd edilənlər öz təsdiqini tapmamış və müqavilə bağlandıqdan sonra müqavilə üzrə öhdəlikləri icra etməkdən yayınmışdırlar, cavabdeh tərəfindən müntəzəm olaraq ödənişlər həyata keçirilməmiş və ödənilməli olan cari(aylıq) ödənişləri aylardır ki, ödənilməmişdir. Mövcud borcun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflərindən öhdəliklər yerinə yetirilməmiş, kifayət qədər vaxt verilsə də, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində müqavilə üzrə cari(aylıq) ödəmələr icra edilməmişdir. Nəticədə cavabdeh tərəfindən cari dövrə 5.097,15 manat pul vəsaiti borc yaranmışdır. Buna görə də, cavabdehə pretenziya məktubları göndərilərək bildirilmişdir ki, təqdim olunmuş pretenziya məktununun çatdığı gündən 5 gün ərzində 5.097,15 manat pul vəsaitinin ödənilməsi tələb edilir. Sonuncuya borcun ödənilməsi üçün kifayət qədər vaxt verilmişdir. Həmçinin elektron sənəd dövriyyəsi üzrə üzərindən cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Əks təqdirdə ödənişlərin həyata keçirilmədiyi təqdirdə mülki qanununveriliyin tələbinə müvafiq olaraq müvafiq məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Lakin cavabdeh tərəfindən həmin məktubda göstərilən qanuni tələbləri yenidən icra edilməmiş, məktuba heç bir münasibət bildirilməmiş, Cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, dərman şirkətlərinin bir xüsusiyyəti var ki, təzə yaranan vaxtı dərmanlarını reklam edirlər. Bu şirkət də təzə yaranan vaxt bildirdi ki, birlikdə işləyəcəklər və dərmanları satanda onlara faiz veriləcəkdir. 3-4 il bundan əvvəl iddiaçı şirkər ona demişdi ki, nə qədər mal satılsa onun 10 faizini cavabdehə verəcəkdir. İddiaçının pul tələb etməyə heç bir əsası yoxdur. Nə müqavilə var, nə də üzləşmə aktının notariat qaydada təsdiqi. Həmçinin oradakı sənədə imza çəkməyib, onların mal paylayanı imza çəkib. Həmin şirkətin 80000 manatlıq mallarını satıb. 3-4 il olar ki, artıq bu şirkətlə işləmir. Onlara deyib ki, Şəkidə digər apteklərə mal verməsinlər. Çünki əziyyət çəkib malları reklam edir. Malları tanınan kimi digər apteklərə mal verməyə başladılar. Ona görə də onlara deyib ki, artıq onlarla işləmir, hansı aptekə mal verirsinizə gedin həmin apteklə əməkdaşlıq edin.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı razılaşması olmuş, iddiaçı mülkiyyətində olan dərman preparatlarını cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşma üzrə iddiaçıya 5000 manat borcu vardır. Həmin akt cavabdeh və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh iddiaçıdan şifahi razılaşma üzrə mallar aldığını bildirmiş və həmin müqavilə üzrə ödənilməmiş 5000 manat borcu qaldığını qeyd etmişdir. Həmin borcun ödənilməsini təmin edəcəyini bildirmişdir. İltizam Cavabdeh tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 00405 nömrəli və xx.xx.2024-cü il tarixli 00406 nömrəli malların təhvil-təslim aktlarından görünür ki, cavadbehə iddiaçı tərəfindən 2345,3 manat dəyərində mal verilmiş və həmin malların adları, dəyəri qaimədə öz əksini tapmışdır. Həmçinin qaimədə cavabdehin ümumi 6172,30 manat borcunun olduğunu və həmin borcdan ödəniş edildiyi və yerdə ödənilməmiş 5000 manat borcun qaldığı qeyd edilmişdir. Həmin qaimələr iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Vİ. Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqısatqı razılaşması olmuş, iddiaçı cavabdehə bu razılaşmada nəzərədə tutulan malları təhvil vermişdir. Bu hal iş materiallarında olan sənədlərlə (üzləşmə aktı, qaimə və.s.) öz təsdiqini tapmışdır. Tərəflər arasında şifahi müqavilənin olması cavabdeh tərəfindən qəbul edilir. O izahatında qeyd etmişdir ki, iddiaçı şirkətdən 80000 manatlıq mal alıb satmışdır. Bu səbəbdən tərəflər arasında şifahi alqı-satqı razılaşmasının olması işin mübahisəsiz halıdır. Cavabdeh isə razılaşma üzrə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı razılaşması və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə iddia üzrə 5097,15 manat borcun tələb edilməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.

16. Belə ki, iş materiallarında olan cavabdehin borcunun omasını təsdiq edən sənədlərdə (üzləşmə aktı, iltizam və.s) cavabdehin 5000 manat borcunun olduğu qeyd edilmişdir. İddia tələbində göstərilən 97,15 manat (5097,15-5000) borcunun olmasının təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, həmçinin bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat pulun tələb edilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında mövcud olan alqı-satqı razılaşması əsasında yaranmış və ödənilməmiş 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

19. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat borc pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

20. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat borc pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar