Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1115/2025 15.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 36930.32 manat məbləğində əsas borcun və 200.79 manat manat ödənilmiş rüsum xərcləri, 37131.11 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və f/ş Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi (VÖEN:**********) müvafiq qaydada qazlaşdırılmaqla **********00010 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixli AMX-2383/23 saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00010 saylı saylı qaz hesabında 57701.02 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G250 markalı 903260 nömrəli sayğacın 531257 m mexaniki və 556087 m elektron göstəricisi ilə yaranmışdır. Bildirir ki, bundan əvvəl də Şəki Kommersiya Məhkəməsi Cavabdeh 25870.70 manat əsas borcun və rüsum xərclərinin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli e-2-2(117)-96/2024 saylı qətnamə çıxarmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən qismən 5100 manat ödəniş edilmiş və icra sənədi üzrə 20770.70 manat qalıq borc mövcuddur. Ona görə də hazırda cavabdehin qaz hesabında yaranmış 57701.02 manat borcun 20770.70 manat hissəsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan həmin icra sənədinin təsir dairəsinə düşməyən 36930.32 manat borcun tutulmasına dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Bundan əlavə tərəflər arasında bir neçə dəfə debitor borcun hissə-hissə ödənilməsi haqqında razılaşma protkolları imzalansa da cavabdeh buna əməl etməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixli 45 nömrəli xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh tələbi icra etməmişdir. Bununla əlaqədar olaraq Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qaz təminatı borcun ödənilməməsi səbəbli xx.xx.2025-ci il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Lakin bununla belə təkrar həmin ünvana baxış keçirərkən Cavabdeh qaz paylayıcısının qanuni tələblərinə əməl etməyərək özbaşına olaraq qazın verilişini bərpa etdiyi aşkar olunmuş və bununla bağlı müvafiq xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə Cavabdeh sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında **********024709 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilsə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirilmişdir ki, cavabdeh tərəf keçən müddət ərzində istehlak edimiş təbii qazın dəyərini ümumiyyətlə ödəməkdən yayındığından borc artaraq xx.xx.2025-ci il tarixə G-250 markalı 903260 nömrəli sayğacın 545553 m3 mexaniki və 570935 m3 elektron göstərici ilə 61264.54 manat olmuşdur. Həmin borcun 20770.70 manat hissəsi ilə bağlı qeyd edilən kimi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-96/2024 saylı qətnaməsi mövcud olduğundan icra sənədinin təsir dairəsinə düşməyən borc məbləği 40493.84 manat (61264.54 man – 20770.70 man = 40493.84 man) təşkil edir və həmin hissədə iddia tələbi artırılmalıdır və artırılan hissədə dövlət rüsumu 10.68 manat təşkil etdiyindən əvvəlcədən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbi əsas və dövlət rüsumuna münasibətdə artırılmaqla Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 40493.84 manat məbləğində əsas borcun və 211.48 manat manat ödənilmiş rüsum xərcləri, 40705.32 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən Cavabdeh hesablanmış 58251,82 manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 264,76 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda yerləşən **********00010 saylı abonent kodu olan özünə məxsus qeyri-yaşayış sahəsi (tütün qurutma sexi) fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ilin sonunadək istifadə etdiyi təbii qazın dəyərinin hesablanmasında qüsurların olmasını görməyib. Cavabdeh təşkilat tərəfindən 2023-cü ildən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində ümumilikdə 58251,82 manat borc hesablanmışdır. 2024-cü ilin dekabr ayından tərəfindən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsədə bizə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və bu azmış kimi xx.xx.2025-ci il tarixdə təbii qazın verilməsi dayandırılmışdır. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırda özünə məxsus qaz kəmərinin üzərində Elster G250 markalı, 903260 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2022-ci il ərzində orta hesabla ay ərzində 5514,96 manat təbii qazdan istifadə edilir. Lakin növbəti illərdə, yəni 2023 və 2024-cü illərdə aylıq sərfiyyat iki dəfədən də artıq olmuşdur. Nümunə kimi bildirir ki, 2023-cü ilin avqust ayında 14574,94 manat, sentyabr ayında isə 13979,02 manat qaz sərfinin dəyəri hesablanmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq qaz paylayıcısı məsələnin obyektiv araşdırılması əvəzinə xx.xx.2025-ci il tarixdə qaz təchizatını dayandırmışdır. Bundan sonra 2025-ci ilin iyul ayında, yəni qaz təchizatı kəsili olduğu halda özünə 550,80 manat məbləğində borc hesablanmışdır. Bu axı tam absurtdur. Təbii qaz verilmədiyi halda necə borc hesablana bilər. Bu hal özlüyündə cavabdehin qanunsuz hərəkətlərinin sübutudur. Məlum olduğu kimi, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər, habelə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra - Qaydalar) və qazın alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) ilə tənzimlənir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. Müqavilənin 2.1.11-ci yarımbəndilə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifələrinə və 2.4.7-ci yarımbəndilə paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini paylayıcıdan tələb etmək istehlaçının hüquqlarına aid edilmişdir. Məhkəmənin diqqətini daha bir vacib məqama çəkmək istəyir ki, Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qanunverici qaz sayğacına görə məsuliyyəti fiziki şəxsə münasibətdə bütövlükdə cavabdeh təşkilatın üzərinə qoymuşdur. Hesab edir ki, **********00010 saylı abonent saldosu üzrə qazdan istifadəyə görə İddiaçı İB-yə yaranmış 58251,82 manat borc əsassız hesablanmış borcdur və yuxarıda qeyd olunan səbəblərdən həmin borc silinməlidir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İş üzrə məhkəməyə daxil olmuş ekspertiza rəyində də iddia tələbində göstərdiyi əsaslar öz təsdiqini tapmışdır. İddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli AMX-2383/23 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
10. İş materiallarında olan Cavabdeh məxsus **********00010 saylı abonentin saldosundan görünür ki, cavabdehin xx.xx.2026-cı il tarixə iddiaçıya ödənilməmiş 84713,34 manat məbləğində qaz borcu yaranmışdır.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsində (tütün qurutma məntəqəsi) olan qaz sayğacı üzrə qaz təchizatı, mövcud olan 57701,02 manat debitor borca görə dayandırılmışdır. Həmin akt qaz paylayıcısı İddiaçı əməkdaşları tərəfindən imzalanmışdır.
12. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh mövcud olan 57316,30 manat debitor borcun ödənilməsi tələb edilmişdir.
13. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(117)-96/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 25870,7 manat borc və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı İByə ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış, həmçinin icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir.
14. Azərbaycan Respublikası Energetika Nazirliyi və X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentin 2024-cü ilin fevral ayının sonuna istehlak olunmuş təbii qaza görə 25870,70 manat borcu olmuşdur. Həmin borcun ödənilməsi barədə İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə olan Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli e-2-2(117)-96/2024 nömrəli qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən bu günədək istehlaçkı cəmi 8090 manat ödəniş etmişdir. 2025ci ilin iyul ayının sonuna 58251,82 manat istehlak olunmuş təbii qaza görə borc məbləği yaranmışdır. Həmin borcun 18270,70 manat hissəsi 2024-cü ilin fevral ayından məhkəmə qətnaməsi ilə təsdiq edilmiş borcun qalığı, 39981,12 manat hissəsi isə sayğac göstəricilərinə əsasən istehlak olunmuş qaza görə yaranmış borcdur. 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək olan müddətdə qaz sayğacının göstəricilərinə əsasən aparılmış hesabatdan əlavə heç bir sərfiyyat (itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış dəymiş ziyan, aparılmış sərfiyyat hesabatına düzəliş, sərfiyyat aşmaya görə hesabar, texnoloji itki və.s) hesabata əlavə edilməmişdir. Faktiki sayğac göstəriciləri ilə hesabatda qeyd edilən sayğac göstəriciləri uyğundur və təhrif olunma yoxdur. Cavabdeh məxsus ünvan 1ində yerləşən **********00010 kodlu abonent hesabına qaz sayğacından istifadəyə görə hesablanmış 58251,82 manat borcun məbləği İddiaçı tərtib etdiyi sənədlərdə göstərilən məlumatları nəzərə almaqla qanunvericiliyn tələbinə uyğundur. Əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən qeyri-yaşayış sahəsinin (tütün qurutma məntəqəsi) **********00010 saylı abonent kodu üzrə hesablanmış 58251,82 manat borc məbləği qazdan artıq istifadəyə görə və yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləği deyil, qaz sayğacının göstəricilərinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış borc məbləğidir və Tariş Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli və xx.xx.2024-cü il tarixli, 18 nömrəli qərarlarına uyğun hesablanmışdır. V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu: 12.1. Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir. 12.2. Qaz satıcıları bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər. 12.3. İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 12.4. Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək; 13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 40493,84 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
20. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli AMX-2383/23 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 211,48 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
23. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasında ona məxsus abonent hesabına yazılmış 58251,82 manat borcun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na uyğun olmadığını qeyd etmişdir.
24. İddiaçının bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ona məxsus abonent hesabına yazılmış 58251,82 manat borc təbii qazdan istifadəyə görə yaranmış debitor borcudur. Həmin borc qaz təchizatçısı tərəfindən hər-hansı bir əlavə əsaslara görə hesablanmamış, istehlakçının istehlak etdiyi təbii qazın dəyərini təşkil edir. Bu hal iş materiallarında olan sənədlərlə (abonentin saldosu, akt və.s) öz təsdiqini tapmış, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi və X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də qeyd olunmuşdur.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini ödəməli olduğundan, bu əsasla yaranmış borcun silinməsini tələb etməkdə haqlı olmamış və nəticədə iddia tələbi rədd edilməlidir.
26. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 265 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Beləliklə, qeyd olunanlara rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində borc və ödənilmiş 211,48 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Vİl. Nəticə:
28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində borc və ödənilmiş 211,48 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova