Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1116/2025 29.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, 4726 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 4 488 manat əsas məbləğin, həmçinin dövlət rüsumu qismində ödənilmiş 65 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqişəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetolojiavadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 01 fevral 2023-cü il tarixində 4726 nömrəli nisyə alqısatqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMCA7 diode lasercihazını alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərtilə təhvil verməyi, alıcı isə onu qəbul etməyi və onun dəyərini razılaşdırılmış formada hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan cihazın ümumi satış dəyəri19,800 AZN olaraq razılaşdırılmışdır. Borc məbləğinin razılaşdırılmış 19 aylıq ödəniş qrafiki Müqavilənin 1.4cü bəndində özəksini tapmışdır. xx.xx.2023-cü il tarixində edilmiş Əlavə ilə sadəcə olaraq satış predmeti tərəflərin qarşılıqlı razılaşması əsasında dəyişdirilmişdir. Ödəniş qrafiki isə faktiki olaraq dəyişdirilməmiş hesab olunmuşdur. Yəni alıcı əvəzləşdirmə tarixindən sonra da öz ödənişini qrafikə uyğun etməsi (həmin tarixə olan qalıq məbləğ üzrə) razılaşdırılmışdır. Bu əvəzləşdirmə isə tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Alıcı indiyə qədər qrafik üzrə Satıcıya cəmi15 312 AZN ödəniş həyata keçirmişdir. 2024-cü ilin yanvar-fevral ayından etibarən Alıcı ödəniş etməyi dayandırmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh hal-hazırda müqavilə üzrə iddiaçıya 4 488 manat gecikdirilmiş borcu qalmaqdadır. Cavabdeh tərəfindən sonuncu ödənişin həyata keçirilməsindən (vaxtı çatmış öhdəliyin icra edilməməsindən) artıq 1 ildən çox müddət keçməkdədir. Onun tərəfindən müvafiq ay üzrə ödənişin edilməməsindən sonra tərəfimizdən onunla ödənişin edilməsinin zərurəti ilə bağlı danışıqlar aparılmışdır. Sonuncu dəfə Cavabdeh xx.xx.2025-ci il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, bütün bu cəhdlər nəticəsiz qalmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 4726 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı 1 ədəd dəyəri 19800 manat olan “A7 diode laser” avadanlığının dəyərini xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək, hissə-hissə ödəmək şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul edib bu müqavilənin 1.4-cü bəndində göstərinən qrafik üzrə ilkin olaraq 7000 manat ödəniş etmək şərti ilə, hər ay 711 manat sonuncu ay isə 713 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4726 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə imzalanan 1 nömrəli əlavədən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli 4726 nömrəli müqavilə üzrə verilmiş “A7 diode laser” avadanlığı, “Goldenlaser Sunlight diode laser” avadanlığı ilə əvəz edilməklə cavabdehə təhvil verilmişdir. Həmin əvəz edilən əmlakın dəyəri qrafik üzrə dəyişdirilməmişdir. Qeyd olunan əlavə tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4726 nömrəli müqavilə üzrə alqı-satqı predmentinin əvəzləşdirilməsinə dair təhvil-təslim aktından görünür ki, qeyd olunan əmlaklar əvəzləşdirilərək cavabdehə təhvil verilmişdir. Qeyd olunan akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
9. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni 1 ədəd dəyəri 19800 manat olan “A7 diode laser” avadanlığını (sonradan əvəzləşdirməklə “Goldenlaser Sunlight diode laser” avadanlığı) cavabdehə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək avadanlığın qrafik üzrə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Bu hal iş materiallarında olan müqavilə və digər sənədlər ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə bu halın əksini sübut edəcək sənədi məhkəməyə təqdim etməmişdir.
12. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 4726 saylı müqavilə üzrə 4488 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Vİ. Nəticə:
14. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 4726 nömrəli müqavilə üzrə 4488 manat borc və 65 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova