Məhkəmə qərarları › İş №e-2-2(117)-113/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-113/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-113/2024 13.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “5330 manat əsas borc, 1599 manat dəbbə pulu, 110 manat mediasiya xərcinin, cəmi 7039 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5 % həddində dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5330 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 23 oktyabr 2019-cu il tarixində alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh artıq uzun illərdir ki, borc məbləğini ödəməkdən boyun qaçırmağa davam edir. Bağlanılmış alqı-satqı müqaviləsinin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Dəbbə pulu hər gecikdirilən gün üçün 0.5 % olaraq, gecikdirilən günlərin sayını isə son iki ay, yəni 60 gün olmaqla götürümüşdür. Beləliklə ödənişi gecikdirilmiş məbləğin, yəni 5330 manatın 0.5%-i = 26,65 manat təşkil edir ki, bu da x 60 günə = 1599 manat dəbbə pulu olaraq hesablanır. Qanun tələblərinə və müqavilə şərtlərinə zidd olaraq cavabdeh ödənişi etmədiyi üçün faktiki olaraq iddiaçının hüquqlarını pozmuş və zərər vurmuşdur. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq Cavabdeh 5330 manat borcun İddiaçı MMC-yə ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş və cavabdehin ünvanı üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi “İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5330 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmin aktla cavabdehin 5330 manat borcunun olması təsdiq edilir. Məhkəmə iddia tələbinin 1599 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5 % həddində dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1599 manat deyil, əsas borcun 5 faizi həddində 266 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə cavabdehin 5330 manat borcunun olması təsdiq edildiyindən və cavabdeh borc tələbinə dair etirazını qanunvericiliklə müəyyən olunmuş müddət ərzində məhkəməyə təqdim etmədiyindən, həmçinin üzləşmə aktını imzalamaqla borcun mövcudluğunu etiraf etdiyindən 5330 manat əsas borc, 266 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (6929) ödənilməli dövlət rüsumu 89,29 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən ödənilməmiş 89,29 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5330 manat əsas borc, 266 manat dəbbə pulu və 110 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 89,29 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar