Məhkəmə qərarları › İş №e-2-2(117)-1131/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1131/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1131/2024 27.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “2067 manat pul və 40,67 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə : İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı barədə xx.xx.2022-ci il tarixli, EFE-2022-700084 nömrəli müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satmağı, sonuncu isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 2332,23 manat borcunun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh 2332,23 manat borc məbləğini xx.xx.2022-ci il tarixdən başlayaraq hissə-hissə ayda 97 manat olmaqla xx.xx.2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizə ilə də cavabdeh borcunu etiraf etmiş və maddi imkanı olmadığından borcunu hissəhissə olmaqla xx.xx.2024-cü il tarixədək ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun iddiaçıya 2067 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirmişdir ki, öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmişdir. Ümumilikdə cavabdeh X1 cəmiyyətə 2067 manat borcu vardır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, Borcun etirafı barədə müqavilə, Akt, Ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi A+CO” ASC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı barədə xx.xx.2022-ci il tarixli, EFE-2022-700084 nömrəli müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satmağı, sonuncu isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 2332,23 manat borcunun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh 2332,23 manat borc məbləğini xx.xx.2022-ci il tarixdən başlayaraq hissə-hissə ayda 97 manat olmaqla xx.xx.2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizə ilə də cavabdeh borcunu etiraf etmiş və maddi imkanı olmadığından borcun hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixədək ödəyəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu ödəyəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq borcunu lazımınca ödəməmişdir ki, onun iddiaçıya olan qalıq borcu 2067 manat təşkil edir. Cavabdeh iddia tələbinin əksini sübut edəcək sənədlərini və iddia tələbinə hər hansısa münasibətini məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 2067 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 40,67 manat təşki edir ki, iddiaçı tərəfindən həmiin dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etdiyinidən 40,67 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2067 manat borc və 40,67 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar