Məhkəmə qərarları › İş №e-2-2(117)-1137/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1137/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1137/2024 05.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1031 manat borcun və 30,31 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alğı-satqısına dair xx.xx.2020-ci il tarixli, 101 nömrəli müqaviləyə əsasən satıcı 3 ha sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığın mövcud standartlara və 27 avqust 2007-ci il tarixində Kənd təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş xam pambığın yığılması və tədraükü üzrə təlimatın tələblərinə əsasən X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq bütünlüklə kondisiya çəkidə, mmüqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, alıcı isə satıcının gətirdiyi xam-pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul edir və onun kondisiya kütləsinin dəyərini müqavilədə müəyyən edilmiş qayadada satıcıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 105 manat məbləğində 1-ci şum, 102 manat məbləğində şirvan mala, 44 manat məbləğində sahədaxili kanal çəkilişi, 36 manat məbləğində çiyid səpini, 360 manat məbləğində becərmə, arat üçün avans, 384 manat məbləğində çiyid olmaqla cəmi 1031 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə təsdiq olunur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, ödənilməmiş 1031 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1031 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və bildiriş ünvanı üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə çatıdırılmasına baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Ödəniş tapşırığı, İş və xidmətlərin yerinə yetirilməsi aktı, Arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, 101 nömrəli müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 105 manat məbləğində 1-ci şum, 102 manat məbləğində şirvan mala, 44 manat məbləğində sahədaxili kanal çəkilişi, 36 manat məbləğində çiyid səpini, 360 manat məbləğində becərmə, arat üçün avans, 384 manat məbləğində çiyid olmaqla cəmi 1031 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, buna baxmayaraq cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 1031 manat borcu qalmışdır. Cavabdehin 1031 manat borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə təsdiq olunur. Belə ki, həmin aktdan göründüyü kimi tərəflər aralarında xx.xx.2021-ci il tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, pambığın becərilməsinə görə 1031 manat xərc çəkilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş, etirazı olduğu halda bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilərək 1031 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1031 manat) ödənilməli dövlət rüsumu 30,31 manat təşkil edir. İddiaçı onun tərəfindən ödənilmiş 30,31 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 30,31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1031 manat borc və 30,31 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar