Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1138/2024 02.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “580.56 manat əsas borc, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 il müddətinə bağlanmış 445 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqaviləyə 1 saylı əlavədə adları göstərilən malları alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malların alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. İddiaçı müqavilədə nəzərdə tutulduğu kimi xx.xx.2022-ci il tarixli, 372611 nömrəli elektron qaiməni məhkəməyə təqdim etməmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini ödəməmiş və nəticədə ödənilməmiş 580,56 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin elektron vergi sistemindən (taxes.gov.az) təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 372611 saylı elektron qaimə-faktura sənədinə əsasən Cavabdeh sifarişi ilə ona ümumi dəyəri 580,56 manat məbləğində inşaat məhsulları satılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 580,56 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 580,56 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri ünvanı üzrə təqdim olunmuşdur. Buna baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qiymət cədvəli, xx.xx.2022-ci il tarixli, 372611 elektron qaimə-faktura və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi “İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 il müddətinə bağlanmış 445 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqaviləyə 1 saylı əlavədə adları göstərilən malları alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malların alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini ödəməmiş və nəticədə ödənilməmiş 580,56 manat borcu qalmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 372611 nömrəli elektron qaimə-faktura ilə öz təsdiqini tapır. Məhkəmə xx.xx.2022-ci il tarixli, 372611 nömrəli elektron qaimə-fakturaya münasibətdə qeyd edir ki, həmin elektron qaimə-faktura orda adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, müqavilə şərti ilə (4.2-ci bənd) əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmədiyindən 580,56 manat məbləğində borcu qalmışdır ki, bu səbəbdən 580,56 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir ki, iddiaçı qeyd edilən dövlət rüsumunu ödədiyindən və həmin vəsaiti cavabdehdən tələb etdiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 580,56 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1138/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1138/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver