Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1151/2025 20.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Maraqlı şəxs, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1064,29 manat, İcbari Tibbi Sığorta Fonduna 224,48 manat, Dövlət Sosial Müdafiə Fonduna 24752,69 manat olmaqla, ümumilikdə 26041,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx.xx.1983-cü il, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1064,29 manat, İcbari Tibbi Sığorta Fonduna 224,48 manat, Dövlət Sosial Müdafiə Fonduna 24752,69 manat olmaqla, ümumilikdə 26041,46 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********493100, xx.xx.2022-ci il tarixli **********621200, xx.xx.2024-cü il tarixli **********382400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Yahyayev X7 ray., Şahlıq kəndi ünvanında yaşayır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən xxxx MMC-yə orada avadanlıqların iventarizasiyasını aparmaq üçün direktor vəzifəsinə müvəqqəti təyin edilib və daha sonra isə müvəqqəti icra etdiyi direktor vəzifəsindən xaric edilib. AMEA-nın rəhbərinə müraciət edərək, ordakı avadanlıqların satılıb borca yönəldilməsini xahiş edib. Belə razılaşıblar ki, həmin avadanlıqlar balansda olmadığı üçün hər hansı müstəqil şirkət çağırıb avadanlıqların qiymətləndirməsini edib, sonra onlar satılıb borcun ödənilməsinə yönəlsin. Həmin avadanlıqlar qiymətləndirilmişdir. Dövlət Əmlak Komitəsinə müraciət edib və onlar məktub göndərəcəyini və həmin məktuba cavab gəldikdən sonra əmlakı satıb borcu ödəyə biləcəklərini bildirdilər. Məhkəmən ərizənin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Azərbaycan Milli X1 heyəti aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. AMEA xxxx MMC-yə Maraqlı şəxs direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edilmişdir. Hal-hazırda vəzifəsindən azad edilmişdir. Müəssisə ləğv etmə prosesindədir. Vergi sistemindən maraqlı şəxsin adının çıxardılması ilə bağlı bir sıra tədbirlər görürlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs “xxxxı" MMC-nin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1983-cü il tarixdə Ucar rayonunda doğulmuş Maraqlı şəxs Ucar ray., Şahlıq kəndi ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “xxxxı" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “xxxxı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Milli X1 Heyəti tərəfindən verilən 22/4 nömrəli, xx.xx.2024cü il tarixli “Milli Elmlər Akademiyasının nəzdində olan "xxxx" MMC-nin ləğvi və ləğvi ilə bağlı komissiyanın yaradılması haqqında” qərardan görünür ki, Milli Elmlər Akademiyasının nəzdində olan "xxxx" MMC-nin ləğv edilmiş və ləğvi ilə bağlı ləğvetmə komissiyası yaradılmışdır. AMEA-nın X9 Sosial Xidmətlər şöbəsinin müdir müavini Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Milli Elmlər Akademiyası tərəfindən verilən 330 nömrəli, xx.xx.2024-cü il tarixli əmr əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs vəzifəsinin icrasından azad edilməsini nəzərə alaraq onun adının reyestrdən çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 8-1/2-1373/2024 nömrəli məktubdan görünür ki, Milli Elmlər Akademiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsini nəzərə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Akademiyanın nəzdində olan "xxxx" MMC-nin real vəziyyətlərinə uyğun funksiyaları etibarı ilə bir-birinə yaxın olan digər dövlət qurumunun tabeliyinə keçirilməsi üçün köməklik göstərilməsində İqtisadiyyat Nazirliyindən xahiş edilmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən verilən 330 nömrəli, xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Milli Elmlər Akademiyası "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi haqqında əmrə əsasən AMEA-nın X9 Sosial Xidmətlər şöbəsinin müdir müavini Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinin icrasından azad edilmişdir. Əmrə əsasən AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü müvafiq akt tərtib edilməklə AMEA-nin X9 Sənədlərlə iş və protokol şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Əmr Azərbaycan Respublikası Milli Elmlər Akademiyası prezidenti tərəfindən təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən verilən 330 nömrəli, xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Milli Elmlər Akademiyası "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi haqqında əmrə əsasən AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Akedemiyanın nəzdində olan "xxxx" MMC-nin 1 ədəd möhürü AMEA-nın X9 Sosial Xidmətlər şöbəsinin müdir müavini Maraqlı şəxs tərəfindən AMEA-nin X9 Sənədlərlə iş və protokol şöbəsinin müdiri X6 təhvil verilmişdir. Həmin akt Maraqlı şəxs və X4 şəxsi imzası və qeyd olunan hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məslələri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” şirkətinin vəsaiti hesabına alınmış və ləğvetmə nəticəsində təmannasız imtina edilmiş payı olan bir sıra əmlakların hesabına onun vergi borclarının ödənilməsi məsələsinə baxılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məslələri Dövlət Xidmətindən xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məslələri Dövlət Xidmətinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq Milli Elmlər Akademiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Əmlak Məslələri Dövlət Xidməti tərəfindən müraciətdə göstərilən avadanlıqların rəqabətlilik və şəffaf şəraitdə satışının təşkili, habelə satışdan əldə olunacaq gəlir hesabına daha çox vəsaitin cəlb edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğvetmə Komissiyası ilə Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində olan “X5” PHŞ arasında bağlanacaq müqavilə əsasında həmin avadanlıqların qüvvədə olan qaydalara uyğun şəkildə hərrac vasitəsi ilə satılması təklif edilmişdir. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilən qiymətləndirmə rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan əmlakların ümumi rela bazar dəyəri 53400 manat təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrnə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən Milli Elmlər Akademiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsini nəzərə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Akademiyanın nəzdində olan "xxxx" MMC-nin real vəziyyətlərinə uyğun funksiyaları etibarı ilə bir-birinə yaxın olan digər dövlət qurumunun tabeliyinə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən verilən 330 nömrəli, xx.xx.2024-cü il tarixli əmrə əsasən AMEA-nın X9 Sosial Xidmətlər şöbəsinin müdir müavini Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinin icrasından azad edilmişdir. Əmrə əsasən AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü müvafiq akt tərtib edilməklə AMEA-nin X9 Sənədlərlə iş və protokol şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Əmr Azərbaycan Respublikası Milli Elmlər Akademiyası prezidenti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” şirkətinin vəsaiti hesabına alınmış və ləğvetmə nəticəsində təmannasız imtina edilmiş payı olan bir sıra əmlakların hesabına onun vergi borclarının ödənilməsi məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Milli Elmlər Akademiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən Əmlak Məslələri Dövlət Xidməti tərəfindən müraciətdə göstərilən avadanlıqların rəqabətlilik və şəffaf şəraitdə satışının təşkili, habelə satışdan əldə olunacaq gəlir hesabına daha çox vəsaitin cəlb edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğvetmə Komissiyası ilə Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində olan “X5” PHŞ arasında bağlanacaq müqavilə əsasında həmin avadanlıqların qüvvədə olan qaydalara uyğun şəkildə hərrac vasitəsi ilə satılması təklif edilmişdir. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilən qiymətləndirmə rəyinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan əmlakların ümumi real bazar dəyəri 53400 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğvetmə prosesindədir. Onun rəhbəri Maraqlı şəxs Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının əmrinə əsasən vəzifəsindən azad edilmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərmir, onun fəaliyyəti ilə bağlı öhdəliklərin icrasını da ləğvedici hüquqi şəxs həyata keçirir. Bu səbəbdən də Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması gözlənilən nəticəni verməyəcəkdir. Bundan başqa Əmlak Məslələri Dövlət Xidməti tərəfindən müraciətdə göstərilən avadanlıqların rəqabətlilik və şəffaf şəraitdə satışının təşkili, habelə satışdan əldə olunacaq gəlir hesabına daha çox vəsaitin cəlb edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğvetmə Komissiyası ilə Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində olan “X3” PHŞ arasında bağlanacaq müqavilə əsasında həmin avadanlıqların qüvvədə olan qaydalara uyğun şəkildə hərrac vasitəsi ilə satılması təklif edilmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, hazırkı iş üzrə ərizəçi olan vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi nəticəsində onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) müəyyən olunmur. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi nəticəsində onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, üzərinə həbsin qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Eyni zamanda, maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Məhkəmə həmçinin vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullardan hansından istifadə edilməsinin vergi orqanının hüququ kimi müəyyən edilməsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə bir müddəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bundan başqa, BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı Ümumi Xarakterli qeydlərdə göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstəribgöstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128). “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. “Battista İtaliyaya qarşı” iş üzrə 2014-cü il 2 dekabr tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub olmadığını nəzərə almadan borcunu ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsi Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında isə göstərmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə maraqlı şəxs barəsində Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun görülmüş ilkin xarakterli tədbirlərin nəticələri barədə iş materiallarında məlumat yoxdur. Belə ki, fiziki şəxsin əmlakını siyahıya alıb, həmin tədbiri effektiv tətbiq etmədən (məsələn, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış ticarət şəbəkələrində satılması barədə qərarın icrası), tükətmədən birbaşa həmin şəxsin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir və legitim məqsədgüdmür. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Lakin vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi tərəfindən əhəmiyyətli dərəcədə ödənişlər edildiyi nəzərə alındıqda fərdi sahibkarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, fiziki şəxsin konstitusion hüququnun məhdudlaşdırılması müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi standartları çərçivəsində tətbiq oluna bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda vergi borcunun alınması ilə bağlı Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutların verilməsi görünmür. Bu səbəbdən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. İş üzrə ödənilməmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-1151/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1151/2025
20.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver